“Avropa institutlarında oturan siyasətçilər qarşısında kəskin suallar qoyacağımıza əmin ola bilərsiniz”

20:57 - 1 Dekabr 2017 - KİVDF

«Avropada bəzi siyasi dairələr və siyasətçilər Azərbaycana qarşı ikili standartlardan çıxış edirlər. Bu praktika illərdir davam edir. Bu, yalnız Azərbaycana yox, qardaş Türkiyəyə də qarşı baş verir. Bu standartları yalnız Avropa institutları tətbiq etmirlər, digər qurumların da fəaliyyətində görmək olar. Məsələn, BMT-nin Ermənistana qarşı məlum 4 qətnaməsinin icra olunmaması, digər mövzular barədə təcili icra olunan qətnamələri ilə müqayisədə fikrimizi təsdiqləyir”.


 Bu barədə  Avropa Azərbaycanlıları Konqresinin (AAK) sədri Sahil Qasımov deyib . Onun sözlərinə görə,  qətnamələr erməni işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir: “Amma uzun illər keçməsinə baxmayaraq qətnamələr kağız üzərində qalıb. Halbuki BMT Təhlükəsizlik Şurası qətnamələri bəzi hallarda bir günə yerinə yetirilir. Bu, ikili standart siyasətidir. Bu, beynəlxalq hüquqa, ali beynəlxalq orqan olan BMT Təhlükəsizlik Şurasının qərarına hörmətsizlikdir".

Sahil Qasımov bildirib ki, Avropa Azərbaycanlıları Konqresi artıq Avropa institutlarında və beynəlxalq qurumlarda akkreditə prosesi keçir, bu məsələlərdə susmayacağını bəyan edir. “Üzvlərimiz Avropada vergi ödəyiciləridirlər, Avropa vətəndaşıdırlar və səsimizi alaraq Avropa institutlarında oturan yerli siyasətçilər qarşısında kəskin suallar qoyacağımıza əmin ola bilərsiniz».
Avropa Azərbaycanlıları Konqresinin (AAK) sədri Sahil Qasımov qeyd edib ki, Xocalı soyqırımının tanınması istiqamətində müvafiq iş aparılması onların qarşısında duran əsas məsələlərdən biridir. Onun sözlərinə görə, bundan əvvəl də Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Xocalı soyqırımının 25 ildönümü ilə bağlı etiraz mitinqi keçirilib. Mitinqdə Avropanın bir çox ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və üzvləri, tələbələr, türk icmasının təmsilçiləri iştirak ediblər. Avropanın müxtəlif ölkələrindən gələn Azərbaycan diaspor təşkilatlarının rəhbərləri ingilis, holland, italyan, fransız, rus dillərində çıxış edərək bildiriblər ki, Xocalı soyqırımı bütövlükdə insanlığa qarşı törədilmiş cinayətdir və bu cinayəti törədənlər ədalət mühakiməsi qarşısında cavab verməlidir. Mitinq iştirakçıları Ermənistanın ölkəmizə qarşı təcavüzünə son qoyulmasını, Xocalı soyqırımına beynəlxalq birlik tərəfindən ədalətli siyasi-hüquqi qiymət verilməsini, xalqımızın məruz qaldığı terror və soyqırım aktları törədənlərin cəzalandırılmasını tələb ediblər.
Soydaşlarımız Avropanın bəzi siyasi dairələrinin Dağlıq Qarabağ münaqişəsinə ikili standartlarla yanaşdığını təəssüf hissi ilə qeyd ediblər. Ermənistanın hazırkı rəhbərliyinin azərbaycanlılara qarşı aparılan hərbi əməliyyatların bilavasitə təşkilatçısı olduğu vurğulanan mitinqdə “Bəs hanı beynəlxalq hüquq?”, “Haradadır həqiqət və ədalət?” kimi şüarlar səsləndirilib.

Qeyd edilib ki, BMT-nin 4 qətnaməsinə hələ də riayət olunmayıb. Halbuki, Avropa dövlətləri istədikləri zaman hər hansı qətnamələrin qısa müddətdə həyata keçirilməsinə nail ola bilirlər.

Mitinqdə çıxış edən türk icmasının nümayəndəsi daim Azərbaycanla olduqlarını və həmişə ölkəmizi dəstəkləyəcəklərini bildirib.
 Konqresin sədri qeyd edib ki, gələn il bu tədbirin daha geniş miqyasda keçirilməsi, avropalıların daha əhatəli məlumatlandırilması üçün fəaliyyət dairələrini genişləndirəcəklər. Bəşəriyyətə , insanlığa qarşı törədilən cinayətlər heç vaxt unudulmur və unudulmamalıdır. Azərbaycan xalqına qarşı baş vermiş cinayətlərdən biri olan Xocalı soyqırımına Avropa məkanında hələ də lazımi siyasi qiymət verilməyib. Hər bir xalq həyatında baş verən faciəvi səhifələri yad edir və dünya ictimaiyyətindən ona qarşı törədilən haqsızlığa qiymət verməyi tələb edir. Bizim də məqsədimiz bu olacaq. Çalışacağıq ki. Bu soyqırıma siyasi qimət verilsin.

