Azərbaycan ədəbiyyatı gürcü dilində antologiya halında çıxıb

20:26 - 8 Dekabr 2017 - KİVDF

Diaspora fəalları ədəbiyyatımızı qonşu və dost ölkə olan Gürcüstanın ictimai, elmi, ədəbi mühitində təbliğ edir 


Azərbaycan mədəniyyətinin xaricdə təbliğində diaspora təşkilatlarımızın fəallarının böyük rolu var. Onlardan biri Mirzə Məmmədoğludur. Mirzə Məmmədoğlu fəaliyyətində Gürcüstanla Azərbaycan arasında körpü rolunu oynayır. Onun Azərbaycan mədəniyyətinin Gürcüstanda tanıdılması xidməti bu ölkədə də qiymətləndirilir. Diaspora fəalımız Tbilisidə gürcü və Azərbaycan dillərində “Molla Pənah Vaqifin şeirləri” adlı kitabı hazırlayaraq çap etdirib.


 Qeyd edək ki, XVIII əsr Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim Molla Pənah Vaqif Gürcüstanda da çox sevilir. Bu sevginin yaranmasında təməl rolunu Azərbaycan diasporası oynayır. Molla Pənah Vaqifin də Gürcüstanla Azərbaycan əlaqələrinin möhkəmləndirilməsində rolu az olmayıb. O, vaxtilə bir diplomat kimi İbrahim xan tərəfindən II İraklinin yanına göndərilmiş, burada gürcü çarı ilə dostluq əlaqələri yaratmışdır. Onun oğluna tərifnamə yazması, Tiflisə, onun gözəlliyinə, gürcü qızına şeirlər həsr etməsi hamıya məlumdur. Vaqifin bədahətən söylədiyi şeirlərinin axıcılığını, şirinliyini gürcü şairləri də öz şeirlərində sevə-sevə qeyd ediblər. Baqrationlar sülaləsindən olan Petre Qruzinski şeirlərinin birində belə bir ifadə işlədir: “Mən Vaqifin şirin dilində oxuyuram...”.


 Diaspora fəalı Mirzə Məmmədoğlu bildirib ki, Vaqifin gürcü dilində ilk kitabı Konstantine Çiçinadzenin tərcüməsində Tbilisidə “Sovet yazıçısı”nəşriyyatında 1948-ci ildə “Gürcüstan barədə şeirlər” adı ilə nəşr olunub. Qısa “Ön söz”ü olan kiçikhəcmli bu kitabda şairin üç şeiri: Tbilisiyə, gürcü qızına, İraklinin oğlu şahzadə Leona həsr olunmuş şeirləri verilib. Kitabın redaktoru Simon Çikovanidir. 1968-ci ildə Molla Pənah Vaqifin anadan olmasının 250-ci ildönümü ilə əlaqədar “Literaturuli Sakartvelo” (“Ədəbi Gürcüstan”) qəzetində gürcü şairlərindən Karlo Kaladze, Şota Nişnianidze və Zezva Medulaşvilinin tərcüməsində onun şeirləri və məşhur türkoloq, Azərbaycan ədəbiyyatının yaxın dostu Georgi Şağulaşvilinin “Vaqif və Gürcüstan” adlı sanballı yazısı dərc olunub. Elə həmin il tanınmış alim, gənclik çağlarını Tiflisdə keçirən Əziz Şərifin “Ön söz”ü ilə Vaqifin ikinci, bu dəfə sanballı kitabı işıq üzü görmüşdür. Kitabda onun xeyli qoşması, qəzəli, müxəmməsi verilmişdir. Bu şeirləri tanınmış gürcü şairləri Paolo İaşvili, Konstantine Çiçinadze, Karlo Kaladze, Şota Nişnianidze, Vaxtanq Cavaxadze, Moris Potsxişvili, Zezva Medulaşvili, Otar Şalamberidze tərcümə ediblər.


