Azərbaycan-Gürcüstan Mədəni Əlaqələrinin İnkişafı Fondu yaradılıb

23:20 - 7 Dekabr 2017 - KİVDF

Fond mədəni irsimizi qoruyacaq və dünyada təbliğ edəcək


"Azərbaycanla mədəni əlaqələrimiz, əməkdaşlığımız getdikcə inkişaf edir. Buna nümunə olaraq son illər musiqi kollektivlərimizin hər iki ölkəyə qarşılıqlı səfərlərini göstərmək olar”. Bu barədə Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Giorqadze bildirib. Onun sözlərinə görə iki ölkə arasında mədəni əlaqələrin inkişaf etdirilməsi və onun yeni mərhələyə keçməsi üçün geniş imkanlar var. Bu məqsədlə bu il Tbilisidə Azərbaycan-Gürcüstan Mədəni Əlaqələrinin İnkişafı Fondu yaradılıb.  Bu fond həm də bir diaspor təşkilatı kimi öz müsbət rolunu oynayacaq, iki ölkə arasında mədəni əlaqələri daha da inkişaf etdirəcək, mədəni irsimizi birgə qoruyacaq və dünyada təbliğ edəcək. 

Qeyd edək ki, noyabrın 17-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Fondun təqdimat mərasimi keçirilib. Mərasimdə bildirilib ki, Azərbaycan və gürcü xalqlarının birliyi mədəni əlaqələrimizin möhkəmlənməsində, dünyada təbliğində və mədəni irsimizin qorunmasında mühüm rol oynayır. Yeni yaradılan Fond bu birliyin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək. Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Fəxri Hacıyev Fondun ölkələrimiz arasındakı mədəni əlaqələrin inkişafında mühüm rol oynayacağına əminliyini bildirib, yeni yaradılan qurumun fəaliyyətinə uğurlar arzulayıb. Fondun idarə heyətinin sədri Simon Kopadze, akademik Royin Metreveli və digər çıxış edənlər Azərbaycan ilə Gürcüstan arasındakı dostluq əlaqələrindən danışıb, bu cür təşkilatların yaradılmasını yüksək qiymətləndiriblər. Bildirilib ki, Fond Azərbaycan və gürcü yazarların əsərlərinin hər iki dilə tərcümə olunaraq yayılmasını da təmin edəcək. Fondun idarə heyətində Azərbaycan parlamentinin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Əflatun Amaşov, Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Royin Metreveli və başqaları var. Fondun fəaliyyətində Gürcüstanda yaşayan azərbaycanlı  ziyalıların böyük rol oynayacağı şübhə doğurmur. Onların tərcümə sahəsində və iki ölkə arasında mədəni əlaqələrin inkişafında rolu olan ziyalılarımız var. Onlardan biri də Mirzə Məmmədoğludur. Mirzə müəllim iki ölkə arasında mədəni əlaqələrin inkişafında xüsusi xidməti olan ziyalımızdır. Tbilisidə gürcü və Azərbaycan dillərində “Molla Pənah Vaqifin şeirləri” adlı kitabın işıq üzü görməsində onun zəhməti böyükdür. Kitab Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə çap olunub, tərcüməçisi və tərtibçisi Gürcüstan Yazıçıları Milli Akademiyasının Azərbaycan bölməsinin rəhbəri Mirzə Məmmədoğludur. Diaspora fəallımız

