“Azərbaycanda ssenaristlər deyil, özünə ssenarist deyənlər çoxdur”

13:20 - 26 Dekabr 2017 - Müsahibə

Ələkbər Əliyev: “Yazdığım zarafatlar mənim balalarımdır”

“Artıq bizdə kino biznes sözü yaranıb. Azərbaycan bazarına ildə 10 komediya verilsə, bunların 70-80 faizi maraqla qarşılanar, gəlir gətirər. Yox əgər ilə 10 kinoluq bazara 20-25 kino buraxılsa, bu hamıya zərər verər. Bazarda elə kinolar var ki, onların daim tamaşaçısı var”- bu sözləri bizimlə söhbətində redaksiyamızın qonağı olan “Planet Parni iz Baku” KVN teatrının aktyoru və ssenaristi Ələkbər Əliyev dedi. Ssenarist deyir ki, əgər bir adam bir dəfə, iki dəfə kino çəkir və bu maraqla qarşılanmırsa, o bazardan çəkilməlidir. Ə.Əliyevin bu və ya digər fikirlərinin əks olunduğu müsahibəsini sizlərə təqdim edirik.

- Bir il əvvəl yazmısınız ki, “41 yaşım var, ən böyük istəyim odur ki, müəyyən yaşa çatanda geriyə dönüb baxdıqda yaxşı xatirələr görüm”. Hazırda bunun üçün nələr edirsiniz?
- Bəli, bu mənim həyat missiyamdır. Çox gözəl bir sual var, biz nə üçün yaşayırıq? Hər kəsin buna uyğun öz cavabı var. Amma mən düşünürəm ki, biz xatirələr üçün yaşayırıq. Yəni, müəyyən yaşa çatanda geriyə baxanda gözəl xatirələrimiz olsun. İnsan yaşlandıqdan sonra xatirələrdən başqa heç nəyin- pulun, var dövlətin mənası qalmır. Bunun üçün də çalışıram ki, heç kimə pislik etməyim, öz işimlə məşğul olum, insanlara təbəssüm bəxş edim. Mən özümü çox xoşbəxt hiss edirəm ki, mənim işim insanlara təbəssüm bəxş etməkdir. Ətrafımdakı insanların gülməsi mənim xoşuma gəlir. Zarafat edən zaman yanımdakı adam güləndə çox böyük zövq alıram.

- 18 yaşınıza qədər utancaq biri olduğunuzu demisiniz. Bəs o utancaqlığı aşıb istədiyiniz kimi bu sənətə başlamaq nə qədər vaxtınızı aldı? Necə oldu? 
- Bunun necə olduğunu özüm də başa düşmədim. Yəqin Allahın mənə yazığı gəlib: “Qoy bu bəndəmin də cəmiyyətə bir faydası toxunsun” (gülür). KVN-ə təzə başlayan vaxtlarda,  düz 3 il zarafatlar yazırdım. Zarafatlarıma görə komandada mənə nifrət edirdilər. Deyirdilər ki, bu zarafatları yazma, gətirmə, sənlik deyil. Özüm də indi o zarafatları yadıma salanda utanıram. Amma bir tərəfdən də utanmıram, çünki insan yıxıla-yıxıla öyrənir.

- Aktyor və rejissorlar 40 yaşında artıq böyük bir yol keçmiş olurlar. Təbii ki, sizin də işləriniz göz önündədir. Amma maraqlıdır, siz özünüz bu keçdiyiniz yolu necə  qiymətləndirirsiniz? 
- Mən özümü aktyor saymıram. Əgər mən özümə aktyor desəm, ömürlərini, həyatlarını bu işə həsr edən insanların haqqına girmiş olaram. Mənim üçün aktyorluq hobbidir. Bir neçə rolum var ki, rejissorların xoşuna gəlir. Əsas işim komediyadır, məni dramaya dəvət etsələr çox güman ki, oynamaram. Düzdür, bir dəfə serialda dramatik rol oynamışam. Rusiyada çəkildiyim dramatik kinoların birində də psixopat cəsus rolunu oynayırdım. 2-3-cü seriyadan başlayaraq zarafatlar etməyə başladım. Rejissor məni çağırıb dedi ki, Alik, bura KVN deyil, ciddi serialdır. Daha sonra serialın prodüsseri montaj zamanı mənim zarafatlarımı sildi.  Sonra gəlib mənə dedi ki, sənin obrazında dəyişiklik edəcəklər, çünki səndə zarafat daha yaxşı alınır. Mənə tərəf-müqabil bir nəfər verdilər, onunla mənim səhnəm olanda hər kəs bütün işlərini atır və bizim zarafatlarımıza tamaşa edirdilər. 

Ssenarist kimi isə artıq Azərbaycanda özümü isbat etmiş adamam. Çünki mən illərdir bu işlə məşğulam, yazıram. Çoxları bəzi vinelər (videorolik) və kinoları mənim yazdığımı bilmirlər. Mən futbola gedəndə sağda-solda oturan insanların KVN-də olan sözləri işlətmələri, bu sözlərin insanların dilində gəzməsi mənə çox xoş təsir edir və gülümsəyirəm. Kurtkamın papağını taxıram deyə onlar məni görmürlər. Yazdığım zarafatlar mənim balalarımdır. Mənim burada işlətdiyim zarafatları Rusiya kanallarında görmüşəm. Etdiyim zarafatları başqaları rahatlıqla götürüb işlədə bilər. Hətta 2000-ci ildə öz komandamız üçün bir səhnəcik fikirləşmişdim, onu biz istifadə etmədik. 3-4 ildən sonra dostum Cavid Qurbanov həmin səhnəciyi  Rusiyada Tümen komandasına verdi və orada çıxdı. Bir neçə oyundan sonra münsiflərdən biri qalxıb dedi ki, bizim KVN-ə Tümen komandasındakı “Taburetkalar üstündə Tanqo” kimi səhnəciklər lazımdır.

- İlk olaraq işə necə başladınız? Bunun maraqlı tarixçəsi varmı?
- Evdə oturub televizora baxırdım, KVN-nin Moskvada “Parni iz Baku” komandası oynayırdı. Bu verilişi görəndən sonra heç səhərə kimi yatmadım. Bu komandaya düşməklə bağlı heç ümidim yox idi. Amma təsadüf nəticəsində elə oldu ki, bu komandaya qəbul olundum. Mənim ətrafımdakılar bu işi buraxıb getdilər, lakin mən davam etdim və bu səviyyəyə qədər gəlib çatdım. Bu hamı üçün keçərlidir. Çox istedadlı, bacarıqlı gənclər tanıyıram. Onlar düşünürlər ki, “Planet Parni iz Baku”ya işə götürməzlər. Xeyr, bizim məqsədimiz odur ki, gənclərə dəstək verək. Azərbaycanda istənilən şəxs teatrın yaradıcılıq işində iştirak etmək üçün mənim nömrəmi tapıb zəng edə bilər. Əvvəllər bizim “Şən Nar” yumor kuboku adlı televiziya layihəmiz var idi. Bu layidə iştirak edən gənclərin bir çoxu bu gün müxtəlif televiziyalarda işləyirlər. Bu, ancaq ekranda görünən insanlar aid deyil. Onlar həm də vinerlər, ssenaristlər, rejissorlar, operatorlar kimi çalışırlar. “Planet Parni iz Baku” yeganə qurumdur ki, gənclərə bu kimi dəstəkləri göstərir. İstedad varsa, gənclərə kömək etmək lazımdır. Mən bir neçə adam tanıyıram ki, istedadı olsa da vaxtilə onlara kömək, dəstək göstərilməyib.

