Ana səhifə
21 Aprel 2018

İsveç nümayəndə heyəti Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

Noyabrın 29-da ölkəmizdə səfərdə olan İsveçin Dini İcmalara Dəstək üzrə Dövlət Agentliyinin sədri Ake Qoransonun rəhbərlik etdiyi nümayəndə heyəti Qubada dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədə və Quba Soyqırımı Memorial Kompleksində olub.
 

Ucnoqta.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Qırmızı qəsəbəyə gələn nümayəndə heyəti buradakı “Giləki” və “Altı günbəz” adlanan sinaqoqlarla yaxından tanış olublar. Qonaqların diqqətinə çatdırılıb ki, buradakı yəhudilər uzun illərdir azərbaycanlılarla birlikdə, sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Dağ yəhudilərinin Quba ərazisində yığcam şəkildə məskunlaşmasının tarixi XVIII əsrin ortalarına təsadüf edir. Quba xanlığına Fətəli xanın rəhbərlik etdiyi dövrlərdə bütün ətraf ərazilərdə yaşayan yəhudilər buraya köçməyə başlayıblar. Həmin vaxt salınan yəhudi məhəllələrində 10-dan artıq sinaqoq inşa olunub. Qırmızı qəsəbədə yəhudilərin dini icması və milli mədəniyyət mərkəzi fəaliyyət göstərir.

Sonra İsveçdən gələn nümayəndə heyəti Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət edib. Bildirilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
 

Qonaqlara Quba Soyqırımı Memorial Kompleksi barədə də ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan kompleks 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

Tarix
29 Noyabr 2017 [13:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