Cənub bölgəsinin folkloru sistemli şəkildə öyrəniləcək

23:25 - 13 Dekabr 2017 - Xəbər

LDU ilə AMEA-nın Folklor İnstitutu arasında imzalanan əməkdaşlıq müqaviləsi bu istəyi gerçəkləşdirməyə imkan yaradır.

Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, Lənkəran Dövlət Universiteti (LDU) ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu arasında bu günlərdə imzalanan əməkdaşlıq müqaviləsi cənub bölgəsi folklorunun elmi cəhətdən araşdırılmasına, tədqiqinə  öz töhfələrini verəcək. Bu, tərəflərin qarşılıqlı fəaliyyəti nəticəsində mümkün olacaq.

Lənkəran Dövlət Universitetinin rektoru professor Natiq İbrahimovla Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov arasında bağlanmış 5 illik müqaviləyə əsasən, LDU Lənkəran-Astara bölgəsində folklor nümunələrinin toplanması və nəşrə hazırlanması məqsədilə ekspedisiyalar təşkil etməli, toplanmış nümunələri pasportlaşdırmalı, folklorun yayılma arealını, regional xüsusiyyətlərini müəyyənləşdirməlidir. Müqaviləyə əsasən LDU Folklor İnstitutu əməkdaşlarının cənub bölgəsinə ekspedisiyalarının təşkilinə yardımçı olmağı da öhdəsinə götürüb. Birgə fəaliyyət planına uyğun olaraq, müştərək elmi seminarların, simpoziumların, konfransların keçirilməsi də qərara alınıb.

Müştərək elmi tədqiqatların aparılmasının əsas məqsədi elmlə tədrisin inteqrasiyasına nail olmaqdır. Müqavilənin şərtlərinə uyğun olaraq Folklor İnstitutu folklor-etnoqrafiya laboratoriyasının yaradılması üçün LDU-ya metodiki və texniki köməklik göstərməlidir.

Xatırladaq ki, cənub bölgəsi ölkədə folklor nümunələrinin qədimliyi, zənginliyi və unikallığı ilə seçilir.

Xəbər xətti