Heydər Əliyev – jurnalistlərin dostu

10:59 - 12 Dekabr 2017 - Cəmiyyət

Heydər Əliyev – Azərbaycan mətbuatının himayədarı


“Siyasətçilər gələcək siyasəti, jurnalistlər isə gələcək nəsilləri düşünürlər” – bu sözlər ulu öndər Heydər Əliyevin mətbuata, onun azad inkişafına verdiyi diqqətlə yanaşı, həm də bu böyük dövlət xadiminin jurnalistlərə böyük inamını ifadə edir. 
 
Bu il Azərbaycanın ümumilli lideri, böyük dövlət xadimi, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin ölümündən 14 il ötür. Azərbaycan tarixindəki misilsiz xidmətləri, müstəqilliyimiz uğrunda həyata keçirdiyi genişmiqyaslı tədbirlər, xalqımızın rifahı üçün atdığı bütün addımlarla yanaşı, o həm də yaddaşımızda jurnalistlərin dostu, ölkəyə rəhbərlik etdiyi dövrdə mətbuatımızın ən böyük himayədarı kimi qalıb. Ulu öndər hakimiyyətdə olduğu müddətdə Azərbaycanda mətbuatın inkişafına, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə  xüsusi diqqət göstərmişdir. 

 Azərbaycanda söz, fikir və mətbuat azadlığının formalaşması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Görkəmli siyasətçi müstəqil dövlətimizdə, sözün həqiqi mənasında, azad, xalqa xidmət edən jurnalistikanın formalaşmasına böyük töhfələr vermiş, mətbuatın qaldırdığı problemlərə həssaslıqla yanaşmışdır. Ulu öndər hər zaman KİV-lərin cəmiyyətdə rolunu yüksək qiymətləndirmiş, bu məsələyə böyük önəm vermişdir. Heydər Əliyev həm ölkə daxilində, həm də xaricə səfərləri zamanı onu müşaiyət edən mətbuat nümayəndələrinə xüsusi diqqət ayırmış, jurnalistlərin suallarını təmkinlə və səmimi şəkildə cavablandırmış, onların fəaliyyəti ilə yaxından maraqlanmışdır. Məhz bu xüsusiyyətlər dahi lideri ölkə jurnalistlərinin sevimlisinə, dostuna çevirmişdir. 

 Heydər Əliyev ölkəmizin hüdudlarından kənara səfərləri zamanı da dünya media nümayəndələri ilə səmimi dialoqa girir, müsahibələr verir, öz maraqlı fikirlərini bölüşürdü. Əminliklə demək olar ki, o, dünya mətbuatı üçün də ən maraqlı siyasətçilərdən biri idi. Ümumilli liderin jurnalistlərlə müsahibələri zamanı onlara qeyri-rəsmi münasibət göstərməsi mətbuat işçilərində öz peşələrinə sevgi, hörmət hislərini artırmaqla yanaşı, onları həm də daha cəsarətli olmağa sövq edirdi.  
Gökəmli şəxsiyyət Heydər Əliyev Azərbaycan mətbuatına dair tarixi əlamətdar günlərə də hər zaman diqqət yetirmişdir. Onun 2000-ci ildə milli mətbuatımızın yubileylərinin ölkə səviyyəsində qeyd edilməsinə dair imzaladığı Fərman mətbuat-dövlət münasibətlərinin möhkəmlənməsində həlledici rol oynamışdır. Məhz bu böyük siyasətçinin milli mətbuatın inkişafına göstərdiyi qayğının nəticəsi idi ki, 2002-ci ildə o, “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür.  Təsadüfi deyildir ki, ulu öndər dünya siyasətçiləri arasında bu mükafatı almış ilk dövlət başçısıdır. Həmin mükafatın təqdimat mərasimində çıxış edərkən Heydər Əliyev bu fikirləri səsləndirmişdir: “Mən bu mükafatı çox yüksək qiymətləndirirəm. Layiq gördüyünüz bütün başqa mükafatlarla yanaşı, bu mükafat da öz yerini tutacaqdır. Çalışacağam ki, həmişə jurnalistlərin dostu olam. Bundan sonra da jurnalistlərə əlimdən gələn yardımı edəcəyəm”.

 Heydər Əliyev qələm sahiblərinin əməyini qeyri-adi, zəhmətli, hünər və fədakarlıq tələb edən, əmək kimi ifadə edirdi. Ulu öndər KİV-ləri cəmiyyətdə olan çatışmazlıqları, nöqsanları, hakimiyyətin fəaliyyətində olan qüsurları tənqid edərək onların aradan qaldırılmasına kömək edən qurum kimi dəyərləndirir, jurnalistləri ədalətli olmağa, öz hüquqlarından sui-istifadə etməməyə, qərəzsiz və dəqiq yazmağa səsləyirdi. 
Ümumilikdə, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinə rəhbərlik etdiyi dövrdə mətbuatımızın inkişafı üçün əvəzsiz xidmətlər göstərmişdir. Ölkədə mətbuatla bağlı mükəmməl qanunvericilik bazasının yaradılması, maddi-texniki bazanın möhkəmləndirilməsi, senzuranın ləğvi, qəzet və jurnalların borclarının dondurulması, KİV-lərin fəaliyyətinin genişləndirilməsi və inkişafının təmin edilməsinə dair qəbul edilmiş çoxsaylı sərəncamlar ulu öndərin ölkə jurnalistikasına verdiyi yüksək dəyərin sübutudur. 
Bu gün isə ulu öndər Heydər Əliyevin siyasi kursunu onun layiqli varisi Prezident İlham Əliyev  uğurla davam etdirir. Ölkə rəhbərinin mətbuat sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı, onun ölkədə jurnalistika və jurnalistlərlə bağlı problemlərin həlli istiqamətində atdığı addımlar bu sahənin sürətlə inkişaf etməsinə, KİV-lərin fəaliyyətinin genişlənməsinə və peşəkarlıq səviyyəsinin yüksəlməsinə səbəb olub. İnanırıq ki, mətbuatımız bundan sonra da dövlətimizin dəstəyi ilə, inamlı şəkildə irəliləyəcək və daha böyük nailiyyətlər əldə edəcək.


Nərgiz Qəhrəmanova,
AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin Elektron informasiya şöbəsinin rəis müavini,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Xəbər xətti