“Təşkilatın səmərəli işləməsinə hər cür səy göstərilməlidir”

20:01 - 28 Noyabr 2017 - KİVDF

Fazil Qurbanov: “ Bizim vəzifəmiz bütün regionlar üzrə diaspor təşkilatlarımızı birləşdirmək, onların problemlərini həll etməkdir “


 Rusiyada qeydiyyatı ləğv edilmiş Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) yerinə yeni Azərbaycan diaspor təşkilatı yaradılır. Rusiya Federasiyasının regionlarındakı Azərbaycan icmalarının rəhbərləri yeni təşkilatın yaradılması və ona liderlik etməsi üçün akademik Fazil Qurbanova müraciət ediblər.Müraciətdə qeyd olunub ki, regiondakı Azərbaycan icması nümayəndələri qüsursuz reputasiyaya, işinə xüsusi və professional yanaşan, fəal həyat mövqeyi ilə seçilən akademik Fazil Qurbanovun Rusiyadakı Azərbaycan diasporunun lideri olmalıdır.
O da vurğulanıb ki, Rusiyada çoxlu sayda fərqli Azərbaycan diaspor təşkilatları olmasına baxmayaraq Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi bu istiqamətdə böyük boşluq yaradıb."Rusiya prezidenti Vladimir Putin və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin razılığı yaradılan Ümumrusiya Azərbaycan Konqresi təəssüf ki, Rusiya Federasiyasının ictimai həyatında oynadığı aktiv rolu itirdi.  Çoxlu səhvlər buraxıldı. Rusiyada indiki zamanda, yəni demokratik prinsiplərin və qanun aliliyinin hökm sürməyə başladığı bir dövrdə belə səhvlər ÜAK üçün ölümcül oldu",- deyə müraciətdə vurğulanıb. 


 Regiondakı Azərbaycan icmalarının rəhbərləri Fazil Qurbanovun fəaliyyətini qeyd edərək ondan Rusiyadakı həmvətənlərimizi birləşdirəcək yeni təşkilata rəhbərlik etməsini, eləcə də Azərbaycan icmasının Rusiya cəmiyyətində vacib və güclü qüvvəyə çevrilməsi üçün bütün şəraitin yaradılmasını xahiş ediblər.  Müraciətə Rusiya Federasiyasının 16 respublikası, 8 əyaləti, 33 vilayəti, 3 muxtar vilayəti və Moskva və Sankt-Peterburq şəhərlərindəki Azərbaycan icmalarının rəhbərləri imza atıblar.
Yeni diaspora təşkilatının yaradılması məsələsinə Rusiya Federasiyasında bu yaxınlarda ləğv edilmiş Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Moskva üzrə icraçı direktoru, Azərbaycan mədəniyyətinin dirçəlişi və inkişafı fondunun direktoru Şamil Tağıyev münasibət bildirib. Ş.Tağıyev Rusiyanın regionlarından olan Azərbaycan icmaları rəhbərlərinin Ümumrusiya Azərbaycan Konqresinin prezidenti akademik Fazil Qurbanova məktub ünvanladıqlarını və ona yeni yaranacaq təşkilata rəhbərlik etməyi təklif etdiklərini təsdiqləyib: “Onu son qurultayda seçiblər. Amma, əlbəttə, yeni təşkilatı nəzərə alaraq, yeni qurultay olacaq, yeni seçkilər keçiriləcək. Ancaq səmimi deyəcəyəm, Fazil Qurbanova alternativ tapmaq çətindir. O, həyatının çox hissəsini Moskvada yaşamış nüfuzlu insandır. Ona görə də yeni təşkilat qarşısında diaspora başçısının seçimi ilə bağlı məsələ yalnız formal cəhətdən durur”.Ş.Tağıyev qeyd edib ki, yeni təşkilat ÜAK-ın bazasında yaradılacaq. Amma ümid edir ki, yenilənmələr də olacaq: “Çalışacağıq ki, peşəkarları cəlb edək. Çünki diaspora ilə iş yalnız restoranlarda konsertlərin və ya tədbirlərin keçirilməsi deyil. Bu, qeyri-formal diplomatiyadır və bununla onu bilən insanlar məşğul olmalıdır”.Yeni təşkilatın necə adlanacağına gəlincə, Ş.Tağıyev bildirib ki, hələlik ad təsdiq edilməyib: “Amma "köhnə-yeni" rəhbərlik – onun tərəfdarıdır ki, əvvəlki ad-ÜAK saxlanılsın. Bu mümkündür, axı əvvəlki Ümumrusiya Azərbaycan Konqresi artıq mövcud deyil, deməli, ÜAK-ı hüquqi cəhətdən yenidən qeydiyyatdan keçirmək olar”.“Sizdə yeni ÜAK-la Rusiya rəsmi strukturları arasında problemlər yaranacağı baxımından qorxu yoxdur ki...” sualına cavab verərkən Ş.Tağıyev deyib: “Əgər təşkilat Ədliyyə Nazirliyi vasitəsilə qeydiyyatdan keçəcəksə, onda hər şey yaxşı olacaq”.Qəti qərarın nə vaxt qəbul ediləcəyinə gəlincə, Ş.Tağıyev bir daha vurğulayıb ki, yeni təşkilatın yaradılması haqda qəti qərar artıq qəbul edilib: “Amma köhnə ÜAK-ın ləğvi ilə bağlı texniki detallar var. Ona görə də təşkilatın qeydiyyatı yarım ildən bir ilə qədər çəkə bilər. Axı bu, federal səviyyəli strukturdur. Düşünürəm ki, hansısa nüansları Diasporla iş üzrə Azərbaycan Dövlət Komitəsi ilə də razılaşdırmaq lazım gələcək.Bir daha vurğulayıram, biz kadrların tərkibinin ən azı 80 faiz yenilənməsinə ümid edirik ki, yeni təşkilat köhnə ÜAK-ın taleyini təkrarlamasın”.


