Diaspor rəhbəri Misir parlamentində görüş keçirib

18:24 - 19 Dekabr 2017 - KİVDF

Seymur Nəsirov: “Xalqlarımız arasındakı dostluq münasibətlərinin çox qədim tarixi var”


“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misir parlamentinin Vəqflər və Dini komitəsinin sədri, professor Usəmə əl-Əbdllə görüşüb. Görüşdə Seymur Nəsirov Azərbaycan həqiqətləri, ölkəmizin cəlb olunduğu Dağlıq Qarabağ münaqişəsi, ərazisinin 20 faizinin hələ də Ermənistan tərəfindən işğal altında saxlanılması, bir milyondan çox qaçqın və köçkünün olması, Xocalı soyqırımı barədə ətraflı məlumat verib. Diaspor rəhbəri eyni zamanda Azərbaycanın müharibə şəraitində yaşamasına baxmayaraq, son illər iqtisadi, sosial və digər sahələrdə əldə etdiyi uğurlardan da bəhs edib. Azərbaycan-Misir əlaqələrdən də söhbət açan S.Nəsirov xalqlarımız arasındakı dostluq münasibətlərinin çox qədim tarixə malik olduğunu vurğulayıb. Nəsirov Azərbaycandakı multikultural dəyərlərdən və tolerantlıqdan söhbət açıb. “Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı bir diyardır”- deyə o qeyd edib.

S.Nəsirov Azərbaycanda olan yüksək tolerantlıq mühiti səbəbindən Misirdə keçirilən beynəlxalq səviyyəli bir çox tədbirlərə, elmi konfranslara dəvət aldığını diqqətə çatdırıb. 19-20 noyabr tarixində  Qahirədə “Radikalizmə qarşı birgə mübarizə və dialoqun gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq forumda azərbaycanlı nümayəndələrin də iştirak etdiyini vurğulayıb.
Misir parlamentinin Vəqflər və Dini komitəsinin sədri Usəmə əl-Əbdl isə öz növbəsində azərbaycanlıların Misirin inkişafına verdiyi töhfələrdən məmnunluğunu dilə gətirərək hər zaman dost Azərbaycan xalqının yanında olduğunu və bundan sonra da xalqlarımız arasında bu dostluğun möhkəmlənməsinə çalışacağını bildirib. Görüşün sonunda S.Nəsirov ərəb mənbələrinə istinad edərək Misirdə fəaliyyət göstərmiş 100 azərbaycanlı alim və ədib haqqında yazdığı kitabı komitə sədrinə hədiyyə edib. 
Qeyd edək ki, S.Nəsirov azərbaycanlı alimlərin Misirdə tanınmasında önəmli rol oynayır. Onun Misir Ərəb Respublikasının siyasi və diplomatik çevrəsində tanınan nüfuzlu "Diplomatiya” qəzetində dərç olunan məqaləsi də bunun bariz nümunəsidir. “Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun "Misirdə Azərbaycan dahilərinin rolu” sərlövhəli məqaləsində bu ölkədə çox böyük nufuza malik olmuş əslən azərbaycanlı tarixi şəxsiyyətlərdən söhbət açılır. Yazıda Misirin baş qazisi olmuş Əfzələddin Xunci, Misirin baş həkimi olmuş Fəthullah İbnu Nəsif və başqaları haqqında geniş məlumat əksini tapıb. Müəllif, Misirlə Azərbaycan arasındakı əlaqələrin qədim zamanlardan yüksək səviyyədə olduğunun ərəb mənbələrində göstərdildiyini diqqətə çatdırıb.

