Ana səhifə
14 Noyabr 2018

"Mən ayıq-sayıq olmasaydım komandir çoxdan ölmüşdü"

Məzahir Süleymanov: “Radioda Cəfər Cabbarlının, Səməd Vurğunun pyeslərini dinləməyi çox sevirdim”


Uşaqlıq və gənclik illəri çətin keçsə də, heç vaxt məğlub olmayıb. Bütün çətinliklərə sinə gərərək teatrın çətin vaxtlarında belə fəaliyyətini davam etdirib. Çünki teatra, yaradıcılığa olan sevgi onda ta uşaq yaşlarından yaranıb. Uşaq vaxtından şeir qoşmağa, şəkil çəkməyə həvəsi olan müsahibimiz ömrünün 42 ilini teatra həsr edib. Deyir ki, sevərək gəldiyi bu sənətdən gözləntiləri özünü doğrultdu. Müsahibimiz uzun illər Sumqayıt Dövlət Dram Teatrında çalışan, hazırda təqaüddə olan xalq artisti Məzahir Süleymanovdur. 

M.Süleymanovla bu dəfə teatr və oynadığı rollardan deyil, uşaqlıq, gənclik illərindən danışdıq...


“Sadə kənd uşağı olmuşam, mal-qara saxlamışam”

1944-cü il yanvar ayının 29-da Zərdab rayonunun Məmmədqasımlı kəndində doğulub. Atasının işləri ilə əlaqədər olaraq bir müddət burada yaşayıblar. Dəcəl deyil, sözə baxan sakit uşaq olub: “Amma uşaqlığım Zərdab rayonunun Yuxarı Seyidlər kəndində keçib. «Kənd uşağı olmuşam, kənd həyatı yaşamışam, mal-qara saxlamışam. Məktəbdən gələndən sonra odun doğramaq, ot çalmaq kimi işlərlə məşğul olurdum. Bizim məktəbimiz qonşu kənddə idi, arada yeddi kilometr məsafə var idi. O vaxtlar nəqliyyat vasitələri olmadığı üçün həmin yolu piyada gedib gəlirdik. Həmin məsafəni yayda piyada gedib-gəlməyimiz mümkün olsa da, qışda  bu heç cür alınmırdı. Ona görə də, həftəlik azuqəmizi yığıb həmin kənddə qalır və məktəbə də rahat şəkildə gedirdik.  Orada məktəb yeddinci sinfə qədər idi”. 


“Uşaqlıqdan yaradıcı olmuşam”

Yaradıcılığa meyil onda hələ uşaq yaşlarından olub: “O qədər çox şəkil çəkirdim ki, valideynlərim mənə deyirdi ki, sən dərs oxumursan, bütün günü şəkil çəkməklə məşğul olursan”. 

Məzahir müəllim deyir ki, keçmişdə televiziya yox idi, radio isə tək-tək adamlarda var idi: “Bizim evdə də köhnə “Rekord” radiosu vardı. Mən radiomontajı  çox sevirdim. O vaxtı müxtəlif pyesləri keçmiş aktyorlar səsləndirirdilər. Ağasadıq Gəraybəyli, Sidqi Ruhulla və Fatma Qədriyə qulaq asmağı həddindən çox sevirdim. Radiomontaj olan kimi hər şeyi unudurdum, qulağımı radioya yapışdırıb, qulaq asırdım. Cəfər Cabbarlının, Səməd Vurğunun pyeslərini dinləməyi çox sevirdim. Ta elə o vaxtdan məndə teatra həvəs yarandı”.  


“Gündüzlər işləyir, axşamlar isə dərsə gedirdim...”