 Yeni diaspora təşkilatına rəhbərlik etməsi xahiş olunan Fazil Qurbanov da bu barədə danışıb. O deyib: “Mən Rusiyanın Azərbaycan diasporu nümayəndələrinin həmvətənlərimizi birləşdirəcək yeni təşkilatın yaradılması ilə bağlı müraciətinə müsbət yanaşıram. Rusiyada çoxlu sayda azərbaycanlı yaşayır. Onlar Rusiyanın siyasi, mədəni, sosial və iqtisadi həyatında fəal iştirak edirlər. ÜAK iki liderin – Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə yaradılmışdı. Bilirsiniz ki, biz uzun müddət iş apardıq, müxtəlif instansiyalara müraciət etdik, mənim müxtəlif siyasi xadimlərlə görüşlərim oldu. Amma təəssüf ki, ÜAK-ın keçmiş rəhbərliyi sənədlərlə iş zamanı çoxlu səhvə yol vermişdi. Onlar Rusiya Ədliyyə Nazirliyinin bildirişlərinə reaksiya verməyiblər, qurultayların keçirilməsi müddətləri ötüb. Bununla da Rusiya qanunlarının pozulmasına yol verilib. Odur ki, ÜAK-ı reanimasiya etmək artıq mümkün deyil. Mən gəlmişəm bu təşkilatı saxlayım… Camaat bilir ki, mən can-başla işləyirəm. 70-ə yaxın regiondan yazıblar ki, Fazil müəllim, biz sizə inanırıq, sizinlə birgə getmək istəyirik”.
Fazil Qurbanov bildirib ki, təşkilatın səmərəli işləməsinə hər cür səy göstərilməlidir. “ Bizim vəzifəmiz bütün regionlar üzrə diaspor təşkilatlarımızı birləşdirmək, onların problemlərini həll etməkdir. Bu işdə biz mütləq cavanlara arxalanmalıyıq. İstedadlı gənclərimiz çoxdur. Özlərini reallaşdıra bilmələri üçün onların yolunu açmaq lazımdır. Əlbəttə, çox xoşdur ki, insanlar mənə inanıblar və yeni təşkilata başçılıq etmək üçün mənə müraciət ediblər”.


