Dostluq qrupları dövlətlərimiz arasında əlaqələrin inkişafına mühüm töhfə verir

18:55 - 15 Dekabr 2017 - KİVDF

Bu qruplar çərçivəsində bir çox qarşılıqlı və səmərəli səfərlər həyata keçirilib

Avstraliya ilə Azərbaycan arasında əlaqələrin inkişafında önəmli rol oynayan və lobbiçilik fəaliyyəti ilə diqqəti çəkən qruplardan biri Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunudur.  Ümumi sayı 25 nəfərdən ibarət Dostluq Qrupunun tərkibinə həm Senatda (yuxarı palata), həm də Nümayəndələr Palatasında (aşağı palata) təmsil olunan aparıcı siyasi partiyaların üzvləri daxildir. Bu, Avstraliya Parlamentində fəaliyyət göstərən ən çoxsaylı dostluq qruplarından biridir. Hakim Liberallar Partiyasından olan senator Kristofer Bək qrupun sədri vəzifəsinə təsdiq edilib. Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisində də 18 millət vəkilindən ibarət Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri deputat Xanlar Fətiyevdir. Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Kristofer Bək 2016-cı ilin sentyabr ayında Azərbaycanda keçirilmiş ümumxalq səsverməsini (referendumu) müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olub. O, referendumun yüksək səviyyədə təşkil olunduğunu bildirib. Bununla yanaşı, Kristofer Bək 14 fevral 2017-ci il tarixində Avstraliya Senatının iclası zamanı Xocalı soyqırımı ilə bağlı bəyanat verib. Bu, Xocalı soyqırımı ilə bağlı Avstraliya Parlamentində səsləndirilmiş ilk bəyanat olub. Parlamentlərarası əməkdaşlıq Azərbaycan ilə Avstraliya arasında ikitərəfli münasibətlərin genişləndirilməsində xüsusi rol oynayır. Hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən dostluq qrupları dövlətlərimiz arasında əlaqələrin inkişafına mühüm töhfə verir. Qrupun əvvəlki sədri də iki ölkə arasında əlaqələrin inkişafında öz töhvəsini vermiş şəxslərdən biridir. Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun ilk sədri, sabiq millət vəkili Lyuk Simpkins L.Simpkins qeyd edib ki, işgüzar dairələr arasında əlaqələrin artırılması müxtəlif sahələrdə qarşılıqlı təcrübə mübadiləsinin aparılması, eləcə də dövlətlər arasında münasibətlərin daha da dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Dəfələrlə çıxışlarında L.Simpkins qeyd edib ki, iki ölkənin işgüzar dairələr arasında əlaqələrin artırılması müxtəlif sahələrdə qarşılıqlı təcrübə mübadiləsinin aparılması, eləcə də dövlətlər arasında münasibətlərin daha da dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir. O, Azərbaycanda olub və Avstraliyada ölkəmizin Dağlıq Qarabağ münaqişəsində haqlı tərəf olduğunu bildirib, seçkilərin demokratik yolla baş tutduğunu vurğulayıb. 

