“168 nəfərdən heç biri mənim gördüyüm işin üçdə birini görə bilmədi”

18:04 - 20 Dekabr 2017 - Müsahibə

Usta: “Pul önəmli deyil, əsas olan işi vaxtında, gözəl şəkildə təqdim etməkdir”

 “Uşaq vaxtı əlimdən gəlməyən iş yox idi. Hansı işi tapşırsalar, yerinə yetirirdim. “Yox” söz mənim üçün yad idi. Böyüklər gördüyü işə bircə dəfə baxmaqla yerinə yetirirdim, hətta onlardan yaxşı edirdim” – bu sözləri bizimlə söhbətində Səbail Rayonu ərazisində ayaqqabı təmiri ilə məşğul olan Fərman usta söylədi.

Artıq 40 ildir ki, ayaqqabı təmiri ilə məşğul olan müsahibimizi hər kəs Fərman usta kimi tanıyır, amma sən demə onun adı fərqliymiş. Adı Səttərxan, soyadı isə Müftiyevdir. Onunla söhbətə elə lap uşaqlıq illərindən başladıq.

“Sərbəst güləş üzrə 6 dəfə rayon çempionu olmuşam”

 
Səttərxan Müftiyev 1961-ci ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. Elə orta məktəbi də orada bitirib. Deyir ki, dərslərini orta səviyyədə oxuyub, əsasən idmana meyilli olub: “Məktəb vaxtında sərbəst güləş üzrə 6 dəfə rayon çempionu olmuşam. Yeniyetmələr arasında isə respublika üzrə ilk üçlükdə olmuşam. İkinci yerə çıxmağı özümə bağışlamırdım. Daha sonra sərbəst güləşdən samboya keçdim. Ailədə beş qardaş, iki bacı olmuşuq”.
Adı Səttərxan olduğu halda, bəs niyə Fərman usta kimi tanınır? Bu haqda da danışdı: “Əsl adımı əmim oğlu belə bilmirdi. Mən respublika üzrə çempionatda ilk üçlüyə düşəndə əmimoğlu gəlib atama deyib ki, oğlunun soyadı və rayonun adı çəkiləndə bir fərq olmadı, amma fərqli ad çəkdilər. Bizim soyadımıza çox az rast gəlinir. Nəslimizdə hamının adında “xan” sözü var. Nənəm mən anadan olan vaxt deyib ki, “Dərdlərə dərman, Fərman”. Atəm kənd sovetinə adımı yazdırmağa gedəndə sovetliyin katibi deyib ki, uşaqların hamısının adlarının sonu “xan” ilə bitir, bircə bunun adına “xan” sonluğu yasaq oldu? Atam da deyib ki, nəsildə adında “xan” sonluğu olmayan yoxdur. Bu zaman sovetliyin katibi də deyib ki, gəl uşağa Səttarxan adını qoyaq. Atam “yox” desə də sənədə Səttarxan yazıblar. Səttərxan adı ilə məni məktəbdə tanıyırdılar. Fərman adını nənəm qoyduğuna görə hamı məni bu adla çağırırdı. Hər iki adım mənə əzizdir. Nənəm isə elə bilirdi ki, sənəddə adım Fərmandı”.

“Bir səhər tez duran, bir də tez evlənən qazanar”

Fərman usta deyir ki, 20 yaşında ailə həyatı qurub. Çoxları tezdir desə də, onun üçün bu yaş evlənmək üçün normal yaşdır. Çünki işləyib çörək pulunu qazanırmış: “Atalarımız demişkən, bir səhər tez duran, bir də tez evlənən qazanar. İnsanlar oğlumla məni yanaşı görəndə deyirdilər ki, kiçik qardaşındır? İki oğlum var, ikisi də idmanla məşğul olub, lakin sonra başqa peşələrə yönəldilər. Mən həmişə oğullarıma deyirdim ki, dünya çempionu olmaq şərt deyil, əsas odur ki, yanındakı insanı - ananı, bacını, yaxınını qorumaq gücünə sahib olasan. Oğlanlarımın hərbi xidmətə çağrılmasına 4 ay qalmış, onları hərbi xidmətə hazırladım. Yeməkləri, yuxu rejimlərini əgərlikdə olduğu kimi idi, hər səhər turnikdə 40 dəfə  dartınırdılar. Artıq onlar hərbi xidmətə gedəndə heç bir çətinlikləri olmadı, çünki əvvəlcədən tam hazırlıqlı idilər. Övladlarıma həmişə deyirdim ki, nə badə özündən gücsüzə güc göstərəsiniz...”.