 Onun sözlərinə görə, bəzi adamlar bu təşkilatda olmayacaq.” Ola bilsin bəzi adamlar mənim təşkilata rəhbər gəlməyimi istəməyib. Çünki bilirdilər ki, mən onların qarşısını alacağam. Bəzi adamlar var ki, təşkilata üzv olurlar, amma işləmirlər. Oğurluqla məşğul olanları, şəxsi ambisiyaları üçün çalışanları burada saxlamayacağam. Xəbərdarlıq etdim ki, burada işləyən adamlar öz vətənini sevənlər, cəmiyyətimizdə avtoritet sahibi olanlar olmalıdır. Çünki başqa cür ola bilməz! Həm də vaxtilə Heydər Əliyev mənim rəhmətlik qardaşıma demişdi ki, Aydın, sən bu təşkilatı yavaş-yavaş inkişaf etdir! O zaman qardaşım Moskvada rəhmətlik Heydər Əliyevin tövsiyəsi ilə bu təşkilatın inkişafı üçün çalışırdı”.
Fazil Qurbanov bildirib ki, kiminsə öz yanından açıqlama verməsi, adından danışması yol verilməzdi.” Mən cərrah adamam, elmi işlə məşğul oluram, Azərbaycan üçün neçə-neçə professor, elmlər doktoru yetişdirmişəm. Təkcə 14 azərbaycanlı var bunların içində, hələ rusları demirəm. Həm burda, həm Azərbaycanda kitablarım, dərsliklərim var. Ona görə mən bura gəlmişəm ki, bu cəmiyyət işləsin, bağlanmasın, daha da inkişaf etsin. Ola bilsin dediklərim bəzi adamların xoşuna gəlməyib. 5-6 jurnalist var, əslində jurnalist deyillər, “kloun”durlar... Bunlar durub yalandan nələrsə danışıblar. Amma mən onları kənarlaşdırdığım üçün onlar indi belə reaksiya verirlər”.


 Qeyd edək ki, bu il mayın 15-də Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyi Ədliyyə Nazirliyinin iddiası əsasında ÜAK-nin qeydiyyatının ləğvi barədə qərar çıxarıb. Sentyabrın 19-da Ali Məhkəmənin Apellyasiya Kollegiyası ÜAK-ın şikayətini təmin etməyərək birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. ÜAK-ın ləğvi ilə bağlı qərar Azərbaycan tərəfindən narazılıqla qarşılanmışdı. Azərbaycanın Xarici İşlər Nazirliyi Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) məhkəmə hökmü ilə qeydiyyatının ləğvi barədə qərarın təəssüf və təəccüb doğurduğunu bildirmişdi. "Bu addımdan Rusiya Federasiyasında yaşayan vətəndaşlara qarşı etnik mənsubiyyətinə görə ayrıseçkilik və qərəzliliyin təzahürünü görürük", - Azərbaycan Xarici işlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev bildirmişdi. "Bu qərarı qeyri-dost addım olaraq qiymətləndiririk", deyə o əlavə etmişdi. "ÜAK-in ləğv edildiyi halda Rusiya Erməniləri İttifaqına tam dəstəyin verilməsi Rusiya Federasiyasının erməni və azərbaycanlı millətindən olan vətəndaşlara qarşı qeyri-tarazlı münasibətin təzahürü kimi qəbul edilə bilər - bu da Dağlıq Qarabağ nizamlanmasında Rusiyanın vasitəçilik roluna mənfi təsir göstərə bilər", Hacıyev qeyd etmişdi.

 

Xəbər xətti