Müsahibimiz deyir ki, İncəsənət İnstitutunu bitirib. Həmin vaxt artıq ailə həyatı qurmuşdum: “Gündüzlər işləyir, axşamlar isə dərsə gedirdim. Kənddən Bakıya gələndə sənədlərimi Xarici Dillər İnstitutunun fransız dili fakültəsinə (indiki Azərbaycan Dillər Universiteti) verdim, amma daxil ol bilmədim. Daha sonra sənədlərimi o vaxtı Razində olan 2 nömrəli texniki peşə məktəbinə verdim və çilingərlik peşəsini öyrənməyə başladım. Peşə məktəbini bitirdikdən sonra müxtəlif zavodlarda işlədim. Rustaviyə ezamiyyətə göndərildim və orada çilingər işləməyə başladım. Rustavidə 1 il işlədikdən sonra vətənə qayıtdım və sənədlərimi İncəsənət İnstitutunun (hazırkı Mədəniyyət və İncəsənət Universiteti) "Dram və kino aktyoru" fakültəsinə verdim və çox təəccüblü olsa da əla qiymətlərlə qəbul oldum”. 


“Hərbi xidmətə gedəsən di gəl ki, dava etməyəsən...”

Hərbi xidmətə əvvəl instituta daxil olsa da, axşam oxuduğuna görə birinci kursdan onu hərbi xidmətə aparıblar. “Hərbi xidmətimi Həştərxan şəhərində hərbi dəniz donanmasında keçirdim və 4 il hərbi xidmətdə oldum. Hərbi xidmətə gedəsən, di gəl ki dava etməyəsən... Hərbi xidmətdə dava qaçılmazdır, xüsusilə də köhnə və yeni əsgərlər arasında... Yeni gedəndə mənim də köhnələrlə davalarım olurdu. Deməli, gəmidə yeməklərimizi özümüz hazırlayırdıq, qablarımızı da növbə ilə yuyurduq. Mən yeni xidmətə başlamışdım, günlərin birində  qabyuma növbəsi Ukraynadan olan köhnə əsgərlərdən birinə düşdü. Onu çağırsam da, o qabları yumaqdan imtina etdi. Bir neçə dəfə onu çağırıb, qabları yumalı olduğunu xatırlatdım, amma gəlmədi ki, gəlmədi... Axırıncı dəfə kobud şəkildə çağırdım. O da qalxıb gəldi. Bu zaman elə bildim ki, qabları yumağa gəlir, amma yaxınlaşıb mənə bir şapalaq vurdu, burnumdan qan açıldı. Təbii ki qayda-qanun vardı və o, cəzasını aldı. Amma sonra zaman keçdi, mən köhnənin əsgəri oldum və Bosman vəzifəsinə keçdim. Artıq yeni əsgərlər mənim rəhbərliyim altında işləyirdilər. Arada bizi ezamiyyətə də göndərirdilər. Bayılda bazamız var idi, cavanları öyrətmək üçün bizi oraya göndərirdilər... 4 il xidmət göstərdikdən sonra ölkəyə qayıtdım və təhsilimi qaldığı yerdən davam etdirdim. Və çox təəccüblüdür ki, kurs rəhbərim elə əvvəlki adam idi, əməkdar incəsənət xadimi Əşrəf Quliyev...”. 


“O günləri xatırlamaq istəmirəm...”

“Gənclik dövründə əziyyət və zəhmətdən başqa heç nə xatırlamıram. Yəni ki, mənim gəncliyim varlıların uşaqları kimi eyş-işrətdə keçməyib. Ancaq oxumaq və çörək qazanmaq üçün çalışmışam. İlk sevgimi isə xatırlamıram....(Bir qədər fikrə gedir) Daha doğrusu o günləri xatırlamaq istəmirəm...”. 


"Heç vaxt ortabab olmağı istəməmişəm...”

Ömrünün 42 ilini teatra verib. Teatrdakı maaş az olsa belə bu, onun işinə həvəsini öldürməyib. Çünki aktyor ömrünü sevdiyi işə həsr edib: "Az məvaciblə çalışmaq çətin olurdu, amma xarakterimdə şikayət etmək yoxdur. Heç vaxt kiməsə şikayət etməmişəm ki, çətin yaşayıram və s. Şikayətlənmək lazım deyil, hər şey düzələcək, sadəcə səbir etmək lazımdır. İşə can yandıran adam olduğuma və obrazlar üzərində ciddi işlədiyimə görə, teatrda işlərim həmişə yaxşı gedirdi. Bu, həm də mənin xarakterimdən irəli gələn bir məsələdir. Hansı işdən yapışdımsa, gərək ən yaxşı olsydı. Heç vaxt ortabab olmağı istəməmişəm, əksinə hər zaman seçilməyə çalışmışam. Görünür, xarakterimdən irəli gələn bu xüsusiyyət işimdə də inkişaf etməyimə, irəli getməyimə kömək edib. Düzdür, gec oldu, amma əməkdar, xalq artisti adını da aldımi. 5-6 dəfə Prezident mükafatına layiq görülmüşəm”.


