Nikolay Tsiskaridze Baki Xoreoqrafiya Akademiyasinda ustad dərsi keçib-FOTOLAR

20:00 - 27 Noyabr 2017 - Mədəniyyət

Ötən həftə Bakı Xoreoqrafiya Akademiyasının (BXA) mədəni həyatında mühüm hadisə ilə yadda qalıb.

 

Sankt-Peterburqdakı A.Vaqanova adına Rus Baleti Akademiyasının rektoru, Rusiya Federasiyasının xalq artisti, dünya şöhrətli balet artisti Nikolay Tsiskaridze Azərbaycana səfəri çərçivəsində bu təhsil müəssisəsinin qonağı olub.

Ucnoqta.az Akademiyadan AZƏRTAC-a verilən məlumata istinadən xəbər verir ki, əvvəlcə qonaq BXA-nın rektoru, Əməkdar Elm Xadimi, professor Timuçin Əfəndiyev ilə görüşüb. Professor T.Əfəndiyev xatırladıb ki, hələ keçən Rus Baleti Akademiyası ilə imzalanmış müqaviləyə əsasən tədris səviyyəsinin qaldırılması məqsədilə hər iki təhsil müəssisəsinin müəllimləri qarşılıqlı təcrübə mübadiləsində iştirak ediblər. Bundan əlavə Bakı Xoreoqrafiya Akademiyasının kitabxanasına N.Tsiskaridzenin imzası ilə çoxlu sayda kitab, dərslik, dərs vəsaitləri və tədris proqramları hədiyyə olunub. T. Əfəndiyev vurğulayıb ki, bütün bunları və eyni zamanda, N.Tsiskaridzenin BXA-da ustad dərsi keçmək arzusunu nəzərə alaraq, akademiyanın elmi şurasının qərarı ilə rusiyalı rektor Bakı Xoreoqrafiya Akademiyasının fəxri professoru adına layiq görülüb.

T.Əfəndiyev fəxri professor diplomunu N.Tsiskaridzeyə təqdim edib.

Qonaq göstərilən hörmət və ehtirama görə minnətdarlığını bildirib, bu fəxri adın onun üçün böyük şərəf olduğunu söyləyib. N.Tsiskaridze deyib ki, Azərbaycan xoreoqrafiya sənəti ənənələri ona çox yaxşı məlumdur və Azərbaycan xoreoqrafiya məktəbinin yetirmələri bu gün dünyanın ən aparıcı xoreoqrafiya üzrə təhsil ocaqlarında və səhnələrində uğurla çalışırlar. Rusiyada Azərbaycan əsilli və BXA-nın məzunları olan balet artistləri kifayət qədərdir. Onlar Rusiyanın müxtəlif şəhərlərində hətta rəhbər vəzifələrdə də fəaliyyət göstərirlər.

N. Tsiskaridze diqqətə çatdırıb ki, Rus Baleti Akademiyası 2018-ci ildə BXA tərəfindən keçiriləcək Qəmər Almaszadə adına II Beynəlxalq Rəqs Müsabiqəsində iştirak edəcək.

Görüşdə akademiyalararası əməkdaşlığın genişləndirilməsinin, müəllim-tələbə mübadiləsi və stajkeçmə, tədris proqramlarının təkmilləşdirilməsi üzrə təcrübə mübadiləsinin aparılmasının vacibliyi vurğulanıb,birgə elm, təhsil və yaradıcılıq layihələrinin həyata keçirilməsi barədə razılıq əldə edilib.

Professor T.Əfəndiyev BXA tərəfindən nəşr olunan və fəxri qonağın da redaksiya heyətində yer aldığı, Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi nəşrlər siyahısına daxil olan “Sənət akademiyası” elmi nəzəri jurnalını N.Tsiskaridzeyə təqdim edib.

Daha sonra BXA-nın müəllim və tələbələri ilə görüşən N.Tsiskaridze akademiyanın müxtəlif təhsil pillələrində təhsil alan klassik şöbənin tələbələrinin iştirakı ilə ustad dərsi keçib. Dərs zamanı qonaq klassik rəqs və balet sənətinin sirləri barədə nəzəri və daha çox praktik məqamlardan danışıb. Hərəkətlər, qamət, duruş, mövqe və digər vacib elementləri nümayiş etdirən N. Tsiskaridze, müəllimlərə də tövsiyələrini verib.

Ustad dərsinin sonunda qonaq bu cür görüşlərin mütəmadi olacağına əminliyini bildirib, rəhbərlik etdiyi Rus Baleti Akademiyasının aparıcı müəllimlərinin Bakı Xoreoqrafiya Akademiyasına təcrübi və metodik kömək göstərəcəklərini diqqətə çatdırıb.

Dərsdən sonra N.Tsiskaridze sualları cavablandırıb.


Xəbər xətti