“Onlar münaqişənin həllini bilərəkdən uzadırlar”

19:06 - 24 Noyabr 2017 - KİVDF

Efraim Sneh:  “Ermənistana isti münasibət təkcə ikili standart yox, həm də riyakarlıqdır”


Belçika Krallığının Brüssel şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə  keçirilən "Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunda beynəlxalq forumun ikinci panel iclası “Avropada separatizm: səbəblər, nəticələr. Avropanın iqtisadi və siyasi gələcəyinə yaranan təhlükələr” mövzusuna həsr olunub.
İsrail Dövlətinin fövqəladə və səlahiyyətli səfiri, İsrail Knessetinin 17-ci çağırış deputatı, İsrailin 9-cu telekanalında veriliş aparıcısı, “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təsisçisi və prezidenti, siyasi şərhçi İosif Şaqalın moderatorluğu ilə keçirilən ikinci panel iclasda Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı fövqəladə və səlahiyyətli səfiri, Avropa İttifaqı yanında nümayəndəliyin rəhbəri Fuad İsgəndərov çıxış edib. Səfir Avropa İttifaqı ilə Azərbaycan arasında Sazişin imzalanmasının həlledici mərhələyə qədəm qoyduğunu bildirib. O bildirib  ki, Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü məsələsinə münasibətinin yaxın vaxtlarda dəyişəcəyinin şahidi olacağıq. Əgər bir neçə il əvvəl Brüsseldə Azərbaycanın ərazi bütövlüyünə müəyyən qədər səhlənkar və soyuq münasibət göstərilirdisə, indi artıq çox şey dəyişib. Avropa İttifaqı indi birmənalı şəkildə başa düşür ki, separatizm onun özünə zərbə vura bilər və Kataloniya bunun bariz nümunəsidir.

 
Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer qeyd edib ki, demək olar bütün separatçı ocaqlar qeyri-legitim zor tətbiqinə və mərkəzdənqaçma qüvvələrinin birtərəfli olmasına söykənir. “Paradoks bundan ibarətdir ki, Kataloniya silahsız, dinc separatizmin yeganə nümunəsidir, amma Avropa İttifaqı nədənsə yalnız onu böyük səylə rədd edib. Çünki Kataloniya artıq Avropa İttifaqının özüdür, onun evinin içidir”-deyə O.Hauzer çıxışında vurğulayıb.  O, hesab edir ki, vətənpərvərlik yaxşı haldır, amma separatizm vətənpərvərliyin heç də yaxşı forması deyildir. Məruzəçi həmçinin qeyd edib ki, Azərbaycan Avropa üçün əhəmiyyətlidir, Avropa öz tərəfdaşını başa düşməli və İspaniya kimi onu da dəstəkləməlidir. “Münaqişənin həllinin özəyini qaçqınların və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması təşkil edir. İnsan haqları, insanın Vətən haqqı da elə budur.”-deyə O. Hauzer çıxışında bildirib. 
Bolqarıstan parlamentinin deputatı, Bolqarıstan-Böyük Britaniya parlamentlərarası dostluq qrupunun rəhbəri Stanislav Anastasov son illər ölkəsində bolqar müsəlmanların təqib edilməsi barədə söz açaraq etiraf edib ki, Bolqarıstan da vətəndaş müharibəsi ərəfəsində olub, amma buna yol verilməyib. “Bunu Yuqoslaviya barəsində demək olmaz. Aİ-nin vəzifəsi təkcə parçalanmanın və separatizmin qarşısını almaq deyil, həm də xalqları birləşdirməkdir. Separatizmin sonu yoxdur”, - deyə Stanislav Anastasov vurğulayıb. O bildirib ki, Azərbaycanın işğal edilmiş ərazilərinə icazəsiz getmiş bolqarıstanlı siyasətçi Semyonov da millətçi partiyanın üzvüdür və bu da təəccüblü deyil.
Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov Ümumrusiya Azərbaycanlıları Konqresinin bağlanması, ATƏT-in Minsk qrupunun passiv mövqedə durması ilə bağlı təəssüfləndiyini bildirib.


 Siyasi şərhçi Azər Həsrət diqqət çəkmək istədiyi əsas məsələnin erməni separatizmi olduğunu vurğulayaraq bildirib ki, bu, sadəcə olaraq, ermənilərlə azərbaycanlıların, Ermənistanla Azərbaycanın arasındakı problem deyil. Erməni separatizmi bütövlükdə region üçün problemdir. Çünki ermənilər sadəcə Azərbaycana yox, Türkiyəyə, Gürcüstana, hətta Rusiyaya qarşı bölücülük təşəbbüsü ilə çıxış edir, torpaq iddiası aparır. Biz unutmamalıyıq ki, Abxaziya münaqişəsində Gürcüstana qarşı vuruşanların böyük bir qismi də ermənilər idi. Erməni separatizmi bütövlükdə bizim region üçün ciddi təhlükə təşkil edir”.

