Azərbaycan maraqlarının qorunması üçün uğurlu lobbiçilik fəaliyyəti göstərir

19:19 - 27 Noyabr 2017 - KİVDF

Bunun nəticəsidir ki, hər il ölkəmizin haqlı olduğuna inananların sayı sürətlə artır


 Belçika Krallığının Brüssel şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə bu yaxınlarda böyük bir tədbir keçirilib. Tədbirdə Azərbaycanın lobbiçilik fəaliyyətrinin uğurları bir daha özünü  bariz şəkildə nümayiş etdirib. Çıxışlarda Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu dəfələrlə qeyd edilib. Bu məsələdə ölkəmizin mövqeyi müdafiə olunub. Ikili standartlar tənqid edilib. Məsələn,İsrailin Netanya Akademik Kollecinin Strateji Dialoq Mərkəzinin rəhbəri, istefada olan briqada generalı, keçmiş nəqliyyat və səhiyyə naziri Efraim Sneh isə çıxışında Ermənistanın əleyhinə sərt danışıb. O, münaqişələrin dünyada kök salmasında beynəlxalq gücləri təqsirləndirib. O həmçinin bildirib: “Qarabağ problemi ədalətli həll olunmalıdır ki, növbəti münaqişələrin qarşısı alınsın. Azərbaycan Prezidenti İlham Əliyevin sülh danışıqlarına önəm verməsindən sui-istifadə olunmamalıdır”.

 Azərbaycan Respublikası Milli Məclisinin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, gənclər və idman komitəsinin üzvü Rövşən Rzyev isə Forum iştirakçılarının diqqətinə çatdırıb ki, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı problemi onun üçün həm də şəxsi faciədir, çünki o, özü bu regiondandır və Dağlıq Qarabağ regionunda Azərbaycan icmasını təmsil edir. O bildirib ki, vaxtilə beynəlxalq birlik Dağlıq Qarabağın işğalına barmaqarası baxmasaydı, bu gün ola bilsin ki, nə Ukraynanın şərqində müharibə olardı və nə də Kataloniya separatizmi. Deputat, həmçinin Kataloniya və Qarabağ münaqişələrinin eyniləşdirilməsi ilə razılaşmadığını bildirərək qeyd edib: “Kataloniyada üçüncü tərəfin həyata keçirdiyi etnik təmizləmə, soyqırımı, güc və silah tətbiqi olmayıb. Azərbaycanın beynəlxalq birliyə inamı sarsılıb. Bu inam yalnız o zaman bərpa olacaq ki, beynəlxalq birlik Azərbaycanın ədalətli mövqeyini müdafiə edəcək, beynəlxalq qurumlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdikləri qətnamələrin yerinə yetirilməsini təmin edəcəklər. Deputat bu yaxınlarda Tbilisidə başlanmış “Sülh platforması”nın işindən də məlumat verib.


 Azərbaycanın lobbiçilik fəaliyyətinin  nəticələrindən biridir ki, bu yaxınlarda Bundestaqda Ermənistanın hərbi cinayətini xatırladan sənəd qəbul edilib. Bu barədə çıxışında Alman-Azərbaycan Forumunun həmsədri, Almaniya Federativ Respublikasının Bundestaqının sabiq deputatı Helqa Daub deyib. O qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi işğal olunub. Bu, işğalın klassik formasıdır və burada “xalqların öz müqəddəratını təyin etməsi”ndən danışmaq yersizdir. “Xocalı soyqırımı barədə Almaniyada az bilirlər. Lakin bu yaxınlarda Bundestaqda Ermənistanın hərbi cinayətini xatırladan sənəd qəbul edilib”, - deyə Helqa Daub məlumat verib. O, Azərbaycan xalqına bütün Dağlıq Qarabağ ərazisində və ona bitişik 7 ətraf rayonda öz Konstitusiyasını tezliklə bərpa etməsini arzulayıb.
Lobbiçilik sahəsində uğurlarmızdan biri də Moldovanın sabiq ombudsmanı və parlament vəkili Aureliya Qriqoriunun çıxışında özünü göstərib. O. Dağlıq Qarabağa münasibətdə “münaqişə” terminini təkzib edib. O deyib: “Bu işğal, təcavüz nəticəsində etnik təmizləmədir. Ermənistanın indiki rəhbərləri Xocalıda azərbaycanlılara qarşı soyqırımında iştirak ediblər. Avropa İttifaqı isə münaqişənin həllini ATƏT-in fəaliyyətsiz Minsk qrupunun öhdəsinə buraxaraq dəvəquşu mövqeyi nümayiş etdirir”.
Jurnalist Maksim Şevçenko da Qarabağa münasibətdə “separatizm” termininin işlədilməsi ilə razılaşmayıb. O bildirib: “Bu, müharibədir, separatizm deyil”. Maksim Şevçenko hesab edir ki, azərbaycanlılar Qarabağa qayıtmadan münaqişəni həll etmək mümkün deyil.

