Azərbaycan Mədəniyyət Mərkəzində ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib

23:39 - 12 Dekabr 2017 - KİVDF

Səfir Rəhman Mustafayev: “Ulu Öndərin balanslaşdırılmış siyasətinin bəhrələrini bu gün bütün Cənubi Qafqaz görür”


Fransada fəaliyyət göstərən diaspora təşkilatlarından biri də Azərbaycan Mədəniyyət Mərkəzidir. Bu mərkəz Azərbaycanla bağlı həqiqətlərin çatdırılmasında, tarixinin, mədəniyyətinin təbliğində böyük işlər görür. Bu günlərdə Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində dünya miqyaslı siyasətçi, xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi yaşayan, müasir dövlətçilik tariximizdə əbədi iz qoyan, ulu öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilməsi də Azərbaycana, ulu öndərə məhəbbətdən irəli gəlir. Tədbirdə qonaqlara ümummilli lider haqqında geniş məlumat verilib, onun gördüyü işlər xüsusi vurğulanıb. Mərasim iştirakçıları əvvəlcə Ümummilli Liderin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Ulu Öndərin fəaliyyətindən danışaraq bildirib ki, 1993-cü ildə ölkənin çətin dövründə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev məhz xalqın dəstəyinə arxalanaraq Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edib. Dünya miqyaslı siyasətçi Heydər Əliyev xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi yaşayır. Ulu Öndərin siyasi uzaqgörənliyi, müdrikliyi və qətiyyəti sayəsində ölkəmiz dünyada tanınan nüfuzlu bir dövlətə çevrilib. Qeyd edib ki, Heydər Əliyev Azərbaycana sabitlik, iqtisadi yüksəliş, səmərəli enerji siyasəti, təhlükəsizlik, sosial inkişaf, demokratiya gətirib, dövlətin hərtərəfli tərəqqisi üçün addımlar atıb, onun müsbət beynəlxalq imicinin formalaşmasını təmin edib. Dövlətimizin və dövlətçiliyimizin memarı olan Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində müstəqillik illərində Azərbaycan inkişaf edərək regionun lider dövlətinə çevrilib. Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra Qərbə inteqrasiya yolunu tutub və onun balanslaşdırılmış xarici siyasəti sayəsində ölkəmiz nüfuzlu beynəlxalq təşkilatlara üzv olub. Ümummilli Liderin apardığı uğurlu neft strategiyası, siyasi və iqtisadi islahatlar nəticəsində Bakıda "Əsrin müqaviləsi" adlanan beynəlxalq saziş imzalanıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərləri Ulu Öndərin uğurlu siyasətinin bəhrələridir .“Ulu Öndərə görə enerji təhlükəsizliyi milli təhlükəsizliyin tərkib hissəsi olaraq, aparıcı rol oynamalı idi. Heydər Əliyev həmin dövrün bütün incəliklərini nəzərə alaraq mükəmməl neft strategiyasını hazırladı. Bu strategiyanı həyata keçirməklə Azərbaycanın regionun liderinə çevrilməsinin təməlini qoydu və dövlətin qlobal siyasətdə rolunu yüksəltdi. Ulu Öndərin balanslaşdırılmış siyasətinin bəhrələrini bu gün bütün Cənubi Qafqaz görür”-deyə səfir R.Mustafayev vurğulayıb. 
Diqqətə çatdırıb ki, Ulu Öndərin layiqli varisi Prezident İlham Əliyev bütün sahələrdə həyata keçirdiyi uğurlu islahat proqramları ilə Heydər Əliyevin siyasi kursunu daha da zənginləşdirib. Azərbaycan bütün sahələrdə böyük və əhəmiyyətli layihələrə imza atıb. Sonra gənc pianoçu Etibar Əsədli Ulu Öndərin sevdiyi mahnıları ifa edib. Mərasimdə iştirak edən Fransanın Azərbaycandakı birinci səfiri olmuş Jan Perren səfir olduğu dövrdə Ulu Öndər ilə görüşlərindən, xatirələrindən danışıb. O, ümummilli lider Heydər Əliyevin Azərbaycan–Fransa münasibətlərinə böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb.“Heydər Əliyev haqqında Azərbaycana səfir təyin olunmazdan əvvəl eşitmişdim. O, təkcə Sovet İttifaqında deyil, onun hüdudlarından kənarda da böyük şəxsiyyət, dövlət xadimi kimi tanınırdı. Azərbaycana səfir təyin olunandan sonra birinci arzum onu görmək idi. Həmin illər vəziyyət çox ağır idi, güclü şaxtalar var idi. İstilik üçün heç nə yox idi. Belə çətin vəziyyətdə Naxçıvana Heydər Əliyevi görməyə getdim və bu bizim ilk görüşümüz idi. Naxçıvanda çox çətin vəziyyətdə, soyuqda işləyirdi. O, elə qətiyyətli şəxsiyyət idi ki, çətinliklərə baxmayaraq, bütün enerjisi ilə ölkəsi üçün çalışırdı. Heydər Əliyev Bakıya gələndən sonra mən daima onun dəstəyinin şahidi oldum. Görüşüb danışırdıq, çətinliklərimdən danışanda mənə kömək etməyə çalışırdı. Heydər Əliyev Fransa ilə münasibətlərə böyük önəm verirdi. Fransaya səfərləri zamanı Parisdə də görüşürdük. Heydər Əliyev böyük diplomat, siyasətçi və dövlət xadimi idi”-deyə Jan Perren vurğulayıb.
