“Nazirin xanımı” təqdim olundu

13:05 - 27 Noyabr 2017 - Mədəniyyət

Akademik Milli Dram Teatrında “Nazirin xanımı” tamaşası təqdim olunub


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında serb yazıçı-dramaturqu Branislav Nuşiçin eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Nazirin xanımı” tamaşası təqdim olunub. Teatrın mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsayev, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistentləri Əməkdar mədəniyyət işçisi Rəfiqə Musayeva və Vüqar Məmmədovdur. Tamaşada rolları xalq artistləri Bəsti Cəfərova (Jivka) Hacı İsmayılov (Pera), əməkdar artistlər Şəlalə Şahvələdqızı (Dara), Aslan Şirinov (Çeda), Məsmə Aslanqızı və aktrisa Şəhla Əliqızı (Anka), aktyorlar Vüsal Mustafayev (Raşa), Ləman İmanova (Nata), əməkdar artistlər Əminə Babayeva (Sava xala), Əjdər Həmidov (Vasa dayı), İlham Hüseynov (Ninkoviç), Sabir Məmmədov (Rista), aktyor Cümşüd Zeynalov (Polis) ifa edir.


Satirik əsərdəki hadisələr partiyadaxili münaqişələrin baş alıb getdiyi ölkəyə yeni baş nazir təyin olunması ilə başlayır. Əvvəllər kasıb yaşamış nazirin xanımı ərinin yeni vəzifəsindən xoşhallanaraq bütün nazirliyi özü idarə etməyə başlayır. Kimisini işə düzəldib, kimini işdən çıxaran nazir xanımı beləcə özü də bilmədən ərinin işinə əngəl törədir. Bu satirik əsəri Azərbaycanda ilk dəfə 1970-ci ildə görkəmli rejissor Tofiq Kazımov səhnələşdirib. Uğurla nümayiş olunan tamaşa alqışlarla qarşılanıb.


Qeyd edək ki, iki hissəli səhnə əsərinin premyerası 2014-cü il fevral ayının 5-də keçirilib.

Xəbər xətti