 Diaspöora fəalının sözlərinə görə, “Koroğlu” dastanımızı, min bir bayatımızı, Füzulidən tutmuş müasir dövrə qədər bir çox Azərbaycan şairlərinin şeirlərini gürcü dilinə tərcümə edən, ruhumuzun tərcümanı Zezva Medulaşvilinin tərcümələri orijinala yaxınlığı ilə, dilinin rəvanlığı ilə seçilir. “Zezva Medulaşvili bir ildən sonra, yəni 1969-cu ildə “Sisartğela” (“Göy qurşağı”) jurnalında Vaqifin dörd irihəcmli şeirini dərc etdirib. Bütün bu sadalananlar və yeni çap olunan kitab bir daha göstərir ki, Gürcüstanda Vaqif yaradıcılığına sevgi tükənməzdir”,-Mirzə müəllim bildirib.
 Diaspora fəalı bildirib ki, bu yaxınlarda tanınmış jurnalist və istedadlı tədqiqatçı-filoloq, diaspora fəalı Müşfiq Borçalının 1995-ci ildə Bakıda işıqüzü görmüş “M.P.Vaqif və Gürcüstan”  adlı itabının yenidən işlənmiş və əlavələr olunmuş ikinci nəşri “Borçalı”nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilib. Üç bölmədən ibarət olan kitabın “Bu dostluğun yaşı çox!...” adlanan birinci bölməsində Azərbaycan-gürcü ədəbi əlaqələrinin qədim zamanlardan bu günümüzə qədər olan tarixi inkişaf prosesi araşdırılıb.
“M.P.Vaqif və Gürcüstan” adlanan ikinci bölmədə ölməz şairin Gürcüstanla, xüsusilə də Tiflis şəhəri ilə bağlı yazdığı şeirləri, həmin şeirlərin gürcü əlifbası ilə yazılmış və indi də Gürcüstan arxivlərində qorunub saxlanan nüsxələri tədqiqata cəlb olunub, həmin nüsxələrlə şairin mövcud kitablarında dərc olunmuş şeirləri arasında oxşar və fərqli məqamlar diqqətə çatdırılıb, eləcə də gürcü şairlərinin M.P.Vaqifə həsr etdikləri şeirlər, həmçinin gürcü alimlərinin M.P.Vaqifə verdikləri yüksək dəyərlər və s. haqqında oxuculara ətraflı məlumat verilib.
Kitabın üçüncü bölməsində isə “Gürcüstanda yaşayib-yaradan soydaşlarımızın yaradıcılığında bədii tərcümə məsələləri və Azərbaycan-gürcü ədəbi əlaqələr (1950-2015)” ilk dəfə olaraq elmi tədqiqata cəlb olunub.

 Kitabın sonunda istifadə olunan geniş ədəbiyyat siyahısı verilib.
Bu sahədə əlaqələrimiz bununla bitmir. Tiflisdə Gürcüstan Yazıçıları Milli Akademiyasının xətti ilə “Universal”nəşriyyatı tərəfindən gürcü dilində üç kitab: Azərbaycanın realist sənətkarı, məşhur yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin “Poçt qutusu” hekayələr kitabı, Azərbaycanın tanınmış alimlərindən biri, ədəbiyyata şeirlə gələn Məhərrəm Qasımlının (Orxan Paşanın) “Yağmur qoxusu” şeirlər kitabı və Xalq şairi Sabir Rüstəmxanlının “Ölüm zirvəsi” adlı romanı işıq üzü görüb. Bu kitabların nəşrində böyük əməyi olan Gürcüstan Yazıçıları Milli Akademiyasının Azərbaycan bölməsinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, diaspora fəalı Mirzə Məmmədoğlu deyib: “Bu kitabların nəşrini Tiflis ədəbi mühitində mühüm hadisə kimi dəyərləndirmək olar. Cəlil Məmmədquluzadənin dünyanın bir neçə dilində hekayələr kitabı işıq üzü görsə də, gürcü dilində ilk dəfə nəşr olunur. Onun “Poçt qutusu” adlı hekayəsi ilk dəfə görkəmli alim Əziz Şərif tərəfindən tərcümə olunub və bu hekayə 1934-cü ildə “Türk ədəbiyatı” toplusuna daxil edilib. Sonralar, daha doğrusu 1968-ci ildə Tiflis Dövlət Univerrsitetinin nəşr etdiyi Xaqanidən tutmuş Nəbi Xəzriyə qədər Azərbaycan şair və yazışılarının əsərlərindən nümunələrin verildiyi ədəbiyyat müntəxəbatına Cəlil Məmmədquluzadənin yenə “Poçt qutusu” və “Saqqallı uşaq” hekayələri salınmışdır. “Poçt qutusu” hekayəsini Leyla Eradze, “Saqqallı uşaq” hekayəsini isə Nodar Canaşiya gürcü dilinə tərcümə edib. 
Onu da qeyd etmək lazımdır ki, eyni hekayənin tərcüməsində Əziz Şərifin tərcüməsi daha uğurludur”. 
Bundan başqa, Məhərrəm Qasəmlının “Yağmur qoxusu” adlı gürcü dilində şeirlər kitabı çap olunub. Kitabda onun müxtəlif illərdə yazdığı müxtəlif səpkili şeirləri verilibdir. Bundan öncə onun silsilə şeirləri “Literaturuli Sakartvelo” (“Ədəbi Gürcüstan” ) qəzetində və “Amer-İmer”( “Bu tərəf o tərəf”) ədəbi jurnalında dərc olunmuşdur. Şeirlərin sətri tərcüməsini mən, bədii tərcüməsini istedadlı gürcü şairi, bu yaxınlarda dünyasını dəyişən Avtio Çxaidze tərcümə edibdir. 