“Geriyə dönüb baxanda sadəcə bir şeyə peşmanam...”

Aktyor deyir ki, gəncliyində elə də çox peşman olacağı şeylər etməyib. Xırda səhvlər isə hamıda olur: “Sadəcə geri dönüb baxanda bir şeyə peşmanam. İndinin özündə də, düşünürəm ki, gərək o vaxtı mən Bakıya gəlib burada işləyədim. Əyalət teatrlarında işləyən aktyorlara o qədər də diqqət göstərilmir, yəni diqqətdən kənarda qalırlar. Düzdür, mən öz sənətimin ən yüksək adını- respublikanın xalq artisti fəxri adını almışam. Amma buna baxmayaraq mən əvvəldən işimi paytaxt teatrlarında görmək istəyərdim. Burada bir qədər gözdən uzaq olursan, çox şeylərdən uzaq düşürsən. Telekanalların hamısında demək olar ki, Bakı aktyorlarıdır. Əyalətlərdən bir-iki nəfər ola, ya olmaya... Atalarımızın bir sözü var, tısbağa qınından çıxdı, qınını bəyənmədi.  Xeyr, elə deyil, yaranmış vəziyyətlə əlaqədar olaraq mən bu sözləri deyirəm. Sumqayıt teatrı mənim üçün həqiqətən də çox doğmadır”.


“Mən ayıq-sayıq olmasaydım komandir çoxdan getmişdi”

Müsahibimiz hərbi xidmətdə olarkən komandirini qəhrəmancasına ölümdən xilas etdiyini də deyir: “Böyük sualtı qayığa bənzər mina əleyhinə qurğu var idi. Onun üzərində dayanmışdıq və dalğıc aparatını sınaqdan keçirirdik. Komandir istədi ki, dalğıc  kostyumunu sınaqdan keçirsin. Kostyumu geyindi və suya düşdü. Mən də sınağın necə olacağını çox diqqətlə izləyirdim. Gördüm ki, suya düşsə də heç bir hərəkəti yoxdur, elə suyun altında hərəkətsiz vəziyyətdədir. Bu zaman əlimi atıb kostyumun çıxıntılı hissəsindən tutdum və gördüm ki, tamam hərəkətsizdir. Komandir özündən getmişdi. Digər yoldaşları da çağırdım, komandiri yuxarı qaldırdıq və maskasını çıxardıq. Sifətinin rəngi tamam ağarmışdı. Bir güclə onu özünə gətirdik. Yəni, mən ayıq-sayıq olmasaydım komandir çoxdan getmişdi(Gülür..)”.


İlk maaşını ailəsinə xərcləyib...

“İlk dəfə teatra gələndə maaşım 85 manat olub. Həmin  vaxt evli olduğum üçün pulu ailəmə xərcləmişəm”.


“Hazırda sırf təqaüdçü həyatı yaşayıram”

Hazırda mənim 74 yaşım var. Bakı teatrlarında 70 yaşında olan aktyorlar işləyirlər, amma əyalət teatrlarında bu yaşa çatan işdən çıxarırlar. Mən də yaş həddi ilə əlaqədar dörd ildir ki, işdən çıxarılmışam. Yəni ki, hazırda sırf təqaüdçü həyatı yaşayıram. Bir aktyorun işdən çıxarılıb işsiz qalmasının nə demək olduğunu yalnız və yalnız bir aktyor anlaya bilər...”. 


Könül Əhmədova

 

 

 

 

Tarix
1 Dekabr 2017 [00:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin