Litvada Azərbaycan diaspor təşkilatları silsilə tədbirlər həyata keçirməyə başlayıb

18:32 - 25 Dekabr 2017 - KİVDF

Layihənin əsas hissəsi 1918-ci ildə əsası qoyulmuş müstəqil Azərbaycan-Litva dövlətlərarası əlaqələri müstəvisində gerçəkləşdirilir

 
Azərbaycan - Litva münasibətlərinin qurulub inkişaf etdirilməsində bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarımızın da müstəsna rolu var desək yanılmarıq. Xüsusilə, bu sıraya Litva Azərbaycanlıları Cəmiyyətininin fəaliyyətini tam əminliklə aid etmək olar. Artıq bu cəmiyyət də daxil olmaqla  diaspora təşkilatları Azərbaycan Xalq Cümhuriyyətinin qarşıdan gələn 100 illik yubileyi münasibətilə Litvada silsilə tədbirlərin həyata keçirilməsinə başlayıb. Litva Azərbaycanlıları Cəmiyyətinin bununla bağlı hazırladığı layihə çərşivəsində Vilnüsdə Beynəlxalq elmi konfransın və xüsusi bayram mərasiminin təşkili, foto və tarixi sənədlərdən ibarət səyyar sərgilərin nümayişi, elmi müzakirələrin və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.

 Layihənin əsas hissəsi 1918-ci ildə əsası qoyulmuş müstəqil Azərbaycan-Litva dövlətlərarası əlaqələri müstəvisində gerçəkləşdirilir. Bu istiqamətdə bir sıra tədbirlər artıq həyata keçirilib.  Oktyabr ayında Litvanın Varena rayonu Merkine qəsəbəsindəki Vintsas Kreve adına gimnaziyada Litva dövlətinin bərpa edilməsinin qarşıdan gələn 100 illik yubileyinə və Litva ədəbiyyatının məşhur klassiki, 1909-1920-ci illərdə Bakı 1-ci realnı məktəbinin  müəllimi və 1919-1920-ci illərdə Litva dövlətinin Azərbaycan Xalq Cümhuriyyətindəki ilk konsulu olmuş Vintsas Kreve-Mitskəviçyusun anadan olmasının 135 illiyinə həsr olunmuş elmi konfrans keçirilib. Litva Ədəbiyyatı və Folkloru İnstitutu tərəfindən milli dil, ədəbiyyat və tarixi üzrə pedaqoji mütəxəssislər üçün təşkil olunmuş bu konfransda Azərbaycan və Baltik xalqlarının ədəbi, mədəni, tarixi və ictimai-siyasi əlaqələrinin tanınmış tədqiqatçısı, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev 1918-1922-ci illərdə Litva-Azərbaycan dövlətlərarası münasibətləri və V. Kreve-Mitskəviçyusun Bakıdakı diplomatik fəaliyyəti ilə bağlı çıxış edib.

 Daha sonra bu mövzunun davamı olaraq Litvanın “Delfi” xəbərlər portalında Mahir Həmzəyevin rus dilində hazırladığı “Litvanın Bakıdakı konsulu V. Krevenin verdiyi “həyat vizaları” başlıqlı tarixi essesi dərc olunub. Esse həmçinin, litvaca nəşr edilən nüfuzlu “Kulturos barai” jurnalında da çap edilib. 

 Bundan başqa, Litva Yazıçılar İttifaqının “Metai” aylıq bədii dərgisinin 2017-ci ilin noyabr-dekabr aylarında çapdan çıxmış 11-ci və 12-ci saylarında Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Mahir Həmzəyevin bu mövzuda daha bir geniş tədqiqat işi – litvalı yazıçı, dramaturq, pedaqoq və konsul Vintsas Krevenin Cümhuriyyət dövründə Bakı şəhər Dumasının üzvü və Litva konsulu olaraq burada göstərdiyi ictimai-siyasi, kulturoloji və təşkilati fəaliyyəti haqqında tarixi oçerkləri dərc olunub. Tədqiqatın növbəti hissəsi jurnalın 2018-ci ilin yanvar buraxılışınd işıq üzü görəcək. Həmçinin, bu materiallarla bağlı Vilnüsdə Litva Yazıçılar İttifaqının klubunda ölkənin yaradıcılıq ittifaqları və akademik dairələri təmsilçilərinin iştirakilə gələn ilin yanvar ayında dəyirmi masanın keçirilməsi və ətraflı fikir mübadiləsi çərçivəsində tarixi-kulturoloji müzakirələrin aparılması planlaşdırılır.    
Bu tədbirlərlə yanaşı eyni zamanda həm də Facebook sosial şəbəkəsində Litva ictimaiyyətini Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və fəaliyyəti, eləcə də həmin dövr Litva-Azərbaycan dövlətlərarası münasibətlərinin tarixi ilə bağlı məlumatlandırma və maarifləndirmə işləri həyata keçirilir.