“Əgər işi yaxşı görsəniz 5 manat verəcəm, amma…”

Fərman usta deyir ki, milis (polis) məktəbində oxumaq adı ilə Yekaterinburqa getsə də, peşə məktəbini seçib: “Peşə məktəbini seçməyimin səbəbi isə bacarığımın olması idi. Bir dəfə ayaqqabı fabrikində işləyərkən qismətimdən işçi qızlardan biri gəldi ki, bir sifariş var, amma ayaqqabı boyayan işçi gəlməyib. Heç kim bu sifarişi qəbul etmir. Buna müştərinin şərti səbəb idi. Şərtdə deyilirdi: “Əgər işi yaxşı görsəniz 5 manat verəcəm, pis görsəniz 25 manat tələb edəcəyəm”. İşçilərdən heç kim işi götürməyə ürək etmədi. Mən dedim ki, bu işi başqalarından daha keyfiyyətli görə bilərəm. Amma mənim bacarığıma şübhə edənlər də oldu. “Sən get işinlə məşğul ol, boya işi hara, sən hara...” Bu sözlərə baxmayaraq sözümdən dönmədim: “Əgər keyfiyyətli iş görməsəm 25 manatı özüm verəcəm”. Beləliklə, işi üstümə götürdüm. Rəngləri bir-birinə qatıb, həmin rəngi aldım və ayaqqabını boyadım. Bütün sex mənə tamaşa edirdi. Müştəri işimi bəyəndikdən sonar sexin rəhbərinə dedim ki, mənə işləmək üçün yer verin oturub işləyim. Sex rəisi sənəti yaxşı öyrənmək üçün peşə məktəbində oxumağımı məsləhət gördü. Məktəbə girmək üçün bütün sənəd işlərini həll etdi. Peşə məktəbindən gəlib işlərimə baxdılar və bəyəndilər. Beləliklə, sexdə işə başladım, amma buna baxmayaraq kitablarım yanımda olur, dərslərimi oxuyurdum”.

“168 nəfərdən heç biri mənim gördüyüm işin üçdə birini görə bilmədilər”

Fərman usta bildirdi ki, peşə məktəbini qırmızı diplomla bitirənlərə instituta bir imtahanla girmək şansı verilirdi: “Bizdə tələbələrin əksəriyyəti qızlar idi. Onlar rus məktəbində nəzəriyyəni əla qiymətlərlə bitirmişdilər. Praktikaya gələndə isə, heç nə edə bilmədilər. 168 nəfərdən heç biri mənim gördüyüm işin üçdə birini görə bilmədi. Baş direktor gəlib işlərimə baxdı, dedi ki, sənin kimi təcrübəsiz adam bu keyfiyyətdə iş görə bilməz. Amma işləri mənim gördüyümü sexdəki peşəkar usta təsdiqlədi. Qırmızı diploma isə Nataşa adlı qıza verdilər, mənim institutda oxumaq həvəsim yox idi.”

“Bəlkə də mənim atamın etmədiklərini, onlar edirdi”

Fərman usta ayda 190 manat maaş alırmış, sexdə işlədiyi 11 ay ərzində maaşını bir dəfə də olsa əlinə almayıb: “Xırda qəpikləri özümə götürür, qalanını ustaya tərəf itələyirdim ki, sənindir. İşləyirəm sənət üçün, öyrənirəm özüm üçün. Mənə pul lazım deyil, sadəcə hər şeylə maraqlanırdım, yeni şeylər öyrənməyə çalışırdım. Daha sonra Yekaterinburqdan vətənə gəldim. 10 il sonra müəllimimin ad gününə getdim. Hər dəfə də gedəndə mənə təklif edirdi ki, gəl işlə.  Bəlkə də mənim atamın etmədiklərini, onlar mənə təklif edirdi. Həmin vaxtı artıq evli idim, yoldaşım da ora getməyə razı deyildi”.

“Gördüyüm iş üzümü ağardır”

Fərman usta qeyd etdi ki, həmişə işinin, peşəsinin vurğunu olub: “İşə acgözlüklə, zövqlə yanaşıram. İşimlə nəfəs alıram. Gəlirim normal olur. Evdə nəvələrim var, işdən sonar evə qayıdanda zəng edib deyirlər ki, baba gələndə meyvə, şirinyat al. Bu mənə dünyanı verir. Onların istədiyi, tələbatını ödəyə bilirəm. Mənim bu sənətdəki amalım yüksək keyfiyyətli iş görmək və vaxtında işi təhvil verməkdir. Mən ömrümdə iki dəqiqəyə ayaqqabı düzəltməmişəm. İşin prinsipi, yapışqanın quruma müddəti var. Mən bütün prosesləri nəzərə alıb dəqiqlikə vaxtı deyirəm. Adam var, gəlib deyir ki, sənə nə lazımdır, pul? Pulunu verirəm, əlindəki işi kənara qoy, mənim sifarişimlə məşğul ol. Mənim üçün pul önəmli deyil, əsas olan işi vaxtında, gözəl şəkildə təqdim etməkdir. Nə qədər gözəl iş görsən də, təbii ki hər kəsi razı salmaq çətindir. Amma gördüyüm iş üzümü ağardır”.

