Ana səhifə
18 Dekabr 2017

Şabranın 5 kəndi içməli su ilə təchiz olunub

Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında prezidentin 17 mart 2017-ci il tarixli sərəncamına uyğun olaraq Şabran rayonunda həyata keçirilən layihə uğurla icra olunub.

 
Ucnoqta.az "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata istinadən bildirir ki, layihə çərçivəsində rayonun 5 kəndində yeni su təchizatı infrastrukturu yaradılıb.
 
Bu münasibətlə Şabran rayonunun Sincanboyad kəndində keçirilən açılış mərasimində Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov son illər rayonda həyata keçirilən sosial infrastruktur layihələri barədə məlumat verib. O, qeyd edib ki, Şabran şəhərində əhalinin içməli su ilə bağlı problemləri həllini tapıb, kəndlərdə su layihələrinin icrası mərhələlərlə davam etdirilir. Sudan əziyyət çəkən  kəndlərdə icra olunan layihə mühüm hadisədir və sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edir.
 
"Azərsu" ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Ramin Sadıqov prezident İlham Əliyevin kənd əhalisinin içməli su təchizatının yaxşılaşdırılmasını xüsusi diqqətdə saxladığını xatırladaraq son illər bu sahədə görülmüş işlər barədə məlumat verib. R.Sadıqov bildirib ki, digər rayonlarda olduğu kimi Şabranda da su təchizatı layihəsi qısa müddətdə icra edilib: "Şabran rayonunda kəndlərin içməli su təchizatının yaxşılaşdırılması  layihəsinin icrasına bu ilin yayında başlanılıb. Qısa müddətdə 10,3 km su xətləri çəkilib, 29 ədəd bulaq quraşdırılıb. Təkcə Sincanboyad kəndində 4,5 km kənddaxili su xətti çəkilib, 13 ədəd bulaq quraşdırılıb. Bununla kəndin 800 nəfər sakininin içməli su problemi həll edilib. Növbəti illərdə rayonun digər kəndlərində də içməli su layihələrinin həyata keçirilməsi nəzərdə tutulur".
 

Tədbirdə çıxış edən kənd sakinləri bildiriblər ki, indiyədək içməli suya olan tələbatlarını uzaq məsafələrdə yerləşən bulaqlardan daşımaqla ödəyirdilər. Bu da əhalinin su təminatında ciddi çətinliklərə səbəb olurdu. Sakinlər bu sahədəki problemlərin həllinə göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
 
Şabran rayonunda icra olunan layihə 5 yaşayış məntəqəsini - Ağbaş, Uzunboyad, Söhbətli, Dağbilici və Sincanboyad kəndlərini əhatə edir. Ağbaş, Uzunboyad, Söhbətli və Sincanboyad kəndlərində yaşayan sakinləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə su mənbəyi II Bakı Su Kəməri seçilib. Dağbilici kəndinin su təchizatı  subartezian quyusu hesabına aparılacaq. Artıq Ağbaş, Uzunboyad, Söhbətli və Sincanboyad kəndlərində layihənin icrası yekunlaşıb. Dağbilici kəndində artezian quyusu qazılıb və nasos stansiyasının  tikintisi davam etdirilir. Yaxın günlərdə işlər tam başa çatdırılacaq. Şabran rayonunda icra olunan layihədən 5 kəndin 5400 sakini faydalanacaq.

Qeyd edək ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə  və “Azərsu” ASC-yə daxil olmuş müraciətlər əsasında 2016-cı ildə Şabran rayonunun Təzəkənd və Dəvəçi kəndlərində içməli su layihəsi icra olunub və 1700 nəfərin içməli su təchizatı yaxşılaşdırılıb.

Tarix
6 Dekabr 2017 [16:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