Türkiyədə Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olunur

23:09 - 5 Dekabr 2017 - KİVDF

Tədbirlərdə diaspora təşkilatlarımız fəal iştirak edirlər
 

 Diaspora təşkilatları Azərbaycan mədəniyyətinin xaricdə təbliğində önəmli rol oynayırlar. Bu il dünyanın müxtəlif ölkələrində Azərbaycanın dahi şairi Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olunur. Bu tədbirlərdə diaspora təşkilatlarımız da yaxından iştirak edirlər. Türkiyənin Uşak Universitetində yubiley tədbiri Azərbaycanlı tələbələrin, “Uniaktif” Tələbə Klubunun və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un təşkilatçılığı və İNDEX – Azərbaycan insan kapitalı və inkişaf mərkəzinin maliyyə dəstəyi ilə baş tutub. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib. Dövlət Komitəsindən verilən məlumata görə, tədbirə Uşak Universitetinin rektoru, professor Sayın Dalkıran, rektorun köməkçisi, professor Saim Savaş, TÜRKSOY-un Azərbaycan nümayəndəsi Elçin Qafarlı, Aşıq Səlahəddin Dündar, yazıçı-tədqiqatçı Songül Dündar, azərbaycanlı və yerli tələbələr, diaspor təşkilatlarının nümayəndələri qatılıb. Yubileyin əsas təşkilatçılarından olan Uşak Universitetinin azərbaycanlı tələbəsi Ramin Seyidov qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən danışıb, Molla Pənah Vaqif haqqında məlumat verib. Sonra Universitetinin rektoru Sayın Dalkıran, TÜRKSOY-un Azərbaycan nümayəndəsi Elçin Qafarlı, tədqiqatçı-yazçıçı Songül Dündar , Uniaktif tələbə klubunun sədri Fərid Dəliqan, azərbaycanlı tələbələr-diaspora fəalları Orxan Həsənli, Rüstəm Rüstəmov, Nigar Axundova, Əfsanə Yusibova, Gunel Məmmədova, Orxan Əkbərli çıxış ediblər. Çıxış edənlər Molla Pənah Vaqifin həyatı, yaradıcılığı, dövlət xadimi kimi xidmətlərindən bəhs ediblər. Bildirilib ki, TÜRKSOY 2017-ci ili Molla Pənah Vaqif ili elan etdiyi üçün böyük şairin 300 illik yubileyi bütün türk dünyasında qeyd olunub. 
 
Yubiley tədbiri çərçivəsində akademik, millət vəkili Nizami Cəfərovun “Molla Pənah Vaqif” kitabının və Azərbaycan Milli Kitabxanası tərəfindən tərtib olunmuş “Molla Pənah Vaqif. Biblioqrafiya” kitablarının təqdimatı keçirilib. 
Daha bir tədbir noyabr ayının 2-də Türkiyə Milli Kitabxanasında baş tutub. Diasporla İş üzrə Dövlət Komitəsinin bildirdiyinə görə, tədbirdə beynəlxalq elmi konfrans və Azərbaycan Milli Kitabxanasının fonduna məxsus olan, şairin əsərlərindən ibarət kitab sərgisi təşkil olunub.  Tədbir çərçivəsində həmçinin “Molla Pənah Vaqif şeirləri dünya dillərində”,  “N.Cəfərov. Molla Pənah Vaqif”, “Molla Pənah Vaqif. Biblioqrafiya” kitablarının təqdimatı olub.

 Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Türkiyə Respublikasının mədəniyyət və turizm nazirinin müavini Hüseyn Yayma, Türkiyə Respublikasının Prezidenti R.T.Ərdoğanın müşaviri, keçmiş mədəniyyət və turizm naziri  Yalçın Topçu, diaspora təşkilatlarımızın nümayəndələri və digər ziyalıların müşayəti ilə tədbir iştirakçıları Azərbaycan Milli Kitabxanasının qızıl fondunda qorunan şairin zəngin həyat və yaradıcılığını özündə əks etdirən geniş kitab sərgisi ilə tanış oldular.  Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilir ki, Azərbaycan Milli Kitabxanasının direktor prof. Kərim Tahirov sərgi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Atatürk Mərkəzinin müdiri, millət vəkili, akademik Nizami Cəfərov M.P.Vaqifin öz ədəbi və siyasi fəaliyyətilə xalqla bağlı mütərəqqi şəxsiyyətlərdən biri olduğu kimi Azərbaycan ədəbiyyatının yeni istiqamətdə inkişafına kömək etmiş qüdrətli bir sənətkar olduğunu söyləmiş, Qazi Universiteti Çağdaş Türk Ləhcələri və Ədəbiyyatı fakültəsinin müəllimi Yrd. Doş. Dr. Aysun Demirez Güneri şairin dilinin sadəliyindən, özünəməxsus üslubundan danışmış, yaradıcılığını təhlil edərək Azərbaycan türklərinin ənənələrini yaşatdığını, şeirləri ilə Azərbaycan ədəbi dilini zənginləşdirdiyini  deyiblər. 
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə türk dünyasının bu tədbirə qatılan bütün nümayəndələrini salamlayıb, tədbirin keçirilməsinə görə TÜRKSOY təşkilatına, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinə və ev sahibliyinə görə Türkiyə Milli Kitabxanasına minnətdarlığını bildirib. Şair haqqında danışan nazir M.P.Vaqif zirvəsinin yüksəkliyini, dahi şəxsiyyətin müxtəlif sahələrdə fəaliyyət göstərdiyini, onun yeni istiqamət açaraq milli ədəbiyyatımızda xüsusi iz qoyduğunu vurğulamış, şairin yaradıcılığının həmişə diqqət mərkəzində və dövlət qayğısı ilə əhatə olunduğunu qeyd edərək hələ 1982-ci ildə ümummilli lider, ulu öndər Heydər Əliyev cənablarının təşəbbüsü ilə Şuşada M.P.Vaqifin məqbərəsinin açıldığını qeyd edibdir. Bu gün onun məzarının olduğu torpağın bədnam qonşularımızın işğalı altında olmasının bizim üçün böyük narahatçılıq doğurduğunu, şairin məzarının dağıdıldığını qeyd edib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Vaqifin, Ü.Hacıbəylinin, Bülbülün və daha neçə-neçə dahi sənətkarlarımızın yubileylərinin Qarabağ torpağında qeyd ediləcəyini imanla bildirib.

