Ana səhifə
18 Oktyabr 2018

“Əvəzsiz insanlar təbəqəsindəndir”

Fəxrəddin Manafov: “Azərbaycan kinosunda Rasim Ocaqovun yeri yuxarı başdadır və hələ də boşdur”

 

 

Xalidə Quliyeva: “Hansı insanlarla ki, xarakteri, dünyagörüşü, həyata baxışı uyğun gəlirdi, onlarla dostluq edirdi”

 

 

Kino tarixinə öz imzasını yazan əvəzolunmaz sənətkarlardan biri də Rasim Ocaqovdur. O,  kinooperator, kinorejissor, kinossenarist və aktyor kimi fəaliyyət göstərib. R. Ocaqov 1933-cü ildə noyabrın 22-də Şəkidə anadan olub. Orta məktəbi bitirdikdən sonra 1951-1956-cı illərdə Moskvada MÜDKİ-nun kinooperatorluq fakültəsində təhsil alıb. Sonra M.A. Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirib. 1956-cı ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-operator kimi işləməyə başlayıb. R. Ocaqov operator kimi “Bir məhəllə iki oğlan”, "Əsl dost", "Bizim küçə", "Mən rəqs edəcəyəm", "Sən niyə susursan?" və "Skripkanın sərgüzəşti", rejissor kimi isə “Gəncəbasarlı qisasçı”, “Tütək səsi”, “Ad günü”, “Bağlı qapı”, “Özgə ömür”, “Park”, “Ölsəm bağışla”, “Həm ziyarət, həm ticarət”, “İstintaq” filmlərini çəkib. O müasirlərinin əsl obrazını yaratmaqla tamaşaçıları ətrafa diqqətlə yanaşamağa, cəmiyyətdə baş verən neqativ hallara göz yummamağa  çağırıb. “Təhminə”, “Otel otağı” kimi son filmlərində də ciddi mövzulara toxunub. Bu barədə “Üç nöqtə”yə danışan xalq artisti Fəxrəddin Manafov bildirdi ki, Azərbaycan kinosunda Rasim Ocaqovun yeri yuxarı başdadır və hələ də boşdur: “Bəlkə də uzun müddət belə də qalacaq. Rasim Ocaqov Azərbaycan kinosunu mövzu və üsul baxımından milli çərçivədən çıxarıb, ümumbəşər səviyyəyə gətirdi. O əvəzsiz insanlar təbəqəsindəndir”.

 

Xalq artisti Rasim Balayev isə qeyd etdi ki, Rasim Ocaqov Azərbaycanın ən böyük klassik rejissorlarından biridir: “O, fəaliyyətinə operator kimi başlayıb, sonra rejissorluğa keçib. Bizdə belə hallar çox olub, amma hamı uğur qazanmayıb. Rasim Ocaqov isə rejissorluqsahəsində çox böyük uğur qazanıb.  Mən onunla 4 filmdə işləmişəm. O. ssenarini yazanda əvvəlcədən aktyorları müəyyən edirdi.  Onun çəkdiyi filmlər hər zaman müasirdi, çünki onlarda insanların psixoloji durumu var, aktual problemlərə toxunulub. Düşünürəm ki, o filmlərin ömrü çox uzun olacaq. Rasim Ocaqov kinonu dərindən bilən adam idi, çünki operatorluğu qurtarmışdı. Aktyorla çox gözəl işləyird və artıq hərəkətə imkan vermirdi. Onun filmləri baxımlıdır, bu gün  baxılır, gələcəkdə də baxılacaq. Rasim müəllimi rejissor, operator və aktyor sənətində çalışan insanlara bir məktəbdir.  Onun əsərlərindən xalqımız uzun müddət bəhrələnəcək”.

Xalq artisti Rasim Ocaqovun çox dəyərli, vicdanlı insan olduğunu vurğuladı: “Bir az kənardan tərs adam kimi görsənirdi, amma çox yaxşı insan idi. Rasim müəllimin öz həyat amalı, öz yolu vardı. Çox dəyərli, vicdanlı, zəhmətkeş, təvazökar bir adam idi. Amma yeri gələndə sərt də olurdu. Müəyyən şeyləri qəbul etməyəndə etirazını bildirirdi. Dəqiq, nizam-intizamlı adam idi. Ona görə də işi çox rahat gedirdi və filmlərdə problem olmurdu”.

Əməkdar artist Xalidə Quliyeva isə qeyd etdi ki, Rasim Ocaqov Azərbaycan kinosuna yenin nəfəs, baxış gətirib: “Rasim Ocaqov “Nəsimi” filminə baxdıqdan sonra mənim ifamı bəyəndi və  “Tütək səsi” filminə dəvət etdi. Orada Milli obrazını canlandırmışam. Çox rahat insan idi. Təbiiliyi çox sevirdi, işində həddindən artıq tələbkar idi. Mən ondan sonra da başqa  rejissorlarla işləmişəm. Amma Rasim müəllim onlardan fərqlənirdi, səhnəni bir – iki dubla deyil, 9-10 dubla çəkirdi.  Sonra o dublların arasında ən yaxşını seçirdi. O da onun işinə olan məsuliyyətindən irəli gəlirdi. İşə çox ciddi yanaşırdı. Biz ailəvi dost idik. İndi də ailəsi ilə dostluğumuz davam edir. Yoldaşı Sveta xanımla yaxın rəfiqəyəm. Çox ağıllı iki qızı var.

Qeyd edim ki, Rasim müəllim sadəliyi sevən insan idi, şan-şöhrəti sevməzdi. O, sakitliyi, rahat həyatı xoşlayırdı. Yaxın dostları çox az idi. Hansı insanlarla ki, xarakteri, dünyagörüşü, həyata baxışı uyğun gəlirdi, onlarla dostluq edirdi. Eyni zamanda o dostluq ailəvi dostluğa çevrilirdi.”.

 

 

Rəqsanə

Tarix
25 Noyabr 2014 [16:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin