Dolma Azərbaycana aid olan xörəkdir

23:44 - 8 Dekabr 2017 - Cəmiyyət

Tahir Əmiraslanov: “Kəndbəkənd gəzib milli mətbəximizi yığırıq”


Dolma Azərbaycana məxsus kulinariya növü kimi UNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib. Bu barədə UNESKO-nun saytında məlumat yer alıb. Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin rəhbəri Anar Kərimov özünün “twitter" səhifəsində buna iki illik əmək nəticəsində nail olduqlarını bildirib. Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru Tahir Əmiraslanov bildirdi ki, bu qələbə daha çox Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gərgin zəhməti, bacarığı, UNESCO və digər təşkilatlarda olan böyük nüfuzu sayəsində baş verdi: “Artıq beynəlxalq təşkilatlarda hamı bilir ki, Mehriban xanımın sözünün arxasında çox böyük elmi araşdırmalar, ləyaqət, ədalət və düzgünlük durur. Çünki Mehriban xanım heç vaxt icazə verməz ki, Azərbaycan tərəfindən UNESCO-ya hansısa bir yalan sənəd daxil olsun. Artıq dolma neçənci mədəniyyət nümunəmizdir ki, UNESCO-ya salınır. Azərbaycanın UNESCO-dakı səfiri, Mədəniyyət və Turizm Nazirliyinin xarici əlaqələr şöbəsinin də bu işdə böyük zəhməti var. Hər kəs xalqımızın nələr yaratdığını, çox varlı, zəngin xalq olduğunu görür. Xalqımızın kəlağayı, xalça, aşıq sənəti, muğam, Novruz bayramı və s. kimi mədəniyyət nümunələri var. Mətbəx nümunələri də bunlardan biridir”.


T.Əmiraslanov qeyd etdi ki, Mehriban xanım neçə illərdir ki, xarici ölkələrdə tədbirlərdə çox böyük milli mətbəx sərgisi keçirir: “Heydər Əliyev Fondu tərəfindən fransız və ingilis dilində “Azərbaycan mətbəx mədəniyyəti” adlı çox böyük və nəfis kitablar, xırda açıqcalar buraxıldı.
Təşəkkür edirik ki, bu kitabın üzərində işləməyi Mehriban xanım bizə həvalə etdi. Əlbəttə, dolma bizimkidir, elmi əsaslarımız var. Belə deyək, bizim qatarımız var, içi də qızılla doludur. Amma o qatarı çəkəcək lokomotiv lazımdır. Mehriban xanım bütün mədəniyyətimizi
arxasınca çəkən lokomativ rolunu oynayır, çox böyük gücə malikdir. Mehriban xanım elimizin qızı olsa da, artıq çoxdan elimizin Anasıdır”. T.Əmiraslanov deyir ki, dolma sözünün mənasını böyük bir erməni alimi, dilçisi Stepan Malxazyanın izahı ilə söyləmək istəyir: “Ən son 1944-cü ildə onun İrəvanda ermənicə “Erməni dilinin izahlı lüğəti” kitabı çıxıb. O həmin kitabda yazıb ki, dolma sözü türk dillərində olan doldurmaq və dolamaq feillərindən götürülüb. “Bunu nə biz demirik, nə də ki siz... Elə erməni alimlərinin özləri deyirlər. Axı alimlər yalan danışa bilmirlər. Əsl erməni alim, akademik və dilçilik sahəsi üzrə mütəxəssislərinin kitablarına baxanda doğruların şahidi oluruq”.


 T.Əmiraslanovun sözlərinə görə, milli mətbəximiz bir çox özəlliklərinə görə digər mətbəxlərdən fərqlənir: “İlk öncə öz sayı ilə digər ölkələrin mətbəx nümunələrindən fərqlənir. Digər ölkələrdə 15-20 yemək növü varsa, bir-birindən götürürlərsə, bizdə 4 mindən çox xörək növləri var.
Hələ də biz ölkəmizdə olan yemək növlərini toplayırıq. Elə təkcə dolmanın 356 növünü üzə çıxardıq. İkincisi, mətbəxlərin gücü onların ətraf mətbəxlərə təsirilə ölçülür. Tayland mətbəxinə baxanda orada Çin mətbəxinin gücü görünür. Ətraf xalqların mətbəxinə baxanda hazırda 95
faiz erməni mətbəxi, 70 faiz gürcü mətbəxi, 50-60 faiz fars mətbəxi Azərbaycan xörəklərindən ibarətdir. Ərəb mətbəxinin əsasında türk mətbəxi durur. Azərbaycan ümumtürk mətbəxinin başının tacıdır. Hər bir xalqın mətbəxi onun yaşadığı ərazidə xalqın sağlamlığına, yerli şəraitə və iqlimə uyğun olaraq formalaşır. Bizdə doqquz iqlim qurşağı var. Flora və faunanın müxtəlifliyi, fərqli ocaqlara və istiqamətlərə gətirib və müxtəlif mətbəxlər yaranıb. Çay əvvəllər Çindən gətirilirdi, daha sonradan biz burada əkməyə başladıq. Lakin X əsrin əvvəllərində Təbrizdə artıq çayxanalar var idi. Hazırda evdə bütün xanımların bişirdiyi borş slavyan mətbəxinin nümunəsidir. Bayramlarda bişirilən salatların çoxu, məsələn, veneqred, paytaxt salatı və s. bunlar bizə rus və müxtəlif mətbəxlər vasitəsilə gəlib. Çayı Çindən, qəhvəni Ərəbistandan
almışıq. Biz aldıqlarımızı həmişə deyirik, heç kimin haqqını mənimsəmirik və yemirik. Heç bir alim, şair əsərini özü üçün yazmır.Başqaları üçün yazır ki, insanlar istifadə etsin. Biz də yeməyimizi ilk öncə qonağın qarşısına qoymuşuq, gizlətməmişik. Amma gərək qonaq
da gedib öz ölkəsində bişirəndə desin ki, Azərbaycanındır. Maltada Azərbaycan mürəbbələri bişirilir və deyirlər ki, biz bunu Azərbaycandan götürmüşük”.