Misir parlamentinin Vəqflər və Dini komitəsinin sədri Usəmə əl-Əbdl dekabrın 21-də Bakıda keçiriləcək “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda yekun beynəlxalq konfransa qatılmaq üçün Azərbaycana səfər edəcək. 
Qeyd edək ki, Seymur Nəsirov bu gün Misirdə fəaliyət göstərən ən fəal diaspora təşkilatına rəhbərlik edir və iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafında önəmli rol oynayır. O bildirib ki, Misirə ilk qədəm qoyduğum gündən, diaspor fəaliyyətinə başlayıb. “Hər zaman vətənimizi gözəl davranış və xeyriyyə fəaliyyətlərimizlə təmsil etməyə çalışdıq. Misirin ən mötəbər universitetlərində Azərbaycanla bağlı konfranslarda çıxışlarım haqqında yayılan xəbərlərdə də diaspor fəalı kimi təqdim olunurdum. Qısa zaman ərzində çoxlu tədbirlər keçirdik. Dəfələrlə Misirin dövlət televiziya kanalında Azərbaycanın tarixi, incəsənəti, turizm potensialı və dahi şəxsiyyətləri haqqında söhbət açdıq. İlk dəfə olaraq Azərbaycan mətbəxini diasporun fəal xanımları vasitəsilə Misir dövlət televiziya vasitəsi ilə təqdim etdik. Azərbaycan-Misir tarixi əlaqələr haqqında məqalə yazıb, qəzetdə dərc etdirdik. Burdakı səfirliyimizlə birgə universitet tələbələri arasında "Mən Azərbaycan haqqında nə bilirəm” müsabiqəsini təşkil etdik. Misirin mötəbər universitetlərində ilk dəfə olaraq Azərbaycan dilinin tədrisinin azərbaycanlı diaspor fəalları tərəfindən aparılmasını təşkil etdik. Bu yolla da biz yüzlərlə tələbəyə Azərbaycan dili ilə yanaşı, vətənimizin tarixini, coğrafiyasını, mədəniyyətini və həqiqətlərini çatdırmağa çalışırıq. Misirdə təşkil olunan yerli və beynəlxalq tədbirlərdə dəfələrlə iştirak edərək, vətənimizlə bağlı həqiqətləri çatdırmağa çalışırıq. Qeyd etdiyim kimi, uzun illərdir tələbələrə dəstək olmağa çalışıram, xüsusilə də azərbaycanlı tələbələrə.  Sadəcə, tələbələr deyil, eyni zamanda yüksək vəzifəli və elm sahəsində tanınmış azərbaycanlılara lazımı köməkliyi göstəririk”.
 Onun sözlərinə görə, Misirdə Heydər Əliyevin xatirəsi hər il anılır. “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü il dönümü ilə əlaqədar Azərbaycanın Misirdəki səfirliyi tərəfindən silsilə tədbirlər keçirilib. Biz də bir diaspora təşkilatının nümayəndələri kimi tədbirlərin fəal iştirakçıları idik”. Seymur Nəsirov deyib ki, belə tədbirlərdən biri bu ilin mayında Misirin beş milyon əhalisi olan Qəlyubiyyə əyalətində keçirilib. “Bu əyalətdə yerləşən Misir-Azərbaycan Dostluq parkına gələn səfirlik əməkdaşları, burada yaşayan, işləyən, təhsil alan azərbaycanlılar, Qəlyubiyyənin qubernatoru general Mahmud Aşmavi, Misir ictimaiyyətinin tanınmış xadimləri, KİV nümayəndələri, Azərbaycanın Misirdəki diasporası əvvəlcə sözügedən parkda yerləşən mədəniyyət və təhsil ocağını ziyarət etdi, orada qurulan Azərbaycan və ulu öndər Heydər Əliyevin güşələri ilə tanış oldular. Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Azərbaycan-Misir Dostluq parkında ucaldılmış heykəlini ziyarət edib və heykəlin önünə gül-çiçəklər qoyaraq, Ulu öndərin əziz xatirəsini yad etdilər”.

Diaspora fəali bildirib ki, səfir T.Rzayev tədbiri giriş sözü ilə açaraq, ulu öndərin həyat və fəaliyyəti barədə ətraflı məlumat verdi, ümummilli liderin Azərbaycan tarixində əvəzsiz roluna toxundu, məhz onun səmərəli fəaliyyəti nəticəsində ölkəmizin qısa müddət ərzində regionun aparıcı və ən güclü dövlətinə çevrildiyini diqqətə çatdırdı.  “ Hazırda Azərbaycanın hər guşəsində Ulu öndərin mirasına, məktəblərə, muzeylərə, teatrlara, yaşayış komplekslərinə, sənaye obyektlərinə, turizm, səhiyyə və idman mərkəzlərinə rast gəlindiyini vurğuladı. Çıxışında səfir iki ölkə arasında münasibətlərin yaxşı səviyyədə olduğunu vurğulayaraq, əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirdi”.
Onun sözlərinə görə, tədbirdə çıxış edərək ulu öndərin elmə, təhsilə, mədəniyyətə, ölkəmizə dost olan ölkələrlə, o cümlədən Misilə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verdiyini, 1994-cü ildə rəsmi səfərlə Misirdə olduğunu qeyd etdim. “Sonra tədbir iştirakçıları Heydər Əliyev haqqında sənədli filmə baxıdılar. Daha sonra Misirin Qahirə və Ayn Şəms universitetlərinin tələbələri arasında keçirilən "Mən Azərbaycan haqqında nə bilirəm?" inşa müsabiqəsinin qalibləri elan olundu, səfir T.Rzayev qaliblərə qiymətli hədiyyələr verdi. Digər müsabiqə iştirakçılarına isə mən diplomlar təqdim etdim”.

“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov bildirib ki, ulu öndərin doğum gününün 94 illiyi Misirin KİV-də geniş şəkildə işıqlandırılıb
Diaspora fəalı bildirib ki, keçirdikləri tədbirlərdən biri də Azərbaycan Respublikasının dövlət müstəqilliyi ilə büağlı “Azərbaycan Günü”dür.

Xəbər xətti