Gəncə Dövlət Filarmoniyasında ilk konsert proqramı təşkil edilib

15:58 - 22 Dekabr 2017 - Mədəniyyət

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə konsert təşkil olunub. Konsertdən öncə qonaqlar Heydər Əliyevin Gəncə şəhərinin Baş Meydanında yerləşən abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
 

Ucnoqta.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, konsert proqramında Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev, Azərbaycanın Rusiyadakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlu, xarici qonaqlar və şəhər ictimaiyyəti iştirak edib.
 

Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev konsert iştirakçılarını salamlayaraq əlamətdar gün münasibəti ilə təbriklərini çatdırıb. Şəhər rəhbəri qeyd edib ki, ölkə rəhbəri İlham Əliyevin və Azərbaycanın Birinci Vitse Prezidenti Mehriban Əliyevanın Nizami yurduna olan diqqət və qayğısı nəticəsində Gəncə Dövlət Filarmoniyası öz fəaliyyətinə başlayıb. Elmar Vəliyev Gəncə Dövlət Flarmoniyasında yerli və eləcə də, dünyanın tanınmış incəsənət xadimlərinin konsertlərinin təşkil olunacağını bildirib. 
 

Azərbaycanın Rusiyadakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlu konsert iştirakçılarını salamlayaraq Gəncə Dövlət Filarmoniyasında keçirilən konsertin tarixi gün olduğunu bildirərək, Prezident İlham Əliyevə öz təşəkkürünü bildirib.
 

Sonra Prezident İlham Əliyevin imzaladığı sərəncam əsasən Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan şəxslərə vəsiqələr təqdim edilib.
 

Rəsmi hissənin ardınca konsert proqramına start verilib. Konsertdə xalq artisti Rafael Bayramovun dirijorluğu ilə "Gəncə Dövlət Kamera Orkestrı", Gəncə Dövlət Filarmoniyasının direktoru, xalq artisti Samir Cəfərov, əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, “Göygöl Dövlət Mahnı və Rəqs Ansamblı”, ifaçılar Samir Məmmədov, Elvin Pişnəmazadə, Həmid Məmmədov, Rusiya Federasiyasının Dövlət Akademik Böyük Teatrının solistləri və başqaları musiqi proqramları ilə çıxış ediblər.

Konsert xalq artisti Samir Cəfərovun ifa etdiyi “Xalq Heydər söyləyəcək” nəğməsi ilə yekunlaşıb.


Xəbər xətti