- Ssenarist və aktyor... hər ikisi maraqlı sahədir. Sima olaraq biri arxa planda, digəri isə ön planda olur. Siz bu iki sənəti daha hansı cəhətlərinə görə fərqləndirirsiniz? 
- Mənim ssenari yazmağımla hansısa bir rolumu bir tərəziyə qoysaq, ssenarist qat-qat daha ağır gələr. Aktyor nədir? Aktyora bir rol verirlər, onu oynayır. Ssenarist isə kompüter arxasında oturub bütün imperiyanı oynadır. Ssenarist tamam başqa aləmdir, özü istədiyi dünyanı yaradır. Ssenarist öz fantaziyalarını insanlara çatdıran adamdır. Ona görə ssenarist daha çətin və maraqlıdır.

- Bu gün ssenari yazan çoxdur. Serialların sayəsində aktyor kimi özünü sınayanların da sayı getdikcə artır. Bəzən deyirlər ki, bacarıq əsasdır. Lakin təhsilin  də vacib olduğunu deyənlər çoxdur. Bəs siz bu barədə nə düşünürsünüz? 
- Ssenaristin ilk növbədə talantı, daha sonra təhsili olmalıdır. Mən niyə görə, ilk vaxtlar zarafat yazanda qəbul etmirdilər? Lakin sonradan bir mahnı yazdım və o maraqla qarşılandı, “partlatdı”.  Çünki o birilər kimi yazmadım, kitablar oxudum, işin strukturunu öyrəndim. İndi Azərbaycanda ssenaristlər deyil, özünə ssenarist deyənlər çoxdur. Həmin adama filan kitabı oxumasan deyəndə cavab verir ki, əşi nəyimə lazımdır? Onsuz mənim serialım qəbul olunur. Amma başa düşmür ki, uğur onun ssenarisi deyil, aktyorun klounluğudur. Çətin deyil, strukturu bilmək üçün sadəcə 3-4 kitab oxumaq lazımdır. Bu yaxınlarda Hindistanlı riyaziyyatçı Ramanucana haqqında bir kinoya baxdım. O istənilən riyazi misallara baxan kimi cavabını avtomatik deyirdi. İngiltərəyə , Kembri universetinə getdi, lakin onu qəbul etmədilər. Dedilər ki, cavabı bilmək kifayət deyil, bu cavabı başa salmağı bacarmalısan. Sistemi bilmirsənsə, işi görə bilməzsən. Həmin insan istedadına baxmayaraq sistemi tam başdan öyrəndi. Ssenaristlik də elədir. Mən Azərbaycanda istedadlı ssenaristlər üçün kurslar təşkil etmək istəyirəm. Bununla bağlı mənə artıq 15-20 nəfər müraciət edib.

- Fəaliyyət göstərdiyiniz sahələr üzrə təhsil almısınız?
- Mən hüquq fakültəsində oxuyurdum, amma üçüncü kursdan təhsilimi  davam etdirmədim. Çünki iki seçimim var idi, ya hüquq, ya da KVN. Cibimdəki avtobus pulla ya KVN-nın məşqinə, ya da instituta gedə bilərdim. Mən KVN-i seçirdim, elə nə yaxşı da ki, onu seçmişəm. Tələbəliyim 90-cı illərin əvvəllərinə düşüb, həmin vaxtı özümdə hüquq sahəsində perspktiv görmürdüm. İndi sevdiyim işlə məşğulam. Məndən yaxşı hüquqşünas olmazdı, əgər mən prokuror olsaydım hər kəsi məhkəmə zalından buraxacaqdım ki, çıxın gedin (Gülür).

