Pirallahıda “Şəhadət” sənədli filmi nümayiş olunub

16:07 - 29 Noyabr 2017 - Mədəniyyət

Pirallahı rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.
 

Ucnoqta.az AZƏRTAC-a istinadən  xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatlarının üzvləri, məktəblilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Tədbirdə rayon icra hakimiyyətinin şöbə müdirinin müavini Vüsal Babayev din pərdəsi altında gizlənən, əslində isə ekstremizm və radikalizm fəaliyyəti ilə məşğul olan qüvvələri pisləyərək, ölkəmizdə olan ictimai-siyasi sabitliyin ən mühüm nailiyyətimiz olduğunu iştirakçıların diqqətinə çatdırıb. Qeyd edib ki, ölkəmizdə vətəndaşlar arasında ekstremizm və radikalizm hallarının qarşısını almaq, vahimə yaradan terrorçuluq əməllərini öncədən zərərsizləşdirmək və ölkə daxilində sabitliyin pozulmasına yönələn təhlükəli əməlləri əngəlləmək üçün kifayət qədər hüquqi baza və onu nəzarət altına alan dövlət orqanları vardır.

Diqqətə çatdırılıb ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə dəyərli töhfə olan, dini fanatizm, radikalizm və ekstremizm meyllərinə qarşı preventiv xarakter daşıyan filmin çəkilməsi təqdirəlayiqdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Soltanov isə “Şəhadət” filminin əhəmiyyətindən danışıb. Bildirib ki, filmin çəkilməsində əsas məqsəd gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə vermək, dini fanatizm, radikalizm və ekstremizmə yuvarlanmamaları üçün onları məlumatlandırmaqdır.

Filmin nümayişindən sonra iştirakçılar ekran işi haqqında öz təəssüratlarını bölüşüblər.


Xəbər xətti