Evimizin "çağrılmamış qonağı"- mənasız reklamlar

15:24 - 11 Dekabr 2017 - Cəmiyyət

“Alimlər reklam roliklərinin insan psixikasına mənfi təsir etdiyini bildirirlər”
Lalə Mehralı: “Aparıcılar efirdə sponsorun çaldığına oynayırlar”


Televiziyanın insan psixikasına mənfi təsiri haqqında dəfələrlə bildirilib.  Hətta məşhur televizyonçuların özləri belə televiziyanın insan orqanizminə mənfi təsirini inkar etmirlər. Rus satiriki Mixail Jvanetskinin felyotonlarından birinin də mövzusu televizor olub. Yumorist iddia edirdi ki, teleproqramların və ümumiyyətlə, telekanalların sayının artması ailədə uşaqların sayının azalması ilə sonuclanır. Azərbaycanda yaşayan insanların 30 faizi özlərinin televiziyadan asılı vəziyyətdə olduqlarını dilə gətiriblər. Bu insanlar isə əsasən yeniyetmələr və evdar qadınlardır.  
Bu yaxınlarda isə televiziyanın daha ciddi bir təsiri üzə çıxıb. Psixoterapevtlərin fikrincə, hətta televiziya pultunun düymələri belə, insan psixikasına çox ciddi və mənfi təsir göstərir. Yəni, pult düymələrini tez-tez dəyişməklə insan özü də bilmədən orqanizminə ciddi ziyan vurur. Hələlik alimlər bunun sonradan insan beynində hansı ciddi fəsadlar əmələ gətirdiyini daha dəqiq öyrənməyiblər. 

Bəs, biz hansı hallarda telekanalları tez-tez dəyişirik? Şəhərdə apardığımız kiçik sorğu nəticəsində bəlli oldu ki, paytaxt əhalisi əsasən telekanallarımızda reklam rolikləri gedən zaman kanalları dəyişirlər. Əlbəttə ki, reklamsız təsəvvür etmək mümkün deyil. Gün ərzində telekanallarda az qala verilişlərdən, filmlərdən çox reklamları izləyirik. Əksər telekanallarda hər yarımsaatlıq efir vaxtının təxminən 15 dəqiqəsini reklamlar bəzəyir. Telekanallarımızın hamısı demək olar ki, reklamlardan gələn gəlirin hesabına fəaliyyət göstərir. Ümumiyyətlə, son illər ərzində telekanallarda reklamların sayı durmadan artır ki, bu da insanların ciddi narazılığına səbəb olur. Respondentlərin fikrincə, oturub bir kinoya və ya verilişə axıra qədər baxmaq olmur. Reklam demək olar ki, onların onsuz da qaydasında olmayan əsəblərinə ciddi zərbə vurur. 


Telekanal yetkililəri isə öz növbələrində bildirirlər ki, əgər bu reklamlardan gələn gəlirlər olmasa, onda fəaliyyət göstərə bilməzlər. 

Tamaşaçıları telekanalları dəyişməyə vadar edən digər bir səbəb isə efirdə nümayiş olunan filmlərin zorakılıq və dəhşətli səhnələrlə dolu olmasıdır. Son illər ərzində bu zorakı hadisələr filmlərdə və ümumiyyətlə telekanallarda daha da çoxalıb. 

Uşaq psixoloqu Həyat Güləhmədovanın sözlərinə görə, telekanalların tez-tez dəyişdirilməsi insan beyninə ziyan vurur. “Beyin bir hadisəni tam qavramamış digər bir informasiya ilə tanış olur ki, bu da qarşıqlıqlar əmələ gətirir. Belə hallarda insan hətta dəliolma dərəcəsinə gəlib çıxa bilər. Özəlliklə filmlərdə olan zorakılıq hadisələri insan psixikasına mənfi təsir göstərir. İlk növbədə belə filmlər uşaqların gələcək tərbiyəsində mənfi rol oynayır. Həmin o, zorakı hadisələr, savaşlar uşağı vadar edir ki, ətrafında baş verən bütün hadisələrə elə gözlə baxsın. İkinci bir tərəfdən  insan nə qədər ki, telekanallarda belə hadisələrin şahidi olur, çox güman ki, o, bir müddət sonra belə zorakı hadisələrin qurbanı da ola bilər. Psixoloq onu da bildirdi ki, hətta bəzi uşaqlar öz sevimli oyuncaqlarına baxdıqları kinoların və ya cizgi filmlərinin personajlarının adı ilə adlandırırlar. Bu da əksər hallarda mənfi şər, qüvvəli personajlar olur. Bu baxımdan, artıq bəzi dövlətlərdə telekanallarda zorakılıq səhnələri ilə bol filmlərin efirə verilməsi məhdudlaşdırılır”.


Telekanalların düymələrinin dəyişdirilməsində digər bir zərurət isə milli mentalitetimizə zidd olan verilişlərin, filmlərin göstərilməsi ilə bağlıdır. Tamaşaçıların digər bir narazılığı ondan ibarətdir ki, onlar ailəlikcə oturub, hansısa  bir filmə və yaxud bəzi verilişlərə baxa bilmirlər. Ona görə də məcbur olub, film gedə-gedə arada gedən bəzi səhnələri görməmək üçün telekanalın düyməsini dəyişirlər. Şəhər əhalisinin bir qismi də telekanallarda yayımlanan bəzi verilişlərdə aparıcıların nitqindən, orada iştirak edən qonaqların yersiz danışıqlarından verilişə axıra qədər baxa bilmədiklərini dilə gətirdilər. 

