Ana səhifə
21 Aprel 2018

"Skylife" jurnalında paytaxtımız haqqında məqalə - FOTO

“Türk Hava Yolları” təyyarələrində sərnişinlərə təqdim olunan “Skylife” jurnalının 2017-ci il dekabr sayında paytaxtımız haqqında geniş məqalə dərc olunub. Türk və ingilis dillərində nəşr olunan jurnalda Bakının tarixi və müasir mənzərəsi öz əksini tapıb.
 

Ucnoqta.az Trend-ə istinadən bildirir ki, “Bakının ulduzu parlayır” adlanan məqalədə paytaxtımızda tarix və müasirliyin, Qərb və Şərq memarlığının harmoniya təşkil etdiyi vurğulanır. Bir tərəfdə “küləklər şəhəri”nin tarixi hissəsi - UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilən İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı kimi tarixi memarlıq abidələri, digər tərəfdə qaynar həyatı ilə heç də Avropa şəhərlərindən geri qalmayan müasir Bakıdan söz açılır: “Sovetlərdən sonra, 1991-ci ildə müstəqillik əldə edən Azərbaycan bir daha keçmişə dönmədi. Neft və qaz ehtiyatlarının ixracı ilə ölkədə rifah səviyyəsi yüksəldi. Bakı şəhəri həm mədəni, həm də iqtisadi cəhətdən inkişaf yoluna qədəm qoydu”.
 

Yazıda şəhərin keçmişinə, tarixi İpək Yolu üzərində yerləşməsinə, qədim ticarət və mədəniyyət mərkəzi kimi tanınmasına da geniş yer verilir. Tarix boyu öz zənginliyi ilə seçilən Bakının yadelli işğalçıların hücumlarından da yan keçmədiyi qeyd olunur.
 

Məqalədə gecələr Bakı küçələrinin əsrarəngiz göründüyündən bəhs edilir. Bakının mədəniyyət, incəsənət, elm və təhsil mərkəzi kimi Cənubi Qafqazın ən böyük şəhəri olduğu vurğulanır. Şəhərdəki mədəniyyət ocaqlarından, muzeylərdən söz açılır. Xarici turistlərin mütləq baş çəkməli olduğu məkanlar sırasında İçərişəhərlə yanaşı, Filarmoniya binası və digər ünvanlar göstərilir.
 

Qeyd edək ki, “Skylife” jurnalı hər ay 50 min tirajla çap olunur. Nəşr “Türk Hava Yolları”nın Türkiyədən dünyanın 113 ölkəsində, 284 hava limanına həyata keçirdiyi uçuşlar sırasında təqribən 250 min sərnişin tərəfindən oxunur. Əlavə olaraq 17 mindən çox “Miles & Smiles Elite Plus” kart sahibinin ev ünvanlarına göndərilir.

Tarix
22 Dekabr 2017 [22:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