 Sonra Ukraynanın siyasi xadimi, Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Oleq Medunitsya, Avropa Parlamentinin deputatı Ramon Manesku, Lüksemburq parlamentinin sabiq deputatı, Lüksemburqun Hüquqşünaslar Mərkəzinin rəhbəri Jak Ayves Henks, Rumıniyanın Münaqişələrin Qarşısının Alınması və Erkən Xəbərdarlıq Mərkəzinin rəhbəri Yulian Çifu, İsrailin Netanya Akademik Kollecinin Strateji Dialoq Mərkəzinin rəhbəri, istefada olan briqada generalı, keçmiş nəqliyyat və səhiyyə naziri Efraim Sneh, Yunanıstan parlamentinin sabiq deputatı, keçmiş daxili işlər naziri və turizm naziri Yoannis Kefalogiannis, Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, Monteneqronun fəxri baş konsulu, Avrasiya İqtisadi Sammitinin təsisçisi Akkan Suver panel iclasında çıxış ediblər. Çıxış edənlər separatizm problemlərinin ölkələr və xalqlar arasında münaqişəni necə gücləndirdiyi barədə fikirlərini söyləyib, problemlərdən çıxış yolları haqqında tezislərini səsləndiriblər.
Forum çərçivəsində erməni separatizmindən bəhs edən videofilm təqdim olunub.


 Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münaqişələr üzrə ekspert Arye Qut Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqlarında Ermənistanın nümayiş etdirdiyi destruktiv mövqedən danışıb. “Mən düşünürəm ki, bu, çox gözəl platformadır. Həm ekspertlərin burada separatizmlə bağlı çıxışları olacaq, eyni zamanda, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasəti, bu problemlə əlaqədar danışıqlar prosesi müzakirə olunacaq. Onu da deyim ki, bu tədbir həm Azərbaycan, həm də dünya üçün çox önəmlidir”.-deyə Arye Qut çıxışında bildirib.
Ukraynalı deputat Oleq Medunitsiya separatizmi bir çox hallarda “saxta təzahür” kimi qiymətləndirib. O qeyd edib ki, öz imperiya statusunu saxlamaq istəyən ölkələr bundan istifadə edirlər. “Onlar daim öz qonşuları arasında separatizmi qızışdırırlar. Əgər biz xəritəyə diqqət etsək, oradakı qanlı, separatist münaqişələrin daha çox keçmiş sovet ölkələri ərazilərində olduğunu görə bilərik.”-deyə deputat vurğulayıb


 İsrailin Netanya Akademik Kollecinin Strateji Dialoq Mərkəzinin rəhbəri, istefada olan briqada generalı, keçmiş nəqliyyat və səhiyyə naziri Efraim Sneh isə çıxışında Ermənistanın əleyhinə sərt danışıb. O, separatizmin dünyada kök salmasında beynəlxalq gücləri təqsirləndirib. İkili standartlardan danışan S.Efraim Dağlıq Qarabağ münaqişəsi barədə bildirib: “Azərbaycanın ərazi bütövlüyü müqəddəsdir, beynəlxalq birlik hər kəsə şamil etdiyi prinsipləri Ermənistana etmir. Bunun səbəbi nədir?” Dünyada Qarabağ probleminin həlli ilə bağlı ikili standart var. “Dövlətlərin ərazi bütövlüyünün pozulmasına göstərilən münasibət Azərbaycana gəldikdə dəyişir. Onlar bunu xalqların öz müqəddəratını təyinetmə hüququ adlandırırlar. Məgər hərbi təcavüzlə öz müqəddəratını təyinetmə mümkündürmü? Bu, absurddur. Ermənistana isti münasibət təkcə ikili standart yox, həm də riyakarlıqdır. 25 ildir insanlar əziyyət çəkirlər, onlar öz evlərinə qayıtmalıdırlar. Mən anlaya bilmirəm: Azərbaycanın qazı və nefti yaxşıdır, özü isə pis? Aydın görünür ki, bu durum bəzilərinə sərf edir və onlar münaqişənin həllini bilərəkdən uzadırlar.”-deyə Efraim Sneh çıxışında bildirib. O həmçinin bildirib: “Qarabağ problemi ədalətli həll olunmalıdır ki, növbəti münaqişələrin qarşısı alınsın. Azərbaycan Prezidenti İlham Əliyevin sülh danışıqlarına önəm verməsindən sui-istifadə olunmamalıdır”.

(ardı var)

Xəbər xətti