- Bir müddət kino sahəsində durğunluq oldu. Amma indi el dili ilə desək “hamı çəkir”. İmkanı olanlar kino, serial, olmayanlar isə sosial şəbəkənin imkanlarından istifadə edərək nələrsə çəkib yayımlayırlar. Durğunluqdan sonrakı bu dövrü necə qiymətləndirirsiniz?  
- Çox yaxşı qiymətləndirirəm, çünki filmləri çəkilməsi çox yaxşı haldır. Etiraf edim ki, hazırda bizdə komediya janrında daha yaxşı filmlər çəkilir. Ciddi filmlər də var, amma bu filmlər o qədər də yaxşı alınmır. Bu. “Pərdə-2” filminə aid deyil. Dram janrında ola filmlərdə düzgün struktur seçilmir. Rejissordan rejissora da fərq var. Bəzi rejissorlar aktyora sərbəstlik verir, bəziləri isə istiqamət verir ki, mənə bu lazımdır. Təəssüf ki, bizdə istiqamət verən rejissorlar çox azdır. Azərbaycanın çox gözəl kastinq sistemi var. Amma bu yaxınlarda yenə kinolarda durğunluq olacaq. Çünki hər şeyin özünün bir inkişaf yolu var. Bizdə bu yola fikir verən yoxdur. Artıq bizdə kino biznes sözü yaranıb. Bunun müəyyən bir potensialı var. Azərbaycan bazarına ildə 10 komediya verilsə, bunların 70-80 faizi qazanar. Yox, əgər ilə 10 kinoluq bazara 20-25 kino buraxılsa bu hamıya zərər var. Bazarda elə  kinolar var ki, onların daim tamaşaçısı var. Məsələn, “Bozbash pictures”, “Planet Parni iz Baku” ildə bir dəfə kino çəkir və çox rahat şəkildə tamaşaçı marağına səbb olacağına əmindirlər. Əgər bir adam bir dəfə, iki dəfə kino çəkdi və tutmadısa, bu adam bazardan çəkilməlidir. Fikrimcə, şura yaradılmaldır və filmlər yayımlanmazdan əvvəl həmin şura o filmə  baxmalı və qərar verməlidir ki, bu filmi yayımlamaq olar, ya yox. Bu yaxınlarda hay-haray düşdü ki, türklər bizdən serial oğurlayıb. Bəs bizimkilər türklərdən nə qədər  seriyalar oğurlayıb? Sən oğurlayırsansa, səndən də oğurlayacaqlar. Amma şura olsa, əvvəlcədən kinoya baxar və oğurluqdursa, yayımlanmasına icazə verməz. Bundan sonra kinoların səviyyəsi də, insanların kinoteatrlara axını da qalxar. Bizim kinoteatrlar da işlərini düzgün qursalar yaxşı olar. “Park cinema”da göstərən filmləri “Cinema plus” göstərmir. Mən gedib əziyyətlə pul tapıb kino çəkmişəm. Onların arasındakı söz-söhbətə görə mənim qazanacağım pulun 50 faizini itirirəm. Kinoteatr isə qazandığını qazanır.

- Qarşıdakı il üçün planınızda nələr var? 
- 2018-ci il üçün ən böyük planım 2019-cu ilə sağ-salamat çıxmaqdır. (gülür) Fevral ayının 1-də “Bəxt üzüyü-2” filminin premyerası var. Başqaları kiminsə ayağının altını qazımaqla məşğul olduğu zaman biz “Planet Parni iz Baku” komandası olaraq Rusiya ilə birgə gözəl bir film çəkmişik. May ayında həmin filmin premyerası var. Rusiyanın məşhur aktyorları – Pavel Priluçnıy, İrina Starşenbaum, Timofey Tribunsevin baş rol aldığı filmin 90 faizi Bakıda çəkilib. Özüm filmdə kütləvi səhnələrin rejissoru kimi işləmişəm. Mən kadrlara baxanda Bakı şəhərinin gözəlliyindən zövq alıram. Bu film turzim üçün çox müsbət hadisə olacaq. Bizi gözləyən insanlar heç narahat olmasınlar, yerli televiziyalarda olmasaq da, kinoteatrlarda və başqa ölkələrin televiziyasında olacağıq.

Könül Əhmədova


Xəbər xətti