Nazir zorakılığa məruz qalan qadınlara baş çəkdi-FOTOLAR

16:53 - 13 Dekabr 2017 - Xəbər

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirlikdəki müvafiq komissiya tərəfindən qeyri-dövlət mərkəzi kimi akkreditasiya olunmuş “Təmiz Dünya” qadınlara yardım İB tərəfindən məişət zorakılığından zərər çəkmiş şəxslərə göstərilən sosial xidmətlərlə tanış olub.
 

Ucnoqta.az Nazirlikdən "Qafqazinfo"ya verilən məlumata istinadən bildirir ki, tədbir zamanı nazir ölkədə sosial xidmətlər sisteminin də əhatə dairəsinin getdikcə genişləndiyini vurğulayıb: “Hazırda “Sosial xidmət haqqında” Qanuna əsasən xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti və onlara qulluq göstərə biləcək əmək qabiliyyətli qohumları olmayan şəxslər, sağlamlıq imkanları məhdud uşaqlar, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar,  müəyyən yaşayış yeri olmayanlar və digər qruplarla yanaşı, məişət zorakılığından zərər çəkənlər də sosial xidmətlərlə təmin edilirlər”.
 

Tədbir zamanı “Təmiz Dünya” qadınlara yardım İB-nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki müvafiq müəssisələrlə, o cümlədən ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyi də qeyd olunub.
 

İB-nin sədri Mehriban Zeynalova təşkilatın fəaliyyəti barədə məlumat verib. O, təşkilatın məişət zorakılığından zərər çəkmiş qadın və uşaqların müdafiəsi, həmin insanların zəruri sosial xidmətlə, hüquqi,  tibbi, psixoloji yardımla, sığınacaqla təmin edilmələri və s. istiqamətlərdə gördüyü işləri diqqətə çatdırıb. M.Zeynalova aparılan işlərin davamı kimi, cari ildə “Təmiz Dünya” qadınlara yardım İctimai Birliyi tərəfindən məişət zorakılığına məruz qalmış 119 qadının və 115 uşağın sığınacaqla təmin edilərək onlara zəruri yardımların göstərildiyini bildirib.


Xəbər xətti