“Pulumuz olsaydı, çempionatda 14 komanda oynayardı” - Baş katib

14:31 - 20 Dekabr 2017 - İDMAN

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.
 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki,  iclasdan sonra AFFA-nın baş katibi Elxan Məmmədov oyun alverində şübhəli bilinərək futboldan ömürlük uzaqlaşdırılan “Keşlə”nin iki sabiq futbolçusu Nizami Hacıyev, Mirhüseyn Seyidovun işi haqda məlumat verib:

“Hazırda bu məsələ ilə bağlı araşdırma davam edir. Bu gün hər şeyi açıb desək, araşdırmanı heç etmiş oluruq. Biz prokurorluğa müraciət etmişik. Futbolçu etiraf edirsə ki, mən qəsdən zəif oynamışam, bu, futbol qanunlarına ziddir. Ortada nəsə var ki, bu cəzanı tətbiq etmişik”.
 

E.Məmmədov aşağı yaş qrupları üzrə komandaların texniki baza probleminin həlli məsələsindən də danışıb: “Əslində, meydançaların ot örtüyü 2 gündən bir baxışdan keçirilir və müntəzəm dəyişirik. Hollandiya nümayəndələri gəlmişdi, yoxlayıb mənfi rəy verdilər. Biz də Bayıldakı stadionun ot örtüyünü dəyişdik. Klublara deyilib ki, məktub yazın ki, biz depodan lazım olan ləvazimatları çıxaraq. AFFA adından hədiyyə də versəm, bunun mədaxili yazılmalıdır. İstəmirik ki, sabah audit gələndə desin ki, 100 top hardadır? Bizim turnirlərdə iştirak edən komandalar məktub yazsınlar. Bu yaxınlarda bir təşkilat yazdı ki, bizə 100 top lazımdır. Dedik ki, məktub yazın, amma bir xəbər çıxmadı”.

 
E.Məmmədov milli komandanın yeni baş məşqçisi Qurban Qurbanovun son günlər müzakirə olunan qazancı barədə də danışıb. O bildirib ki, bu rəqəmin açıqlanıb-açıqlanmamağı müqavilənin şərtlərindən asılı olacaq: “Müqavilə imzalanacaq. Maliyyə baxımından maaş da olacaq. Ola bilər ki, məlumat verildi. Amma müqavilənin şərtlərindən asılıdı”.
 

Federasiya rəsmisi “AS” nəşrinin Azərbaycan İspaniya Futbol Federasiyasının sponsoru olub 5 ilə 50 milyon ödəyəcək xəbərinə də münasibət bildirib: "Gündəmdə belə bir məsələ yoxdur. Hərdən belə məlumat olur. Bu, marketinq addımlarının işidir. Bu cür edirlər ki, maraq yaransın. Bu qədər pul olsaydı, çempionatda 8 yox, 14 komanda saxlayardıq”.

Xəbər xətti