Rauf Əliyev: "İki ay əvvəl Albaniyadan qaçmaq istəyirdim"

12:35 - 21 Dekabr 2017 - İDMAN

“Kukesi”dən ayrılma səbəblərimlə bağlı Azərbaycana qayıtdıqdan sonra ətraflı məlumat verəcəyəm”.

Bunu “Report”a açıqlamasında Albaniyanın “Kukesi” klubu ilə yollarını ayıran azərbaycanlı futbolçusu Rauf Əliyev deyib.

28 yaşlı hücumçu ümidləri doğrultmadığını iddia edən komandanın baş məşqçisi Mladen Milinkoviçə də cavab verib: “Albaniyaya yeni gələndə hər şey yaxşı başlamışdı. Amma sonra elə şeylər baş verdi ki, iki ay əvvəl Albaniyadan qaçmaq istəyirdim. Elə bir vəziyyət yaranmışdı. Ancaq qaçmaq mümkün deyildi. Çünki iki ay futbolsuz qala bilərdim. Hər şeyə dözüb bu vaxta qədər dayandım. Elə şeylər gördüm ki, şoka düşdüm. Başıma oyunlar gəldi. Çox şey oldu. Ayrılmağım maliyyə məsələləri ilə bağlı deyil”.


FIFA-nın oyunçuların statusu və transferləri üzrə reqlamentinə əsasən, bir futbolçu eyni mövsümdə 3 klubda çıxış edə bilməz. Əliyev isə 2017/2018 mövsümündə “Kukesi”dən öncə “Keşlə”nin heyətində rəsmi oyuna çıxıb. Belə olan halda, hücumçunun qış transfer dövrü üçün üç variantı var: “Kukesi”də qalmaq, qalmaqallı şəkildə ayrıldığı “Keşlə”yə dönmək və çempionatı yaz-payız sistemi ilə keçirilən ölkəyə üz tutmaq.

Əliyev “Keşlə”yə dönə bilərsinizmi?” sualına belə cavab verib: “Albaniyada qalmağım mümkün deyil. Gələcək karyeram barədə heç nə deyə bilməyəcəyəm. Özüm də bilmirəm ki, necə olacaq”.

Qeyd edək ki, Rauf Əliyev bu ilin avqustunda “Kukesi” ilə bir illik müqavilə bağlayıb.

Xəbər xətti