Diaspora fəalı M.Məmmədoğlu deyib: “Bu kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyinin keçirilməsi haqqında" 12 yanvar 2017-ci il tarixli Sərəncamına əsasən çap olunub. Kitabda Vaqifin gürcü dilində nəşr olunan kitablarında, eləcə də jurnal və qəzetlərdə dərc olunan şeirlərinə paralel olaraq onların orijinalı da yer alıb. Həmçinin gürcü dilində bu böyük şair barədə çap olunmuş məqalələr gürcü və Azərbaycan dillərində təqdim olunub. Bu kitabın M.P.Vaqifin 300 illik yubileyinə qiymətli töhfə olacağı qənaətindəyik. Ümidvaram ki, kitab gürcü və azərbaycanlı oxucuları bir-birilərinə daha da yaxınlaşdıracaq. Bu kitab Azərbaycan dilini öyrənmək istəyən gürcülər, gürcü dilini öyrənmək istəyən azərbaycanlılar üçün, ümumiyyətlə, poeziyasevərlər üçün bir ərməğan olacaq. Gürcüstan-Azərbaycan ədəbi əlaqələrinə də töhfələrini verəcək”. 
 Azərbaycan diasporasının fəallı Mirzə Məmmədoğlu publisistik yazılarında da da iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə xidmət edir. Bu barədə Azərbaycan yazıçısı Nəriman Əbdülrəhmanlı deyib: “Onun publisistikası milli varlığımızın əsrlərin tozu altında gizlənmiş izlərini tapıb üzə çıxarmağa xidmət eləyir. Mirzə o yazılarında lap qədimlərdən – Hübeyş Tiflisidən indiyəcən taleyini bu qədim şəhərlə bağlamış, burada doğulub-yaşamış şəxsiyyətlərin ömür yoluna və yaradıcılığına dair ilkin mənbələrdən əldə elədiyi faktları böyük yanğıyla gün üzünə çıxarır, milli təfəkkürümüzün danılmaz faktına çevirir. Onun həyatı bu və ya digər dərəcədə Tiflislə bağlı olan Molla Pənah Vaqif, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, İbrahim İsfahanlı, eləcə də, Yadigarovlar nəsli, Çələbilər, Tiflis toponimləri, Azərbaycan və gürcü dillərinin qarşılıqlı təsiri, Gürcüstanın xalq qəhrəmamı Xudu bəy Borçalı, İranın Tiflisdəki baş konsulu Mirzə Rza xanla bağlı araşdırmaları yaradıcılıq faktıyla yanaşı, milli heysiyyatın bərpası yönümündə atılan addımlardı.
Mirzə Məmmədoğlunun "Qədim Tiflis” adlı etnoqrafik araşdırmalar toplusu bu mənada xüsusi çəkiyə malikdi. Bu qədim şəhərdə küçələr, binalar, məscidlər, meydanlar, abidələr, körpülər... şəklində mövcud olmuş, ruhumuzun kodlarını daşıyan, bir hissəsi artıq ancaq yaddaş faktına çevrilmiş yerləri yaşatmaq baxımından müəllifin gərgin əməyini qiymətləndirmək lazımdı. Təsadüfi deyil ki, kitab iki dəfə - 2009-cu ildə və bu ilin əvvəllərində işıq üzü görüb, araşdırıcıların və oxucuların diqqətini çəkib.
O, "İki simin titrəməsi” adlandırdığı Azərbaycan-gürcü qarşılıqlı atalar sözləri və məsəllər, idiomatik və ortaq leksik vahidlərlə bağlı araşdırma kitabını da araya-ərsəyə gətirib, iki qonşu xalqın dilinin qarşılıqlı təsiri sahəsinə çalışan tədqiqatçılar üçün dəyərli mənbə ortaya çıxarıb.
Mirzə Məmmədoğlu araşdırmalarının bir hissəsini sənədli-bədii nəsrə çevirməyi də bacarıb. Onun M. F. Axundov haqqında "Tiflisdə keçən ömür” adlı sənədli povesti artıq işıq üzü görüb, "Xudu bəy Borçalı” sənədli povesti çapa hazırdı, "Yadigaröyünün yadigar qılıncı” sənədli hekayəsi sosial şəbəkələrdə yayılıb, oxucuların diqqətini çəkib...Azərbaycan və gürcü dillərindən qarşılıqlı tərcümə Mirzə Məmmədoğlunun yaradıcılığının sanballı bir yönümünü təşkil eləyir. Qardaş xalqın dilinə bələdliyi, Zezva Medulaşvili, Aleko Çxaidze, Naro Kolxeli kimi peşəkar tərcüməçilərlə yaxın dostluğu və əməkdaşlığı artıq bu yönümdə uğurlu nəticələr qazanmasına səbəb olub. Məhz bunun nəticəsidi ki, o, məşhur gürcü tədqiqatçısı Konstantine Pağavanın "Mirzə Fətəli Axundov” və "Nizami”, akademik Elizbar Cavelidzenin "Füzuli” monoqrafiyalarını dilimizə çevirib, oxuculara çatdırıb.
Mirzə Məmmədoğlu iki xalqın məişət mədəniyyətləri arasındakı oxşarlıqları və qarşılıqlı təsiri bu nəşr vasitəsilə çatdırmaq məqsədilə Merab Beradzenin "Gürcü mətbəxi” toplusunu tərcümə və nəşr etdirib...

Cəlil Məmmədquluzadənin hekayələrindən ibarət "Poçt qutusu” kitabı da məhz Mirzə Məmmədoğlunun səyi və redaktorluğu nəticəsində araya-ərsəyə gəlib. Kitabı dilizmizə onun oğlu ədəbiyyatşünas-tədqiqatçı, tərcüməçi Almaz Mirzəoğlu çevirib.
Mirzə Məmmədoğlu Məmməd Arazın "80 yaş, 80 şeir” poetik toplusunun, Sabir Rüstəmxanlının "Ölüm zirvəsi” romanının, Məhərrəm Qasımlının (Orxan Paşa) "Yağmur qoxusu” adlı şeirlər kitabının da gürcü oxucularına çatdırılmasına az əmək sərf eləməyib...
Gürcüstan mətbuatında Əjdər Olun şeirləri, bu sətirlərin müəllifinin hekayələri Mirzə Məmmədoğlunun tərcüməsilə işıq üzü görüb...
Üstəlik, o, onlarla gürcü yazıçısının əsərlərini dilimizdə səsləndirib. Beş il əvvəl çap etdirdiyi, görkəmli gürcü nasiri Revaz İnanişvilinin "Tənhalıq nəğməsi” adlı hekayələr və miniatürlər toplusu Mirzə Məmmədoğlunun bu sahədə daha bir təmənnasız xidmətinin nəticəsidi...
Yaxından köməyi və iştirakıyla hazırladığım iki cildlik "Gürcü nəsri antologiyası”na Mirzə Məmmədoğlunun tərcüməsində iyirmiyə yaxın yazıçının yaradıcılığından nümunələr daxil edilib...
Onun arxivində hələ çapını gözləyən dəyərli tərcümələr – Mirzə Rza xanın xatirələri və ötən əsrin gürcü siyasi xadimi Şalva Mağlakelidzenin "Yaxın keçmişdən – Msxeta ətrafında baş verən hadisələrdən bir parça” - var...
Bütün bu sadalama Mirzə Məmmədoğlunun yaradıcılıq diapazonunun nə qədər geniş olduğundan xəbər verir...”

(ardı var)

Xəbər xətti