Borca görə işdən çıxarılan müəllim sensasion faktlar açıqladı - Direktorun yığdığı rüşvətlərin siyahısı

22:40 - 22 Noyabr 2017 - Cəmiyyət

Abşeron rayonu, Qobu qəsəbə Qəzənfər Xalıqov adına 1№-li tam orta məktəbində həmkarından borc aldığı üçün işdən çıxarılan müəllim Aqşin Həsənov Abşeron rayon Təhsil Şöbəsinin onunla bağlı yaydığı açıqlamaya münasibət bildirib. 

 

 

Ucnoqta.az xəbər verir ki, A.Həsənov BakuPost.az-a müraciət edərək rəsmi açıqlamada onun barəsində səsləndirilən ittihamlara bir-bir cavab verib. 

 

Pedaqoq onun Masazır kənd 2 nömrəli tam orta məktəbində çalışarkən üzrlü səbəbdən dərs buraxması barədə deyilənlərin yalan olduğunu bildirib: "Əgər mən icazəsiz dərs buraxmışamsa, niyə məni həmin vaxt işdən çıxartmadılar?

 

Deməli, məktəbin direktoru Mehbarə Əhmədova mənim dərslərimi əvəzçiliklə kimlərəsə verib və o dərslərin pulunun bölünməsi marağı olub. Mən məktəbdən dərs buraxan vaxtı fevral-mart ayı olub, o da Türkiyədə aspiranturada oxumağımla bağlı getmişəm. İndi deyirlər ki, guya, məni polis axtarib, guya, cinayət işi var…

 

Cinayəti olan adam barədə məhkəmə qərar çıxartmalıdır. Deməlidir ki, bunu işdən azad eləyin, bunun vəziyyəti belədir. Buna Təhsil Şöbəsinin müdiri qərar verə bilməz axı”.

 

A.Həsənov özünün Qobu qəsəbə 1 nömrəli tam orta məktəbində analıq məzuniyyəti yerinə uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə təyin olunmaq üçün müraciət etməsi barədə deyilənlərə də toxunub. Bildirib ki, onu bu vəzifəyə təyin edəcəyini Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova özü deyib: "Mənə dedi ki, get o biri məktəbdən ərizəni yaz, çıx, dərs saatın azdır. Səni Qobu qəsəbə 1 nömrəli tam orta məktəbinə təşkilatçı müavin göstərəcəyəm. Açıqlamada deyilir ki,  Aqşin Həsənovun həmin vəzifəyə təyinatı uyğun hesab edilməyib. Amma elə olmadı, məni göndərdilər ora. Mən 1 həftə təkilatçı müavin işləmişəm... Buna kənd camaatı və kollektiv də şahiddir, gedib dindirə bilərlər. İndi mənim borcum var deyə, işləməməliyəm?! Borcu olan adam işləməməlidir məgər?!

 

Nazilə xanımın borcu yoxdu məgər?! Nazilə xanım 45 nömrəli məktəbdə işləyəndə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində onun barəsində iş olub. Korrupsiya İdarəsindən necə qurtardı ki, gəldi təzədən Təhsil Şobəsinin müdiri oldu? Buna qiymət versinlər”.

 

Müəllim Təhsil Şöbəsinin onun müəllimlərin işə qəbulu imtahanında 33 bal topladığını, bu səbəbdən də işlə təmin edilmədiyi barədə dediklərinin əsassız olduğuna diqqət çəkib:"Mənim MİQ-də 33 bal toplamağımı əsas gətirilər. Xeyr, mən MİQ-də iştirak etməməliydim. Mən öz arzumla MİQ-də iştirak eləmişəm. Mən müddətsiz müqavilə ilə işləyən müəlliməm. Təhsil Nazirliyinin istənilən bir nümayəndəsinə sual verin, cavab bu olacaq ki, müddətsiz müqavilə ilə işləyən müəllimi işdən  çıxarmaq olmaz. Çıxarılıbsa da, təzədən onun az bal toplamasını əsas gətirmək olmaz. Bəli, mənim kiməsə borcum var, danmıram. Borcu olan şəxs işləyib borcunu verməlidir. Borcu olan şəxsi işdən çıxararlar?! Borcu olan şəxşi təhsildən azad edərlər?!

 

Mən 18 il müəllim işləmişəm.18 il müəllim işləyən adam nə imtahan verir? Cənab nazirimizin sərəncamı var. Bu qədər müddət müəllim işləmiş adam yerini də dəyişə bilər, işləyə də bilər. Mən işimə görə demirəm, heç demirəm məni işə qaytarsınlar, amma bu haqsızlığı  işıqlandırmaq lazımdır. Bu haqsızlığı hər kəs bilməlidir”.

 

Aqşin Həsənov daha sonra fəaliyyəti barədə danışıb: "Mən Həsənov Aqşin Tarqulu oğlu 1974-cü ildə Lerik rayonunun Lüviç kəndində anadan olmuşam. 1999-cu ildə LDU-nun riyaziyyat ixtisasını bitirmişəm. Həmin ildən də Lerik rayonu Bibiyani kənd məktəbində ixtisasım üzrə müəllim fəaliyyətinə başlamışam. Həmin məktəbdə işlədiyim müddətdə məktəb rəhbərliyi, Təhsil Şöbəsinin və rayon İcra Hakimiyyətinin fəxri fərmanlarına layiq görülmüşəm. 2002-ci ildə "İlin ən yaxşı müəllimi” müsaqibəsində iştirak etmişəm və Təhsil Nazirliyinin 2-ci dərəcəli diplomuna laiq görulmüşəm. 2008-ci ildə Gənclər Təşkilatının üzvü kimi ABŞ-da 15 günlük səfərdə olmuşam və oradan da müxtəlif serfikatlar almışam. Kurikulum kursunda iştirak edib, 1-ci dərəcəli serfikat almışam. Ailəliyəm, 3 övladım var.