Sahil Qasımovun sözlərinə görə,  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini Avopa ölkələrində keçirəcəklər. Bunun üçün silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bu tədbirlərdə mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyətini bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdığı diqqətə çatdırılacaq. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunların milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdiyi vurğulanacaq. Bu işdə Avropada fəaliyyət göstərən diaspora təşkilatlarının üzərinə böyük vəzifələr düşəcək. Həqiqətən də Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldığı barədə avropalılara məlumat verilməsi bizim vəzifəmizdir.

 Sahil Qasımov bildirib ki, 1918-ci ildə erməni daşnakları tərəfindən azərbaycanlılara qarşı törədilmiş mart soyqırımının 100 illiyi ilə əlaqədar geniş təbliğat kampaniyası həyata keçirəcəklər. Avropa Azərbaycanlıları Konqresi 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Avropa Parlamentinin insan hüquqları idarəsinə, bu qitədə fəaliyyət göstərən müxtəlif ictimai-siyasi qurumlara, dövlət və qeyri-hökumət təşkilatlarına müraciət ünvanlaycaq  Alman və ingilis dillərində yayımlanan müraciətdə 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı haqqında ətraflı məlumat veriləcək. “1918-ci il mart soyqırımından 100 il keçməsinə baxmayaraq, erməni millətçilərinin törətdikləri bu qırğınlar hələ də öz hüquqi qiymətini almayıb. Cəzasızlıq erməni millətçilərini Azərbaycan xalqına qarşı yeni soyqırımlar törətməyə ruhlandırıb və 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Azərbaycanın Xocalı şəhərinə hücuma keçərək dinc əhaliyə amansız divan tutub. Dünya ictimaiyyətindən Azərbaycan xalqına qarşı bu gün də davam edən zorakılıqlara obyektiv siyasi hüquqi qiymət vermək tələb olunacaq. Həmçinin nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq mövqeyini dəstəkləməyə, soyqırımını dövlət siyasətinə çevirən Ermənistana sanksiyalar tətbiq etməyə, qaçqın və məcburi köçkünlərin kütləvi şəkildə pozulmuş hüquqlarına biganə yanaşmamağa çağırılacaq”. 


Konqres sədri  Niderlandın Milli Qəhrəmanı həmyerlimiz Məmməd Məmmədovun (“Medo”) heykəlinin bu ölkədə uçalıdılmasını fəaliyyətlərinin uğuru sayıb.  Bəs, Məmməd Məmmədov kimdir?  Bu gün onu azərbaycanlıların yaxından tanımasına ehtiyac var. Sahil Qasımov bildirib ki, Niderlandın azərbaycanlı qəhrəmanı Məmməd Məmmədov, yaxud Osterveyk sakinlərinin çağırdıqları kimi “Medo” 18 yaşında Zaqataladan Sovet Ordusu sıralarına səfərbərliyə alınıb. O, faşist Almaniyasına qarşı döyüşlərdə iştirak edib, lakin Don çayı ətrafında alman əsirliyinə düşüb. Almanlar  M.Məmmədov daxil olduğu  20-dək gəncdən, əsasən azərbaycanlılardan ibarət təşkil etdikləri hərbi əsirlər qrupunu - inşaat batalyonunun tərkibində Hollandiyanın Şimali Brabant əyalətinə göndərirlər. Almanlar onlardan vermaxtın istehkam və müdafiə qurğularının inşasında işçi qüvvəsi kimi istifadə edirdilər.
Məmməd Məmmədov gizli fəaliyyət göstərən Hollandiya Azadlıq Hərəkatı ilə 1944-cü ilin avqustunda əlaqə yaradır. Onun rəhbərliyi altında bir qrup azərbaycanlı almanlara qarşı döyüş əməliyyatlarında iştirak edirlər. O, “Müqavimət Hərəkatının döyüşçüsü” və “Sədaqətli xidmətə görə” medalları ilə təltif edilib. Hollandiya qarşısında müstəsna xidmətlərinə görə Məmməd Məmmədov 1996-cı ildə bu ölkənin ali mükafatına – “Oranye-Nassau Kral Ordeninin Cəngavəri” adına layiq görülüb. Mükafat haqqında fərmanı Niderlandın Kraliçası Beatriks imzalayıb. Konqresin sədri qeyd edib ki, bu gün Məmməd Məmmədov iki ölkə arasında dostluğun simvoludur. Konqres qəhrəmanın tanıdılması üçün bir sıra tədbirlər də həyata kexirməyi planlaşdırır.
.

Xəbər xətti