“Ən böyük hörmətsizlik ayaqqabını çirkli gətirməkdir”

Fərman usta deyir ki, özünə rəva bilmədiyi işi müştəriləri üçün də etmir: “40 ildir bu prinsiplə iş görürəm. Bəzən müştəri ayaqqabının bir hissəsinin düzəldilməli olduğunu deyir, ona uyğun qiymət təyin edirik. Düzəldəndə baxıram ki, başqa yeri də pis vəziyyətdədir, düzəldirəm. Müştəri gələndə deyir ki, bəs yadımdan çıxıb deməmişəm, filan yeri də düzəltmək lazım idi. Artıq həmin hissənin də təmir edildiyini görüb razılığını bildirir. Önəmlisi, ayaqqabının təmirdən təmiz vəziyyətdə çıxmasıdır. Ən böyük hörmətsizlik isə ayaqqabını çirkli gətirilməsidir. Kim təmirə ayaqqabını təmiz gətirmirsə, qəbul etmirəm. Təmir üçün materialın ən keyfiyyətlisini alıram. Onları sifarişlə gətizdirirəm. Tiflisə gedib ordan gətirirəm, Yekaterinburqdan müəllimim göndərir”.

“Ustaların hamısına 5 barmağım kimi bələdəm”

Fərman usta bir müddət əvvəl yerini dəyişmək istəyib. Xırdalanda yaşadığı üçün evinə yaxın bir yerdə çalışmaq planı qurub. Amma müştəriləri buna da razı olmayıb: “30 ildir burdayam, müştərilər gəldilər ki, buradan getmək istədiyini eşitmişik, nəsillikcə yanına gəlirik. Şəhərin demək olar ki, hər yerindən müştərilərim gəlir, amma nə qədər olmasa, yerli camaat daha önəmlidir. Bir müştərim dedi ki, sən burda olmayanda kimin yanına gedəcəyik? Onu bizə de, sonra get. Burdakı ustaların hamısına 5 barmağım kimi bələdəm. Hazırda üz ağardan elə usta yoxdur. Təcili iş görməyə vaxtım olmur. Bu məqamlarda başqa ustaların üstünə göndərirəm, müştəri qayıdır ki, bir də məni onun üstünə yollama. Gördüyü işə baxırıb dəhşətə gəlirəm. Zəng vurub usta ilə danışanda isə deyir ki, bacardığım budur”.

“Yoldaşım deyir ki, hara gedirsən get,  axşam evə gəl, cibin də dolu olsun”

Fərman usta səhər saat 10-dan axşam 9-a qədər işləyir. Səbail rayonundan Masazıra getdiyi üçün evə çox gec saatlarda çatır: “İşim o qədər çox olur ki, hamısını çatdırmalıyam. Bu günün işini sabaha saxlayan adam deyiləm. Saat 6-7-dən sonra daha çox iş görürəm. Yoldaşım deyir ki, hara gedirsən get axşam evə gəl, cibin də dolu olsun (Gülür). Mənim bir xoşbətliyim ondadır ki, əvvəllər həftə ərzində evə pul aparmağa imkanım olmayıb. Yoldaşım zəng edir ki, evə gəlmirsən? Deyirdim ki, pul yoxdur, evə gəlməyə də üzüm yoxdu, necə gəlim? Cavabında eşidirdim: “Pul olan vaxtı gələndə yaxşıydı, olmayanda pis?” Sənətimə şükür edirəm, məni həmişə dolandırıb, çox razıyam. Sənətkar heç vaxt varlı olmayıb. Amma bilirsən ki, evə heç olmasa çörəkpulu apara biləcəksən. Ömrümdə pul dalınca qaçmamışam, maşın almaq ağlıma belə gəlməyib. İmkan olsa Bayıldan Masazıra piyada gedərəm. Piyada gəzməyə çox meyilliyəm. Keçən ilə qədər hər gün saat 6-da yuxudan oyanıb 2 saat qaçırdım”.

“Oxuyub öyrənsələr bilərdilər ki, zamoksuz sapaçki necə düzəldilir…”

Fərman ustanın sözlərinə görə, bir dəfə tanışlardan biri zəng vurub ki, sənin yanına bir müştəri göndərirəm, xahiş edirəm onu razı yola salasan: “Dedim baş üstə. İki cüt çəkmə gətirmişdi, ikisinin də dabanı qopmuşdu. Və “zamok”u yox idi. “Zamok”u olmayanda isə onu düzəltmək hər adamın işi deyil.  Mən müştəriyə “düzəldərəm” dedim. Müştəri 10 manat verib çıxdı və sonra təzədən qayıdıb dedi ki, ay usta xahiş edirəm yaxşı düzəldərsən. Baxdım ki, stolun üstünə 5 manat da qoydu.  Hazır olanda xəbər göndərdim ki gəlib götürsün. Yoldaşı və yanında başqa üç nəfərlə gəlmişdi.  Çəkmələri əlinə alıb baxdı və bəyəndi. Müştərinin sözləri bu gün də qulağımda səslənir: “Başqa ustalar demişdilər ki, axı bu çəkmələri təmir etmək mümkün deyil. 3 aydır yoldaşımın maşınında gəzir, düzəldə bilən usta yox idi”. İndi onların bütün nəsli ayaqqabılarını təmir etdirmək üçün mənim yanıma gətirirlər”.

Könül Əhmədova


Xəbər xətti