Qurban Qurbanov: "Qrup mərhələsindəki bütün rəqiblərimiz finalda oynamaq istəyir"

13:16 - 30 Noyabr 2017 - İDMAN

“Əlbəttə, nəticələr xoşdur. Bizim üçün çox ağır idi: Bakıya üç güclü klub gəldi. Qrup mərhələsindəki bütün rəqiblərimiz finalda oynamaq istəyir. Layiqli oyun göstərmək üçün çox çalışdıq”. 

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov rəhbərik etdiyi komandanın Çempionlar Liqasının (ÇL) qrup mərhələsindəki çıxışını "championat.com"a dəyərləndirərkən deyib. 

O bildirib ki, ilk matçlarda nəticə barədə düşünməyiblər. Baş məşqçinin sözlərinə görə, qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində iştirak “Qarabağ” üçün böyük təcrübə olub: “Bütün futbolçularda həyacan vardı. Xüsusən də, “Çelsi”yə qarşı keçirdiyimiz ilk qarşılaşmada. Oyunçularımın meydanda sərgilədikləri futboldan razıyam. Hər matçda oyunçular və mən təcrübə topladıq”.
Q.Qurbanov növbəti mövsümdə də ÇL-in qrupuna düşməyə çalışacaqlarını söyləyib: “Bunun üçün ilk növbədə, Azərbaycan Premyer Liqasında qalib gəlməliyik. Çempionatımız çox güclüdür. Bildiyimə görə, ÇL-də format dəyişir. Qrupa düşmək çətinləşəcək. Çempionatda birinci yeri tutsaq, yenidən qrupa düşmək üçün böyük istəklə çalışacağıq”.

Qeyd edək ki, “Qarabağ” ÇL-in qrupunda son oyununu dekabrın 5-də İtaliyada “Roma”ya qarşı keçirəcək. Beş turdan sonra Azərbaycan komandası C qrupunda 2 xalla sonuncu yerdədir və növbəti mərhələyə vəsiqə şanslarını itirib. 

Xəbər xətti