Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyi Azərbacanı bu ölkədə tanıdır

21:55 - 13 Dekabr 2017 - KİVDF

Birlik, onun mədəniyyətini, siyasətini dünyaya çatdırmaq, millətçilik və lobbiçilik siyasətini yürüdür


Avstraliya İttifaqı Azərbaycan Respublikasının müstəqilliyini 26 dekabr 1991-ci ildə tanıyıb. İki dövlət arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. 2012-ci ilin aprelində isə Azərbaycanın Avstraliyada səfirliyi təsis edilib. Avstraliyaya azərbaycanlıların mühacirəti 1950-ci illərdən başlayır. Əvvəl Turkiyə ilə Avstraliya arasında imzalanmış miqrasiya müqavilələrinə uyğun olaraq, buraya Turkiyə azərbaycanlılarının daxil olduğu kütləvi mühacirət başlanıb. Əsasən orta sinfin nümayəndələri içərisində olan azərbaycanlılara ziyalıların çoxluq təşkil etdiyi Cənubi Azərbaycan mühacirlərinin də qoşulması burada diasporumuzun formalaşmasına şərait yaradıb. Avstraliyada 2011-ci il siyahıyaalmasına görə, ölkədə 450 nəfər Azərbaycan mənşəli insanın yaşadığı təsdiq olundu. Azərbaycanlılar iki ölkə arasında biznes və investisiya bağlarının təbliğində və təşviqində böyük işlər görürlər. Müstəqillik əldə edildikdən sonra Avstraliyada fəaliyyətini genişləndirən soydaşlarımız buraya Azərbaycandan musiqiçilər, alimlər, yazıçılar, incəsənət ustalarını bir neçə dəfə dəvət ediblər.  Xoşagələn hal həm də ondan ibarətdir ki, bu ölkədə Avstraliya-Azərbaycan-Türkiyə Dostluq Assosiasiyası fəaliyyət göstərir. Avstraliya-Azərbaycan-Türk Dostluq  Birliyi ilk olaraq Avstraliya-Azərbaycanlılar Birliyi adı altında 1992-ci ilin aprel ayında Sidney şəhərində təsis edilib. 2007-ci il aprel ayının 20-də keçirilən Dünya azərbaycanlılarının II qurultayından sonra Avstraliya- Azərbaycanlılar Birliyi Avstraliya- Azərbaycan-Türk Dostluq Birliyi adlanmağa başlayıb. Birliyin məqsədi Azərbaycanı Avstraliyada və bütün dünyada tanıtmaq, onun mədəniyyəti, siyasətini dünyaya çatdırmaq, millətçilik və lobbiçilik siyasətini yürütməkdir.


Təşkilatda Avstraliya Universitetində təhsil alan azərbaycanlı tələbələrlə və müəllimlərlə mütəmadi olaraq görüşlər keçirilir, müxtəlif  informasiyalar onlara çatdırılır. 1993-cu il yanvarın 3-də Birliyin təşəbbüsü ilə “Azərbaycanın səsi” radiosu təsis edilib, onun redaktoru Gülzar Qasımova təyin olunub. “Azərbaycanın səsi” radiosunda mütəmadi olaraq Azərbaycanın mədəniyyəti haqqında, Azərbaycanda keçirilən tədbirlər, bayramlar barəsində azərbaycanca və ingiliscə verilişlər hazırlanıb nümayiş olunur. Bu radio vasitəsilə Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi Avstraliya və Yeni Zelandiyada da ehtiramla yad olunur. Avstraliyanın Sidney şəhərindəki “Azərbaycanın səsi” radiosu ilə 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayət haqqında ətraflı məlumat yayılıb, dinləyicilərin bu faciə barədə fikirlərini öyrənmək üçün açıq efir saatı keçirilib. Bundan başqa, Sidneydə faciə qurbanlarının xatirəsini anmaq məqsədi ilə “Türk Evi”ndə “dəyirmi masa” təşkil olunub, keçmiş Sovet ordusunun törətdiyi vəhşilikləri əks etdirən fotoşəkillər və videogörüntülər nümayiş etdirilib.


Bundan başqa, "Azərbaycanın Səsi" (Voice of Azerbaijan) radiosu vasitəsilə Xocalı soyqırımı ilə əlaqədar xüsusi veriliş hazırlanıb. 
Radio proqramının rəhbəri Gülzar Qasımovanın təqdimatında efirə çıxan verilişdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktı, erməni qoşunları tərəfindən yerli dinc azərbaycanlılara qarşı qətliamların törədilməsi, Xocalı soyqırımının dünyada tanınmasında türk xalqlarının birgə fəaliyyəti və digər mövzularda söhbət aparılıb. 
Verilişdə bildirilib ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil. Xocalı soyqırımı ildönümü və bu dəhşətli faciənin qurbanlarının xatirəsi hər il olduğu kimi bu il də Avstraliyanın müxtəlif şəhərlərində anılıb
 “Azərbaycanın Səsi” (Voice of Azerbaijan) radiosu Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevin vəfatının 14-cu ildönümünə həsr olunmuş veriliş də hazırlayıb. Verilişdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən söhbət açılıb, onun Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və siyasi-iqtisadi sabitliyinin təmin olunmasındakı əvəzsiz rolu vurğulanıb. Qeyd edək ki, “Azərbaycanın səsi” radiosu artıq 24 ildir ki, fəaliyyət göstərir. Radio Avstraliyada yaşayan azərbaycanlı dinləyiciləri Azərbaycanın və Avstraliyanın sosial-siyasi həyatında baş verən hadisələr barədə məlumatlandırır.

Bu ölkədə Azərbaycan musiqisinin təbliğində Avstraliya-Azərbaycan-Türkiyə Dostluq Birliyi yaxından iştirak edir. Məsələn, Azərbaycanın Avstraliyadakı Səfirliyinin təşəbbüsü və Avstraliya-Türkiyə Təşviqat İttifaqının, Avstraliya-Azərbaycan Mədəniyyət Assosiasiyasının, Avstraliya-Türkiyə Qarşılıqlı İttifaqının, Avstraliya-Azərbaycan-Türkiyə Dostluq Birliyinin təşkilatçılığı ilə Sidney şəhərində Azərbaycan-Türk dostluq konserti keçirilib. Konsert zamanı Azərbaycandan gəlmiş Dövlət Mahnı və Rəqs ansamblının solistləri, əməkdar artistlər Sevinc Hüseynli və Elnur Süleymanov milli rəqs nümunələri ilə göstəriblər, tarzən Şəhriyar İmanov milli musiqi ifa edib. Avstraliyada fəaliyyət göstərən “Austolian Dance Academy” adlı rəqs qrupu türk rəqs nümunələri nümayiş etdirib. Həmçinin, Avstraliyada yaşayan həvəskar musiqiçilər Bəhram Şokrollazadə və pianoçu Tənnaz Rafie, eləcə də həvəskar rəqqas Kirsti Fransesin (Kirsty Frances) ifa etdiyi milli musiqi nümunələri tamaşaçıların böyük marağına səbəb olub.
Avstraliya-Azərbaycan-Türkiyə Dostluq Birliyi Azərbaycan mətbəxinin Avstraliyada təbliğində də yaxından iştirak edir. Azərbaycan ilk dəfə Avstraliyanın Qərbi Avstraliya ştatının paytaxtı Pert şəhərində keçirilmiş Beynəlxalq milli mətbəx festivalında iştirak edib. Yeddinci beynəlxalq festival Avstraliyada akkreditə olunmuş konsulluq korpusu tərəfindən təşkil olunub. Tədbir Azərbaycan konsulluğu, Avstraliya-Azərbaycan-Türkiyə Dostluq Birliyi  və Avstraliyada yaşayan həmvətənlərimiz tərəfindən təşkil edilib. Festivalın qonaqlarına və iştirakçılarına Azərbaycan milli mətbəxindən yemək növləri, eləcə də mədəni proqram təqdim olunub. Tədbir Qərbi Avstraliyanın qubernatorunun rəsmi iqamətgahının ərazisində təşkil olunub. Festivalın Azərbaycan pavilyonundan əldə olunan gəlir “Girls Academy” xeyriyyə fonduna təqdim edilib. Festivalda iştirak edən ölkələr arasında Almaniya, Avstriya, Azərbaycan, Belçika, Braziliya, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Çin, Danimarka, Estoniya, Hindistan, Xorvatiya, İndoneziya, İsveç, İtaliya, Kolumbiya, Malayziya, Mavriki, Nepal, Niderland, Norveç, Şri-Lanka, Vyetnam, Yaponiya və Yunanıstan yer alIıb. Azərbaycan mətbəxi sonrakı illərdə keçirilən Beynəlxalq milli mətbəx festivalında iştirak edib və Azərbaycanın zəngin mətbəxini bu ölkənin sakinlərinə sevdirib.

Xəbər xətti