 Diaspora fəalı Mirzə Məmmədoğlu deyib ki, Sabir Rüstəmxanlının “Ölüm sirvəsi” romanını tanınmış gürcü yazıçısı, Gürcüstan Yazıçıları Milli Akademiyasının vitse-prezidenti Aleko Qabeliya tərcümə edib. Onu da qeyd etmək lazımdır ki, Avto Çxaidze və Aleko Qabeliya bir neçə il bundan əvvəl Məmməd Arazın gürcü və Azərbaycan dilində nəçr olunan kitabın da tərcüməçiləridir.  Kitablar gürcü oxucuları tərəfindən maraqla qarşılanıb.
Noyabrın 21-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Türk Dünyası İnfo” İctimai Birliyinin həyata keçirdiyi “Azərbaycan-Gürcüstan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” adlı layihə çərçivəsində çap olunmuş - müasir Azərbaycan şairlərinin gürcü dilinə tərcümə olunmuş şeirlərindən ibarət “Çağdaş Azərbaycan poeziyası” antologiyasının təqdimatı olub. M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gürcüstan bölməsinin və Azərbaycan-Gürcüstan “Varlıq” Mədəniyyət Mərkəzinin birgə təşkil etdiyi tədbirdə hər iki ölkənin yazıçı və şairləri, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Muzeyin direktoru Leyla Əliyeva Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb, hər iki ölkənin şair və yazıçılarının əsərlərinin tərcümə olunaraq yayılmasının mədəni münasibətlərin inkişafına töhfə verdiyini qeyd edib.

 AYB-nin və “Varlıq” Mədəniyyət Mərkəzinin sədri Rafiq Hümbət deyib ki, antologiya gürcü dilinə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Türk Dünyası İnfo” İctimai Birliyinin həyata keçirdiyi “Azərbaycan-Gürcüstan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” adlı layihə çərçivəsində çapdan çıxıb.“QHT Nəşriyyatı”nda 350 tirajla nəşr olunan kitabda ədəbi ictimaiyyətin yaxşı tanıdığı, müxtəlif ədəbi nəsilləri təmsil edən 22 Azərbaycan şairinin 100-dən çox əsərindən ibarət nümunələr yer alıb. Bu kitablar gənc nəslin poeziyaya marağının artmasında və yazarlarımızın tanımasında mühüm rol oynayır. Nəşrin məsləhətçisi Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Millət vəkili, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov, layihənin rəhbəri şair-publisist Dəyanət Osmanlıdır. Şeirləri gürcü dilinə Neli Məmmədova, Zezva Medulaşvili, İmir Məmmədli, Oktay Kazımov, Anna Bartkulaşvili və Niha Zorzaneli tərcümə ediblər. 
“Türk Dünyası İnfo” İctimai Birliyinin sədri Dəyanət Osmanlı  bildirib ki, bu layihənin məqsədi müasir Azərbaycan şairlərinin xaricdə tanıdılması, Azərbaycan-Gürcüstan ədəbi-mədəni əlaqələrinin inkişafına kömək etməkdir. Çağdaş Azərbaycan poeziyası gürcü dilində antologiya halında çıxması ilk təşəbbüsdür və ədəbiyyatımızın qonşu və dost ölkə olan Gürcüstanın ictimai, elmi, ədəbi mühitində təbliğinə yönəlib. 
Kitab Gürcüstanda kitabxanalara, mədəniyyət mərkəzlərinə və digər uyğun müvafiq ictimai qurumlara hədiyyə olaraq paylanacaq.

Xəbər xətti