 T.Əmiraslanov əlavə etdi ki, milli mətbəx nümunələrimizin tanınması üçün müxtəlif istiqamətlərdə işlər aparırıq: “Mədəniyyət və Turzim Nazirliyinin dəstəyi ilə, xaricdə olan tədbirlərdə mətbəximizi nümayiş etdiririk. Xarici ölkələrdə “Mətbəx günləri” keçiririk. Bir sıra ölkələrin Universitetlərində, misal üçün Ukraynada tələbələr buraxılış imtahanlarında Azərbaycan mətbəxindən imtahan verirlər. Ukrayna dilində olan kitablarımızı Ukraynada peşə məktəblərinə, kitabxanalarına, universitetlərinə yerləşdiririk. Eyni hal Rusiya, Qırğızıstan, Qazaxıstan,Səudiyyə Ərəbistanı, Almaniya, Avstriyanın və s. universitetləri ilə də
münasibətlərdə mövcuddur. Onlarla görüşürük, bu bir təbliğat formasıdır. Həmin ölkələrin universitetlərində mühazirələr oxuyuruq, milli mətbəximiz tanıdılır. Planımızda daha çox işlər var. Hazırda dünyanın hər yerində yaymaq məqsədilə bir sıra proqramlar hazırlanır”.


 Milli Kulinariya Mərkəzinin baş direktoru dedi ki, xarici ölkələrdə olan dünya çempionatlarına gedirik, o yarışlarda birdən-birə 60-100 ölkədən olan mütəxəssislərə nümunələrimizi göstəririk: “Ölkəmizdə beynəlxalq festivallar, keçirilir. Hətta, ölkəmizə üç dəfə Dünya təşkilatlarının
böyük rəhbərləri gəldi. Bu il “Qəbələ mürəbbə festivalı” 70-100 milyon insana çatdırıldı. Eyni zamanda dolma barəsində dövlət poçt markamızı imzaladıq. Dünya kulinariya təşkilatının çox fəal üzvüyük. Gələn il bizi orada iki böyük posta seçəcəklər. Mən orada təhsil komissiyasının
üzvüyəm. UNESCO-nun dünya xalq yaradıcılıq təşkilatının 2002-ci ildən ənənəvi qida komitəsinə Azərbaycan sədrlik edir. Bunun da özünün təbliğatda çox böyük rolu var. Dünya İslam Kulinariya təşkilatı yaradıldı və mən ora vitse-prezident seçildim. Burada gücümüzdən
istifadə edirik, ölkəmizin irəli getməsinə dəstək veririk. Daha sonra kəndbəkənd gəzib milli mətbəximizi yığırıq. Qarabağ mətbəxi kitabını çıxardıq, indi isə 356 dolma növü kitabı çıxacaq. Beş ildir üzərində işlədiyimiz Azərbaycanın İrəvan xanlığı bölgə mətbəxini toplamışıq,
440 resept və 100 səhifəlik tədqiqat vermişik, nəşriyyatda artıq üzərində iş gedir. İndi bizim qarşımızda assimilyasiya olan mətbəxlərdir. Məsələn, Azərbaycanın Gürcüstanın tarixi ərazisində yaşayan azərbaycanlıların mətbəxi toplanmalıdır. Dərbənd mətbəxini toplamağı
qarşımıza məqsəd qoymuşuq. İndi çox güclü işlər gedir, milli kulinariya lüğət kitabları hazırlanır”.


 T.Əmiraslanov əlavə etdi ki, çoxşaxəli istiqamətdə mətbəxin təbliğatı ilə məşğuluq: “Qədim mənbələr tapıb gətiririk, orada olan xörəkləri bərpa edirik. Və həmin yeməkləri restoran biznesinə çıxarırıq. Mətbəx tarixi ilk dəfə bizim tərəfimizdən yazıldı. Əsas işlərimizdən biri də hiyləgər qonşularımızın qarşısının alınması, onlara cavab verilməsi və bizdən oğurladıqlarının yerinə qaytarılmasıdır. Bununla bağlı kitablar da çıxır, xaricdə də çap edirik. Bəzi bizə zərər verən kitabların qarşısını kəsmişik. Avropanın mətbəx mədəniyyəti adlı kitab çıxarılmışdı, onun
səhvləri üzərində il yarım bizim Mədəniyət və Turizm Nazirliyi tərəfindən iş aparıldı. Və axırda onlardan üzr istətdik və kitabın saytında səhvləri düzəltdilər. Dedilər ki, təzə dillərə təcümədə də bu səhvlər düzəldiləcək. Prezidentin göstərişi ilə biz daim hücumdayıq. Bir mütəxəssis kimi bacardığımızı edirik. Qədim mənbələri ortaya çıxarırıq.Bizim təkcə ordumuza qoyulan vəsait bəzi ölkələrin bütün vəsaitlərindən qat-qat artıqdır. Qaçqınların problemlərinin həll olunmasına çox böyük məbləğdə vəsait ayrılıb və ayrılır. Qarabağ azad olunduqdan sonra mədəniyyət sahələrinə, o cümlədən də milli kulinariyamıza daha çox vəsait gələcək. Və biz də daha çox işlər
görəcəyik”.


Könül Əhmədova

Xəbər xətti