Əgər eşitdiyimiz və gördüklərimizin təfəkkürümüzü dəyişdiyi barədə araşdırmalara istinad etsək, deməli, biz həyatda pis əməllərə yaxşı əməllərdən daha çox meyilli olmalıyıq. Bu baxımdan televizorun üst yox, altşüura təsir göstərməsinə şükür etmək lazımdır. 


Ümumiyyətlə, sorğu apardığımız televiziya tamaşaçılarının əksəriyyəti telekanallarımızdan ağızdolusu şikayət etdilər, qüsurlardan, çatışmazlıqlardan danışdılar. 
Amma nə edəsən ki, bu qüsurları, səviyyəsizliyi, qeyri-peşəkarlığı telekanal yetkililərindən başqa hamı görür. Bəkə onlar da görür, amma özləri demiş, nə etsinlər ki, “maliyyə problemləri” onlara işləməyə imkan vermir. 
Əslində dərinə getsək bəlli olur ki, bu gün fəaliyyət göstərən telekanallarımızın hamısında elə ciddi problemlər var ki, onları saymaqla qurtarmaq olmaz. 
Gününüzü mənasız qutu qarşısında keçirməkdənsə, özümüz üçün maraqlı olan və çox vacib əhəmiyyət kəsb edən işlərlə məşğul olmağınız məqsədəuyğundur. Bu halda siz nəinki gününüzü yaddaqalan və maraqlı keçirəcəksiniz, hətta öz əsəblərinizi qorumuş olacaqsınız. Bunu biz yox, psixoloqlar deyirlər. 
Şəhər sakini Altunay Əsgər bildirdi ki, işdən axşamlar evə gedəndə yorğun olur, televiziyada hansısa verilişə yaxud seriala baxıb dincəlmək istəyir: “Nəinki dincəlmək, kanallara baxanda insanın lap ümidləri ölür. Verilişlərdə ləhcə ilə danışan aparıcılar, seriallarda olan süniliklər insanı televiziyadan uzaqlaşdırır. Amma buna baxmayaraq evdəkilər hər gün kanalları izləyir, bəyənsələr də, bəyənməsələr də... Çünki onlar hər gün evdə olur və məcbur nə iləsə başlarını qatmalıdırlar.  Mən isə daha çox xəbərlərə baxıram. Çünki bütün kanallarda demək olar ki, qaydasında olan veriliş  xəbərlər proqramıdır. Seriallardan isə indiyə qədər diqqətimi çəkən olmayıb. Bir qədər komediya sahəsində olan seriallar maraq çəkə bilir”. 
Jurnalist-sosioloq Lalə Mehralı bildirdi ki, əksər tamaşaçı kimi televiziyalar məni də qane etmir: “Nə mənəvi ehtiyacımı ödəyə bilir, nə göz zövqümə uyğundur. Mən çoxdandır efirlərdə normal diktor, normal moderator, normal ssenari, normal diskussiya görmürəm. Efirdə qışqırıq, hay-küy salmaq, şou düzəltmək televiziyaçılıq deyil. Bir qrup tamaşaçını bu şou ilə aldatmaq olar, amma kütlə buna aldanmır, böyük auditoriya istəyirlərsə ortaya səviyyəli proqramlar qoymalıdırlar. Bir-iki səviyyəli layihə olur, onun da ömrü nədənsə qısa olur. Belə başa düşürəm ki, səviyyəli, elit layihələrə sponsorluq etmək istəyən yoxdur. Aparıcılar efirdə sponsorun çaldığına oynayırlar. Proqramlarda redaktorun, ssenaristin rolunu görmürük. Bir aktyorun teatrı kimi bir nəfər aparıcı çıxıb orda ağlına gələni danışır, bir az ordan-burdan aşağı səviyyəli lətifələr tapıb oxuyur, bir-iki toyxana müğənnisini dəvət edib fonoqram oxudur, bu da olur proqram...”. 


L.Mehralı deyir ki, seriallar məsələsinə gəlincə, baxmadığım üçün səviyyə və keyiyyəti barədə nəsə deyə biləyəcəm: “ Amma sosial şəbəkələrdəki ümumiləşmiş rəylərə görə deyə bilərəm ki, peşəkarlıq yoxdur. Aktyor və aktrisalar işlərini bacarmırlar, daha doğrusu peşəkar deyillər. Reklam televiziyaların gəlir sahəsidir, ona görə hamısı çoxluğun tərəfdarıdır. Amma reklam blokları tamaşaçı üçün yorucu olur. Çünki reklam işini də yüksək səviyyədə görə bilmirlər. Reklam tamaşaçını efirə bağlamalıdır, onu elə hazırlamalısan ki kanalı dəyişə bilməsin, diqqətini reklam edilən məhsuldan çəkə bilməsin. Amma o qədər narahatedici, ikrah doğuran səslə, musiqi və görüntü ilə reklam hazırlayırlar ki, reklam edilən məhsul antireklam edilmiş olur. Yəni, bu sahədə də ciddi nöqsanlar var”.


Altunay

Xəbər xətti