 Qeyd edək ki, Litva Azərbaycanlıları Cəmiyyəti Azərbaycanın haqq səsinin Litva ictimaiyyətinə çatdırılması istiqamətində bir sıra mühüm tədbirlər və layihələr də həyata keçirir. Sevindirici haldır ki, Cəmiyyətin həyata keçirdiyi tədbirlər öz uğurlu nəticələri ilə həm Litvada, həm də Azərbaycanda yadda qalıb. Hazırda da Litva Azərbaycanlıları Cəmiyyəti qeyd edilən istiqamətdə mühüm fəaliyyətini davam etdirir və bu gün Litvada Azərbaycana qarşı olan təxribatların, erməni diasporunun və ermənipərəst Litva ictimai-siyasi qüvvələrinin Azərbaycana qarşı dağıdıcı fəaliyyətinin qarşısının alınması istiqamətində konstruktiv fəallıq nümayiş etdirərək faydalı nəticələrə imza atır. Azərbaycan əleyhinə yönəlmiş təxribatların qarşısını almaq sahəsində Litva Azərbaycanlıları Cəmiyyətinin fəaliyyəti təqdirə layiqdir.
Cəmiyyət Litvadakı ermənilərin və ermənipərəst qüvvələrin yalan təbliğatının qarşısını almaq və Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin yayılması istiqamətində aparılan işləri gücləndirilib. Ermənistanın işğal etdiyi Azərbaycan ərazisində yaratdığı oyuncaq “dövlət” qurumunun beynəlxalq səviyyədə tanınmasının qarşısını alır. Hər cür vasitəyə əl atan ermənilərin qara fitnə-fəsadları vaxtında layiqli cavabını alır. Məsələn, Litva Seymində 12 nəfər məsuliyyətsiz millət vəkili “Dağlıq Qarabağla parlament dostluq qrupunu” yaratdıqlarını bəyan etməsi kəskin etirazla qarşılandı. Litva parlament üzvlərinin bu cür dağıdıcı fəaliyyətini tamamilə zərərsizləşdirmək və üzdəniraq “dostluq qrupu”nun ləğv edilməsi məqsədilə Litva Azərbaycanlıları Cəmiyyəti və Litva-Azərbaycan Assosiasiyası tərəfindən birgə tədbirlər görüldü. Bu tədbirlər çərçivəsində müvafiq qurumlara və təşkilatlara müraciətlər edilməsi, etiraz məktubları ünvanlanması və görüşlər keçirilməsi ilə yanaşı, yerli kütləvi informasiya vasitələrində müxtəlif dillərdə bəyanatlar yayımlandı, müsahibə və məqalələr dərc etdirildi.
Litva Azərbaycanlıları Cəmiyyətinin təşəbbüsü və dəstəyi ilə çap olunmuş yazılardan biri də tarixçi və ictimai xadim, Litva-Azərbaycan Assosiasiyasının prezidenti İmantas Melyanasın “Tarixçinin elmi səviyyəsi və siyasətçinin vicdan saflığı haqqında fikirlər” adlı məqaləsi idi. Litvanın müxtəlif xəbərlər portalında litvaca yer almış bu yazıda ermənipərəst Litva tarixçisi və siyasət adamı Algis Kaşetanın “1988-1991-ci illərdə Litva və Ermənistan, eləcə də  Dağlıq Qarabağ milli azadlıq hərəkatlarının bir-birinə oxşarlığı” mövzusunda bu ilin mart ayında Litvanın  internet qəzetində dərc etdirdiyi analitik məqaləyə tutarlı cavab verildi.

 Məqalədə təqdim olunan tarixi faktlar və paralellər, ictimai-siyasi tutuşdurmalar, analitik ümumiləşdirmələr  və məntiqi nəticələr litvalı siyasətçilər və elm adamlarının böyük qismi tərəfindən çox müsbət qarşılandı, həmçinin geniş ictimaiyyət dairələrində yaxşı dəyərləndirildi. Yazı ilə bağlı Litva mətbuatında dərc olunmuş şərhlərdə İ.Melyanasın intellektual səviyyəsi, geniş dünyagörüşü və vətəndaş cəsarəti yüksək qiymətləndirildi. Bu məqalə litvalı ermənipərəst tarixçi A.Kaşetaya və Seymdə fəaliyyət göstərən “Dağlıq Qarabağla parlament dostluq qrupu” üzvlərinə tutarlı cavab olaraq nəticə etibarilə onları susdurdu.
Bildirək ki, Azərbaycan diasporası bir sıra sərgilərdə də Azərbaycanı layiqincə təmsil edirlər. Məsələn, Litva parlamentində təşkil olunan milli icmaların sərgisində Azərbaycan da təmsil olunub. “Litva milli icmaları: tarixin yolları ilə” adlı sərgidə iyirmi milli icmanın yaranma tarixi, bu ölkədə təşəkkül tapmalarının ictimai-siyasi şəraiti, mədəniyyəti, maddi irsi və bugünkü fəaliyyəti haqqında bilgilər və fotogörüntülər yer alıb. 

 Sərgidə Litva azərbaycanlılarına həsr olunmuş stend qurulub. Sərginin açılışında Seymin deputatı Vitautas Yuzapaytis, Milli Azlıqlar Departamentinin nümayəndəsi Arturas Zapolkis, milli icmaların rəhbərləri, o cümlədən Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev iştirak edib. 
Tədbirdə çıxış edənlər Litvada yaşayan icmaların, o cümlədən azərbaycanlıların ölkənin inkişafına verdiyi töhfələr qeyd olunub. Bildirilib ki, bu xalqlar öz milli xüsusiyyəti, yaradıcılığı, incəsənəti və tarixi ilə ölkənin tərəqqisinə dəstək verir. Qeyd edilib ki, hazırda Litvada 250-dən çox xalqın nümayəndəsi yaşayır və onların fəaliyyət dairəsi çox genişdir. Bu xalqlar ölkənin mədəniyyət, iqtisadiyyat, təhsil və digər sferalarında təmsil olunur. Ölkənin müstəqilliyinin qazanılmasında da milli icmaların rolu xüsusi qeyd edilib.

Xəbər xətti