Ana səhifə
22 Noyabr 2018

Qafqazda su probleminin ən çox hiss olunduğu ölkə Azərbaycandır

Fərhad Məmmədov: “hökumət su anbarlarının tikintisi ilə su problemini həll etməyə çalışır”

 

 

"Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizi işğal edilib. Həmin bölgədə böyük şirin su ehtiyatları mövcud olsa da, hələki bu, Azərbaycan üçün böyük təhdiddir. Yalnız münaqişənin həllindən sonra həmin ehtiyatlar ölkəmiz üçün böyük imkanlar yarada bilər”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov SAM və AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun birgə təşkilatçılığı ilə Bakıda "Qlobal və regional hidrosiyasi problemlər beynəlxalq əməkdaşlıq və təhlükəsizlik kontekstində" mövzusunda keçirilən beynəlxalq konfransın açılışında bildirib.
F.Məmmədov qeyd edib ki, Qafqazda su probleminin ən çox hiss olunduğu ölkə Azərbaycandır: “Azərbaycan bu problemin həlli istiqamətində müvafiq fəaliyyət göstərir, sərhədyanı çayların səmərəli istifadəsi, su anbarlarının tikintisi ilə su problemini həll etməyə çalışır”.
Açılış mərasimində çıxış edən AMEA-nın Rəyasət Heyətinin Yerl elmləri bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov bildirib ki, planetdə əhali sayının artması ilə su ehtiyatları azalmaqdadır: "Kənd təsərrüfatı və sənayenin inkişafı da yeni su ehtiyatları tələb edir. Bu baxımdan konfransın belə qlobal problemin müzakirəsinə həsr edilməsi təsadüfi deyil. Su ehtiyatlarının inteqrasiya yolu ilə həll olunması, sudan siyasi məqsədlər və konflikt üçün istifadə edilməsi məsələləri də müzakirə olunacaq. Konfransda qəbul edilmiş qərar və tövsiyələrin Azərbaycan üçün də böyük əhəmiyyət daşıyacağına əminəm”.
AMEA-nın Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov isə qeyd edib ki, Yer planetinin 2/3-si su ilə örtülsə də, onun yalnız 2,5 faizi şirin sudur. Şirin suların da cəmi 0,2 faizi içməli sudur: "Təsadüfi deyil ki, üçüncü dünya müharibəsi baş verərsə, bunun su ilə bağlı olacağı bildirilir".
Tədbirdə vurğulanıb ki, beynəlxalq təşkilatların hesabatlarına əsasən, 2025-ci ildən sonra qlobal şirin su çatışmazlığı problemi dünyanın bir sıra ölkələri üçün siyasi və sosial-iqtisadi təzyiq vasitəsinə çevriləcək. Bu gün Yer üzündə 700 milyon insan su qıtlığından əziyyət çəkir. Əsaslı müdaxilələr olmasa, on il sonra onların sayı 3 milyard nəfərə çata bilər. Belə ki, dünya əhalisinin 40 faizi iki və ya daha çox ölkənin nəzarət etdiyi transsərhəd su mənbələrindən asılıdır. BMT-nin statistikasına görə, təkcə son 50 il ərzində şirin su ehtiyatlarına nəzarət uğrunda 500 siyasi qarşıdurma və 37 silahlı toqquşma baş verib. Hazırda dünya dövlətləri arasında yeni qütbləşmə tipi – su ehtiyatlarına malik olan və su çatışmazlığı ilə üzləşən dövlətlərin koalisiyalar yaratması səyləri müşahidə olunur. BMT-nin, Avropa İqtisadi Komissiyasının və digər beynəlxalq təşkilatların transsərhəd sulardan səmərəli istifadə olunmasına dair 20-dək sənəd qəbul etmələrinə baxmayaraq, həmin konvensiyaların bir çoxu hələ də tətbiq olunmayıb.

Bildirilir ki, su ehtiyatlarının təqribən 70 faizi transsərhəd axarlar hesabına formalaşan Azərbaycan Respublikası həmin konvensiyalara qoşulsa da, regionun digər dövlətləri həmin beynəlxalq sənədlərin bəzilərini imzalamaqdan imtina edərək, transsərhəd axarlardan istifadəyə dair müstəqil siyasət yürüdürlər. Regionda su ehtiyatlarına dair beynəlxalq hüquq normalarının hamılıqla qəbul olunmaması nəticəsində transsərhəd Kür, Araz və Alazan çaylarının sənaye və məişət tullantıları ilə çirkləndirilməsi davam etdirilir, qonşu dövlətlərlə razılaşdırılmamış qaydada çaylarda suyun həcmini azaldan hidrotexniki qurğuların tikintisi planlaşdırılır. Ermənistanın Azərbaycana axan transsərhəd çayların istiqamətini dəyişdirməsi, işğal altında olan ərazilərdəki Sərsəng su anbarından mülki əhaliyə, bölgənin ekologiyasına qarşı hidrodiversiya vasitəsi kimi istifadə etməsi niyyətləri və s. məsələnin hərbi-siyasi xarakter aldığını göstərir.

Konfransda Azərbaycan alimləri və siyasətçiləri ilə yanaşı, Türkiyə, Serbiya, Misir, Gürcüstan, ABŞ, Qazaxıstan, İordaniya, Niderland və Bosniya və Herseqovinadan gəlmiş mütəxəssislər də iştirak edirlər.
Tədbirin sonunda Birləşmiş Millətlər Təşkilatına, onun ixtisaslaşdırılmış qurumlarına və Ümumdünya Su Şurasına ünvanlanan Bakı Bəyannaməsi qəbul olunacaq.

 

Əfsun

 

Tarix
25 Noyabr 2014 [18:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin