Ana səhifə
18 Dekabr 2017

“Gənc qızların çoxu evlənib ölkədən getmək üçün can atırlar”

Lalə Mehralı: “Qızlarımızın əcnəbilərlə evlənməyə maraqlı olmasının bir səbəbi də kişilərimizin qadınlarına qoyduğu qadağalardır”
Orxan Oruc: “Bəzi xanımlar həyatın türk filmlərindəki kimi gözəl və romantik olduğunu düşünürlər”


2016-cı ildə əcnəbilərlə ailə quran Türkiyə vətəndaşlarının statistikasından məlum olur ki, Türkiyəyə gəlin köçən qadınların sayına görə Azərbaycan üçüncü yerdədir. Əcnəbi gəlinlərin çoxu suriyalıdır. Təkcə 2016-cı il ərzində türk kişilər 6 min 495 suriyalı qadınla ailə qurublar. İkinci yerdə 2 min 644 gəlinlə Almaniya, üçüncü yerdə isə 2 min 170 gəlinlə Azərbaycan gəlir. 
Ümumiyyətlə, ötən il suriyalılarla ailə quran türk vətəndaşlarının sayı 7 min nəfəri keçib. Bu rəqəmin böyüklüyü isə Suriyada gedən müharibə səbəbindən Türkiyəyə sığınan 4 milyona yaxın suriyalı qaçqının olması ilə əlaqədardır. 
2016-cı ildə Türkiyəyə xaricdən 22 min 583 gəlin gətirilib. Əcnəbilərlə evlənən türk qadınların sayı isə bundan xeyli az – 3 min 777 nəfər təşkil edib. Bu rəsmi məlumatda bizi maraqlandıran türklərlə ailə quran azərbaycanlı qadınlardı. Onların hər il sayı artır.  Ümumiyyətlə, xarici ölkə vətəndaşıarı ilə ailə qurmaq istəyən qadınlar az deyil. 
Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən jurnalist-sosioloq Lalə Mehralı bildirdi ki, gənc qızların əksəriyyəti evlənib ölkədən getmək üçün can atırlar. Səbəbləri isə müxtəlifdir: “Kimisinə görə xaricdə  pul qazanmaq asandır, imtiyazlar rahatlıqla əldə edilir. Axı uzaqdan döyüş asan gəlir... Bizim cəmiyyətdə elə fikir formalaşdırıblar ki, bizim ölkədən başqa hər yerdə maddi vəziyyət əladır. İnsanlar rifah içində yaşayır, 8-10 min dollar maaş alır, hamı öz şəxsi evində oturur, bir ailədə hamının şəxsi avtomobili olur və s. Bunlar uzun illər özünü oda, közə vurub durmadan-dayanmadan işləyən insanlar üçün əlçatan ola bilər, amma əcnəbi ilə evlənən kimi hamı milyonçu olsaydı, onda ölkədə qız qalmazdı, hamısı xaricə qaçardı”. 

L.Mehralı deyir ki, məncə qızlarımızın əcnəbilərlə evlənməyə maraqlı olmasının bir səbəbi də kişilərdən qaynaqlanır: “Yəni, açıq desəm, bir səbəb də bizim kişilərimizin qadınlarına qoyduğu qadağalardır. Tutaq ki, dar geyimə icazə vermir, çıx qısa ətək olmaz deyir, boyalı dodaq görmək istəmir, saraldılmış, qızardılmış saçlardan xoşlanmır və öz xanımına bu qadağaları qoyur. Bəzi xanımlar buna əməl edir, bəzisi isə üsyan... Qohum-qonşusunda, tanışında bu cür qadağa ilə üzləşən qadınların narazılığını görən, eşidən gənc qızlar da "əcnəbilərdə belə kompleks yoxdur” deyə evlilik üçün onları ideal hesab edir”. 

Jurnalist-sosioloq qeyd etdi ki, yaxınları, tanıdıqları arasında  əcnəbi ilə ailə quranlar var: “Çox möhkəm ailəsi olub xoşbəxt olan da var, adət-ənənələrə uyğunlaşmayıb ayrılan da... Ayrılanda övladından uzaq düşənlər də çoxdur. Çünki əcnəbiyə ərə gedib onun ölkəsində, onun qanunlarına uyğun yaşamaqla bunu elə əvvəldən gözə almış olurlar. O ölkədə doğulan uşaq oranın vətəndaşı olur və ailə dağılanda qanun onu öz ölkəsinin vətəndaşı olan ataya verir. 5 barmağın 5-i də bir olmadığı kimi Azərbaycan kişilərinin də hamısı eyni deyil. Qızlarımız seçimi dügün etsə, gələcək həyat yoldaşını həm ağlına, həm mənəviyyatına görə seçsə ailəsi də möhkəm olacaq”.