 
Tədbirdə Azərbaycanın maraqlarının müdafiəçisi kimi çıxış edənlərdən biri də tarix elmləri doktoru, Suxumi Dövlət Universitetinin professoru Quram Marxuliya olub. Dağlıq Qarabağda baş verənləri separatizmi ermənilərin xisləti adlandıran tarixçi vurğulayıb ki, ermənilər harada peyda olublarsa orada dövlət yaratmağa çalışıblar. 1985-ci ildə Afinada Daşnaksütyun partiyasının qurultayında Ermənistanın ərazisinin Gürcüstanın, yaxud Azərbaycanın torpaqları hesabına genişləndirilməsi məsələsi müzakirə olunub və bu işə yalnız bir səs üstünlüyü ilə Qarabağdan başlamaq qərara alınıb. “Bu, gürcüləri ayıltdı, əks halda, biz gürcülər də indiyədək yatardıq. Bu mənada Gürcüstan və Azərbaycan təbii müttəfiqlərdir”, - deyə Quram Marxuliya bildirib ki, Ermənistan tarixin səhvidir və bunu düzəltmək lazımdır.


 Kişineu Effektiv Siyasət İnstitutunun direktor müavini, ava.md informasiya portalının siyasi analitiki, tarix elmləri doktoru Ruslan Şevçenko Qarabağla Dnestryanı arasında müqayisə aparıb və qeyd edib ki, hər iki halda vaxtilə bu regionlarda immiqrantlar yerləşdiriliblər, sonra özlərini bu yerlərin “sahibi” hiss ediblər və “öz müqəddəratını təyinetmə” barədə danışmağa başlayıblar.
Tarixçi, politoloq, qafqazşünas, pedaqoq, publisist, erməni terrorizmi barədə çoxsaylı elmi tədqiqatların müəllifi Oleq Kuznetsov həmkarı Maksim Şevçenkonun fikirləri ilə razı olduğunu bildirərək qeyd edib ki, Azərbaycana qarşı bir çox hallarda ədalətsizliyə yol verilir. O, 1992-ci ildə “Azadlığa dəstək” Aktına qəbul edilən 907-ci düzəlişin buna bariz nümunə olduğunu xatırladıb.
Bohum Universitetinin professoru Hans-Yoaxim Heintze qeyd edib ki, öz müqəddəratını təyinetmə hüququ Dağlıq Qarabağ ermənilərinə aid edilə bilməz, çünki onlar “millət” və ya ayrıca “etnos” deyil. “Mən amerikalı siyasətçilərdən Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququ barədə hansı hüquqi əsasda danışdıqlarını soruşduqda, onlar etiraf etdilər ki, erməni lobbisi və şantajının təsiri altındadırlar”.-deyə  Hans-Yoaxim Heintze çıxışında bildirib. Professor qeyd edib ki, Dağlıq Qarabağ erməniləri milli azlıqdır və beynəlxalq hüquqa görə onlara müstəqillik düşmür.


 Digər almaniyalı professor, Qarabağ haqqında bir çox kitabların müəllifi Yohannes Rau qeyd edib ki, ermənilər artıq bir dəfə öz müqəddəratlarını təyinetmə hüququnu reallaşdırıblar. Bu gün ABŞ-da ermənilər Dağlıq Qarabağdakından çoxdur. Məntiqlə, onlar orada da dövlət yaratmalıdırlar. Gücün cavab gücü doğurduğunu və bunun çox təhlükəli olduğunu vurğulayan alim bildirib: “Ermənistan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisindən və digər bölgələrindən çıxmalıdır, ümumi amnistiya verilməli, əsirlər dəyişdirilməlidir, onda Azərbaycan Qarabağa muxtariyyət verə bilər. İstənilən halda beynəlxalq hüquq Azərbaycan tərəfindədir”.
İraq parlamentinin deputatları Arşed Raşad Fatallah, politoloq, Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun əməkdaşı Aleksandr Karavayev və başqaları çıxış edərək mövzu ilə bağlı fikirlərini və təkliflərini bildiriblər.
Ekspertlərin və politoloqların çıxışları auditoriyadan suallar və debatlarda fəal iştirakla müşayiət edilib. 


 Bu çıxışlar bir daha göstərdi ki, Azərbaycan maraqlarının qorunması üçün xaricdə uğurlu lobbiçilik fəaliyyəti göstərir. Bunun nəticəsidir ki, hər il ölkəmizin haqlı olduğuna inananların sayı sürətlə artır, Dağlıq Qarabağın Azərbaycanın əzəli torpaqları olduğu beynəlxalq  tribunalardan daha aydın eşidilir və Azərbaycanın haqlı tərəf olduğu vurğulanır. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir.

 

Xəbər xətti