Bu ölkədə və Azərbaycanda 2017-ci ildə Azərbaycan ilə Avstraliya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunan tədbirin keçirilməsi əlaqələrin yaxşı olduğunun göstəricisidir. Hər iki tədbirdə parlamentlərarası dostluq qrupları fəal iştirak edib və lobbiçilik fəaliyyətlərini ortaya qoyublar. Məsələn,  iyunun 11-də Bakıda Azərbaycan ilə Avstraliya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunan tədbir keçirilib. Tədbirdə Avstraliyanın beynəlxalq inkişaf və Sakit okean əməkdaşlığı naziri xanım Konçetta Fierravanti-Uells və bu ölkədən olan digər qonaqlar, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Xanlar Fətiyev və digər şəxslər iştirak ediblər. Xanım nazir Konçetta Fierravanti-Uells tədbirdə çıxış edərək bildirib ki, Sovet İttifaqı dağıldıqdan sonra Avstraliya Azərbaycanın müstəqilliyini tanıyıb və iki ölkə arasında diploma-tik münasibətlər qurulub. Bu illər ərzində Avstraliya ilə Azərbaycan arasında münasibətlər sürətlə inkişaf edib, hər iki ölkə müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlər imzalayıb.  Vurğulanıb ki, Avstraliya və Azərbaycan ticarət və investisiya qoyuluşu, digər sahələrdə uğurla əməkdaşlıq edirlər. İki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. Avstraliya ilə Azərbaycan mədən sənayesi, xidmət sektoru, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığı genişləndirə bilər. Avstraliya Azərbaycan ilə əməkdaşlığın inkişafı üçün hər cür dəstəyi göstərməyə hazırdır. Avstraliyalı nazir iki ölkənin beynəlxalq müstəvidə də səmərəli əməkdaşlıq etdiyini diqqətə çatdıraraq deyib: “Avstraliya Azərbaycanda keçirilən mədəniyyətlərarası dialoq forumunda və digər beynəlxalq tədbirlərdə yaxından iştirak edib. Həmçinin avstraliyalı mütəxəssislər Azərbaycanda keçirilən birinci Avropa Oyunlarının, Formula-1 yarışının, IV İslam Həmrəyliyi Oyunlarının və digər beynəlxalq tədbirlərin təşkilatçılığına cəlb ediliblər. Sevinc hissi ilə deyə bilərik ki, Avstraliyadan Azərbaycana gələn turistlərin sayı artmaqda davam edir”. K.Fierravanti-Uells Avstraliya ilə Azərbaycan parlamentləri arasında münasibətlərin də uğurla inkişaf etdiyini vurğulayıb. Qeyd edib ki, bu əlaqələrin inkişafında Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun böyük rolu var. Avstraliyalı nazir bundan sonra iki ölkə arasında əməkdaşlığın daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Milli Məclisin komitə sədri Səməd Seyidov bildirib ki, Azərbaycan ilə Avstraliya arasında diplomatik münasibətlərin qurulmasından sonra iki ölkə arasında əməkdaşlıq uğurla inkişaf edir.

Avstraliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü və milli suverenliyini qətiyyətlə dəstəkləyib. Bu məsələdə qətiyyətli mövqeyinə görə Avstraliya hökumətinə və parlamentinə minnətdarlığını bildirən S.Seyidov bildirib ki, Avstraliyanın bu mövqeyi Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Qeyd olunub ki, Avstraliya ilə Azərbaycan arasında münasibətlər daim inkişaf edir. Bu gün biz radikalizm, ksenofobiya, antisemitizm və digər təhdidlərlə və çağırışlarla üzləşirik. Bu təhdidlərə qarşı mübarizə aparmaq üçün səylərimizi birləşdirməliyik. “Avstraliya ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. 2015-ci ildə biz Azərbaycan parlamentində Avstraliya ilə dostluq qrupu yaratdıq. Eyni zamanda, 2015-ci ildə Avstraliya Federal Parlamentində Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupu təsis edildi. Bu qrup çərçivəsində bir çox qarşılıqlı və səmərəli səfərlər həyata keçirilib. Hesab edirəm ki, bu, bizim uğurlu əməkdaşlığımızın gözəl nümunəsidir. Ötən ilin iyununda Prezident İlham Əliyev Azərbaycanın Avstraliyada fəxri konsulunun təyin edilməsi barədə xüsusi Sərəncam imzalayıb”, - deyə S.Seyidov bildirib

İyunun 13-də isə Avstraliyanın Federal Parlamentində Azərbaycan Respublikası ilə Avstraliya İttifaqı arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar qəbul keçirilib. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il iyunun 19-da qurulub. Tədbirdə ilk çıxış edən Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, senator Kristofer Bək qəbulda iştirak edən qonaqları Avstraliyanın baş naziri Malkolm Törnbull və xarici işlər naziri Culi Bişopun adından salamlayıb. Sonra o, 2016-cı ilin sentyabr ayında Azərbaycanda keçirilmiş ümumxalq səsverməsini (referendumu) müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olduğunu bildirərək, bu səfərlə bağlı xoş təəssüratlarını bölüşüb. Avstraliyalı senator referendumun yüksək səviyyədə keçirildiyini, habelə səsvermə prosesinin təşkilinin standartlarından məmnun qaldığını diqqətə çatdırıb. O, səfər çərçivəsində ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirdiyini qeyd edərək, Avstraliya və Azərbaycan arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticarət sahəsində qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu bildirib. Bu xüsusda, senator bir neçə Avstraliya şirkətinin Azərbaycanda həyata keçirilən biznes layihələrində iştirakını müsbət hal kimi dəyərləndirib. O, həmçinin, ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlığın xüsusi rolunu vurğulayıb.

 

Xəbər xətti