 Azərbaycan Mədəniyyət Mərkəzi Parisdə bir sıra tədbirlərin təşkilində də yaxından iştirak edir və Azərbaycan musiqisinin təbliğində önəmli rol oynayır. Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın Fransadakı səfirliyinin və Azərbaycan Evinin dəstəyi ilə Sank-Peterburq Mariinski Opera Teatrının solisti, beynəlxalq müsabiqələr laureatı, bakılı Timur Abdikeyevin konserti olub. Azərbaycan Mədəniyyət Mərkəzindəki konsertində müğənninin ifa etdiyi “Sarı gəlin”, “Bazarda alma” kimi xalq mahnıları tamaşaçılar tərəfindən xüsusi alqışlarla qarşılanıb. 
Bu il Azərbaycan Mədəniyyət Mərkəzində Paris Azərbaycan Evi yaradilmasının 25 illiyini və fəaliyyətinin yenidən bərpasının 5 illiyi də qeyd edib. Tədbir Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Parisdə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində keçirilib. Yubiley gecəsində Azərbaycanın Respublikasının Fransada səfiri Rəhman Mustafayev, Azərbaycanın Dostları Assosiasiyasının Prezidenti Jan-Fransua Mansel, Azərbaycanın UNESCO yanındakı səfirı Anar Kərimov, diplomatlarımız, Fransanın siyasi və ictimai xadimləri, azərbaycan diasporasın nümayəndələri iştirak edib. Paris Azərbaycan Evinin Prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi, Mirvari Fətəliyeva qonaqları salamlayaraq Azərbaycan Evinin yaranmasi tarixindən söhbət açıb. 
1992-ci ildə Ramiz Abutalıbov tərəfindən yaradılan təşkilatın əsas məqsədi Azərbaycanı Fransada tanıtmaq, burada Azərbaycan mədəniyyətini, tarixini və həqiqətlərini təbliğ etməkdir. O çıxışında Ramiz Abutalıbovun Azərbaycan Evinin fəaliyyətini hər zaman izlədiyini və dəstəkkədiyini qeyd edib. O, bildirib ki, bundan sonra da “Azərbaycan Evi” öz fəaliyyətini məqsədyönlü şəkildə quraraq, Azərbaycan xalqının XX əsrdə yaşadığı faciələri, məruz qaldığı soyqırım aktları, Qarabağ münaqişəsinin səbəbləri, torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və digər faktları Fransa ictimaiyyətinə obyektiv şəkildə çatdırılmasında əlindən gələni əsirgəməyəcək. 
Tədbirdə çıxış edən Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Paris Azərbaycan Evininin bugünədək əldə etdiyi uğurlarnı alqışlayıb. R. Mustafayev bildirib ki, Paris Azərbaycan Evinin layihələri, habelə Qarabağla bağlı həqiqətləri Fransa ictimaiyyətinə çardırılmasında, Aəzrbaycanın mədəniyyətinin, incəsənətinin Fransada tanıdılması və digər fəaliyyətləri Azərbaycanın Fransada səfirliyi tərəfindən həmişə dəstəkləndiyini və bundan sonra da dəstəklənəcəyini bildirib. 
Azərbaycanın Dostları Assosiasiyasının Prezidenti Jan-Fransua Mansel Paris Azərbaycan Evini 25 illiyi münasibətilə təbrik edib və tədbir iştirakçılarına Azərbaycanda qadınlara verilmiş səs hüququnun tarixi, ölüm cəzasının ləğv edilməsi və Azərbaycanın əldə etdiyi digər tarixi nəaliyyətləri barədə məlumat verib. 
Tədbir zamanı Azərbaycan Evinin idarə heyəti layihələrin həyata keçirilməsində təşkilata könüllü yardım edən gənclərə təşəkkürnamələr təqdim edib.  Tədbirin bədii hissəsində Vurğun Vəkilov, Səidə Zülfüqarova, Etibar Əsədli, Səddam Novruzbəyov, Sahib Əsədov ve məşhur tenor, Marinskiy teatrının solisti Timur Abdikiyev Azərbaycan klassik musiqisindən ibarət repertuarları ilə çıxış ediblər. Parisdə yaşayan və Azərbaycanı öz əfsanəvi ifaları ilə təmsil edən istedadlı musiqiçilərimiz bu axşam Qara Qarayevin eskiz, Emil Əfrasiyabın ataya məktub, Aqşin Əlizadənin dastan, kohnə oyunlar, Oqtay Zülfüqarovun prelud, Tofiq Quliyevin qaytağı, axşam və digər əsərləri ilə heyran ediblər. Tədbir milli mətbəximizin ləziz nümunələrindən ibarət şam süfrəsi ilə başa çatıb.
 

Xəbər xətti