  Nazir şairin təbliğində diaspora təşkilatlarının üzərinə böyük vəzifələr düşdüyünü qeyd edib.” Diaspora təşkilatları mədəniyyətimizin təbliğində önəmli rol oynaya bilərlər”. Sonra “Yeni Türkiyə” Klubunun sədri Bilal Türkcan və onun müavini Ömər Doğru Vaqifin şeirlərini səsləndirib, 
Bu il daha bir tədbir Sakariyada baş tutub. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY təşkilatı, Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı  və diaspora təşkilatlarımızın iştirakı ilə böyük bir tədbir keçirilib. Tədbirdə  M.P.Vaqifin həyatından bəhs edən kiçik videoçarx nümayiş olunub. Tədbir iştirakçıları Azərbaycan Milli Kitabxanasının qızıl fondunda qorunan kitablardan ibarət şairin zəngin həyat və yaradıcılığını özündə əks etdirən geniş sərgi ilə tanış olublar.Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyev tədbirin keçirilməsinə görə TÜRKSOY təşkilatına minnətdarlığını bildirib, Azərbaycan xalqının orta əsrlər ənənələri ruhunda və yeni tipli, realist, şifahi xalq poeziyasına yaxın şeirlər yazmış şairlərindən olan Molla Pənah Vaqif yaradıcılığından danışıb.
Sakarya millət vəkili Mustafa İsen çıxış edərək şairin poeziyasının qüdrətindən danışaraq, bu silsilə tədbirlərin vacibliyini önə çəkib.
Tədbirdə çıxış edən diaspora təşkilatlarımızın nümayəndələri M.P.Vaqif yaradıcılığından söz açıb, yeni ədəbi cərəyanın formalaşmasında dövrünün görkəmli şairi və dövlət xadimi kimi şöhrət tapan Molla Pənah Vaqifin yaradıcılığının həlledici rol oynadığını vurğulayıb, Azərbaycan şeir dilinin inkişaf edib zənginləşməsində böyük rolu olmuş sənətkarın ədəbi irsi haqqında danışıblar. İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası, bədii qiraətçi Zülfiyyə İsmayılova şairin şeirlərini səsləndirib, Xalq Ozanı aşıq Selahattin Dündar şairin sözlərinə bəstələnmiş mahnıları ifa edib. 


Daha bir tədbir Qazaxıstanın paytaxtı Astanada baş tutub. Astanada “Oxuyan dünyada oxuyan millət” adlı beynəlxalq simpozium çərçivəsində türkdilli dövlətlərin milli kitabxana direktorlarının V beynəlxalq konfransı keçirilib. Qazaxıstan Milli Kitabxanasının təşkilatçılığı ilə keçirilən konfransın məqsədi türk mədəniyyətinin təbliği, türkdilli dövlətlərin milli kitabxanaları arasında dil və tarixi əsasda əməkdaşlığın inkişafı, məlumat mübadiləsi, müasir layihələrin reallaşdırılmasıdır.Konfransda türkdilli dövlətlərin kitabxanalarının bazalarının artırılması məsələləri müzakirə edilib. Tədbirin moderatoru M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov “Azərbaycan kitabxanası bu gün” mövzusunda çıxış edib. Konfrans çərçivəsində akademik Nizami Cəfərovun “Molla Pənah Vaqif” kitabının təqdimatı keçirilib. Kərim Tahirov TÜRKSOY-un 2017-ci ili “Molla Pənah Vaqif ili” elan etdiyini xatırladıb.
Çıxış edən TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinov Molla Pənah Vaqifin əsərlərinin bir neçə dilə tərcümə olunması ilə bağlı işlərin parıldığını bildirib. Müəllif Nizami Cəfərov kitabda Molla Pənah Vaqifin həyatı, yaradıcılığı, dünyagörüşündən bəhs edildiyini söyləyib.
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı konfransda “Sosial-mədəni mühitdə tarixi muzeylərin yetişməkdə olan nəslin formalaşmasına təsiri” mövzusunda çıxış edib. Yekunda türkdilli dövlətlərin milli kitabxana direktorlarının V beynəlxalq konfransının nizamnaməsi imzalanıb.
 

Xəbər xətti