Sosioloq Əhməd Mansurov bildirir ki, əcnəbilərlə ailə həyatı qurmaq qlobal problem kimi qarşılanmamalıdır: "Xaricə oxumağa, çalışmağa gedən azərbaycanlılar az deyil. Onlar getdikləri ölkələrdə yaşadıqları müddətdə insanlarla tanış olur, onların davranışlarına, adət-ənənələrinə alışırlar. Sevirlər, kimsə xoşlarına gəlir və ailə həyatı qurmağa qərar verirlər. Burada heç bir problem yoxdur. Hər bir insanın haqqıdır ki, istədiyi, seçdiyi insanla ailə həyatı qursun".
Mansurov həmçinin qeyd edir ki, əcnəbi kişilər azərbaycanlı qadınlara çox maraqlı olur. Çünki azərbaycanlı qadınlar ailə qədri bilən, səmimi olurlar: "Hər bir ölkənin kişilərinin əcnəbi qadınlara marağı olur. Onlar tanıdıqları əcnəbi qadınları öz millətinin qadınları ilə müqayisə edirlər. Təbii ki, son olaraq ürəkləri istəyən qadınla ailə həyatı qururlar. Azərbaycan qadını da sevgi dolu olur. Ona bir qədər nəvaziş, bir qədər diqqət göstərdinsə, ömür boyu qulluğunda durur. Kişilər də bunu sevir".
Müsahibimiz bildirir ki, əvvəllər Azərbaycan kişisi əcnəbi qadınlara üstünlük verməzdi. Amma zaman keçdikcə, kişilər arasında da əcnəbi qadınlarla ailə həyatı quranların sayı artmağa başladı: "Bu bir seçimdir, kimsə qarışa bilməz".
Sosioloq həmçinin qeyd edir ki, əcnəbi ilə ailə həyatı quran qızlarn aldanma ehtimalı da böyük olur: "Bəzən oğlanı yaxından tanımadan, bilmədən ailə qurmağa qərar verirlər. Getdikləri ölkədə nə ilə qarşılaşacaqlarından xəbərsiz ailə həyatı quran qızlar insan alveri qurbanına da çevrilə bilərlər. Buna görə də ehtiyyatlı olmaq lazımdır".
Mütəxəssislərə görə, qızlar daha çox 30 yaşından sonra əcnəbi ilə ailə həyatı qurmağa üstünlük verir. Bunun da səbəbləri var.
Psixoloq Fidan Əliyevanın sözlərinə görə, nə qədər qəribə olsa da, Azərbaycanda qızın yaşı bir az çoxdursa, onunla ailə həyatı qurmaq istəyənlərin sayı çox az olur: "Müəyyən yaşa qədər ona elçi düşənləri bəyənməyən bəzi qızlar, müəyyən yaşdan sonra məcbur qalıb əcnəbi ilə ailə həyatı qururlar. Məsələn, türk kişiləri qadının yaşına deyil, bacarığına, sevgisinə üstünlük verirlər. Bir qədər də romantik olduqları üçün Azərbaycan qızları tərəfindən seçilirlər".
Psixoloqun sözlərinə görə, bəzi qızlar həyatlarının müəyyən hissəsini karyera qurmağa sərf edir, ailə həyatı qurmağa gecikirlər. Bu qızlar üçün də əcnəbilər ideal seçim olur.
"Ümumiyyətlə, qızlarımızın əcnəbi ilə ailə qurmasında kişilərin də bir az günahı ar. Kişilərimiz bir az mehriban, başadüşən olsalar, heç bir qız öz istəyi ilə əcnəbi ər seçməz" — deyə psixoloq əlavə edir.


Psixoloq Orxan Oruc bildirdi ki, insanlar sərbəst şəkildə yaşamağa meyil edir və xaricdə bu sərbəstliyi hiss edəcəklərini düşünürlər: “İnsan adətən öz şəxsi problem, kompleks və çətinliklərinin kökündə özündən  çox ətrafını qınamağa meyillidir. Elə əsas səbəblərdən biri cəmiyyətdə olan bu problemlərdən qaçmaq üçün ola bilər. Digər səbəb isə gündəlik həyatımızda olan türk serialları ilə bağlıdır. Hazırda Azərbaycan cəmiyyəti üçün ən çox izlənilən və baxılan kanallar türk serialları yayımlanan kanallardır. Bunun təsirini vurğulamamaq mümkün deyil. Çünki bəzi xanımlar həyatın türk filmlərindəki kimi gözəl və romantik olduğunu düşünürlər. İndiki dövrdə artıq ərə getmək, evlənmək yaşına çatmış gənc xanımlar şüuraltı olaraq neçə illərdir ki, yeniyetməlik yaşından türk filmlərinin psixoloji təsirlərinə məruz qalırlar”.

Psixoloq deyir ki, amma qızların xaricə ərə getməyə meyilli olmasının  yaxşı, yaxud pis bir şey olduğunu demək bir az çətindir: “Çünki, bu insanların şəxsi seçimidir, əgər xanım özünü orada daha xoşbəxt hiss edəcəksə, Azərbaycanımızı bir ev xanımı kimi təmsil edəcəksə, niyə də evlənməsin? Xanımların bəziləri isə işi ilə əlaqədar olaraq xaricə ərə gedə bilər. Yaxud da həqiqətən sevir və buna görə ailə həyatı qurur. Yəni, səbəblər müxtəlifdir. Həmin o xanımların hamısını dinləsək, hər birinin bununla bağlı öz həyat hekayəsi var”. 

O.Oruc əlavə etdi ki, insanların xarici ölkə vətəndaşı ilə ailə həyatı qurması bütün zamanlarda olub: “Bizdən xaricə, xaricdən də ölkəmizə gəlin köçüb. Nəzərə alsaq ki, 9 milyon əhalinin 50 faizi xanımdır, bu qədər rəqəmin qarşılığında  2 min 170 rəqəmi o qədər də böyük deyil. Fikrimcə, bunu qarşılıqlı müqayisə etsələr çox yaxşı olar. Bəs görəsən, Türkiyədən Azərbaycana nə qədər gəlin köçüb? Bu zaman həmin rəqəmin o qədər də böyük olmadığı məlum olar”. 


Könül Əhmədova

Tarix
7 Dekabr 2017 [18:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