 

2012-ci ildə ərizəmə əsasən işlədiyim məktəbdən işdən azad olundum. Elə həmin ildən də Abşeron rayonu Masazır 2 saylı tam orta məktəbində ixtisasım üzrə müəllimlik fəaliyyətimi davam etdirirəm.

 

Həmin məktəbdə də gözəl  fəaliyyətə başladım. Bu məktəbdə də işləyən zaman məktəb rəhbərliyi və Təhsil şöbəsinin Fəxri fərmanına layiq görülmüşəm. Məktəb direktoru vəfat etdi və elə həmin gündən də Abşeron rayonu Masaazır 2 nömrəli tam orta məktəbinin "qara” günləri başladı.

 

Məktəb direktoru yeniləndi. Həmin direktorun da təcrübəsizliyi və ətrafındakı insanların biganəliyindən bəzi problemlər yarandı. Təhsil Şöbəsinin frontal yoxlanışından sonra həmin məktəb direktoru da işdən azad olundu.

 

Rəhmətlik bu addımı atdı ki, bundan sonra seçiləcək yeni direktor məktəbdə dönüş yaradacaq. Daha bilməlidirlər ki, məktəbin "qara” günləri qabaqda imiş.

Müvəqqəti olaraq məktəb direktoru olaraq Təhsil Şöbəsinin metodistini təyin etdilər. Bu direktor da Təhsil Şöbəsinin maraqlarını həyata keçirmədiyindən onu da çıxartdılar.

 

Ən nəhayət, yüz on müəllim kollelktivi olan Masazır 2 nömrəli tam orta məktəbə Xırdalan şəhər məktəblərinin birindən, özünün dediyinə görə arxalı, maddi cəhətdən zəngin Mehbarə Əhmədova adlı direktor təyin edildi. 

 

Məlumat üçün deyim ki, Mehbarə xanım Xırdalan şəhər Bələdiyyəsinin sədri Eldar Əhmədovun bacısıdır.

 

Masazır 2 nömrəli tam orta məktəbinə hansı formada direktor gəldi və hansı formada təsdiq oldu, heç kimə məlum deyil.

 

Mən özüm də direktorluğa görə Təhsil Nazirliyinə ərizə verdim. Ərizəmin baxılma mərhələsində mənim üçün Mehbarə xanım müsbət rəy yazmadı, ona görə məni imtahana buraxmadılar. Mehbarə xanım bilirdi ki, mən də onunla imtahana getsəm, ondan yüksək nəticə göstərəcəm. 

 

Təhsil Şöbəsi də öz ənənəvi imkanlarından istifadə edərək özünün marağında olduğu Mehbarə xanım üçün rəy yazdı və öz istəklərinə nail oldular. 

 

Mehbarə xanım guya nöqsanları, problemləri olan məktəbə gəldi, amma buna baxmayaraq özü də ağılabatmaz səhvlər buraxır. O, əvvəlki problemlərdən sui-istifadə edib məktəbi gəlir ocağına çevirib. 

 

Məsələn, hər ay üçün hər müəllimdən 10 manat pul yığdırır, bu il 1 saat dərsi 50 manata verib, sinif rəhbərliyinə 100 manat pul alıb və s.

 

Eyni zamanda, məktəbdə müəllim sıxlığına baxmayaraq, vakansiya olmadan MİQ imtahanında lazımi bal toplamayan müəllimlərlə yenə də müddətli müqavilə bağladı. Nə səbəbə? Nə marağı var idi? 

 

Öz həyat yoldaşı Xırdalan məktəbində fiziki tərbiyə müəllimi işləməsinə baxmayaraq, direktoru olduğu məktəbdə 28 saat dərs yükü ilə təmin edib. Bunu necə başa düşək?

 

MİQ imtahanında 30 baldan aşağı bal toplayan müəllim ilə də müddətli müqavilə bağlayıb. 

 

Masazır 2 nömrəli tam orta məktəbin "qəhrəman” direktoru Mehbarə xanımın etdiklərinin cüzi bir hissəsi haqqında danışdım. 

 

Belə nöqsanlar olan məktəbdə hansı təlimdən, hansı təhsildən danışmaq olar?”

 

A.Həsənov qeyd edib ki, şagirdi respublika olimpiadasının da qalibi olub: "Mehbarə xanımla işlədiyim vaxtda şagirdim 9-cu sinif üzrə riyaziyyat ixtisası üzrə respublika olimpiadasının qalibi oldu. Belə nəticəsi olan müəllimə qarşı hansısa pis addım atmaq olarmı? Olarsa niyə? Mehbarə xanım səbəbini desin”.

 

Müəllim işdən çıxmasına səbəb olan hadisədən də danışıb: "Mən bu qədər nöqsanı olan direktorla işləməmək qərarına gəldim və 13.09.2017-ci il tarixində məcburiyyət qarşısında qalıb ərizəmi yazdım. İşdən çıxmaq barəsində ərizə yazmazdan əvvəl Abşeron rayon Təhsil Şöbəsinin yeni müdiri Nazilə xanımla görüşdüm. O da mənə başqa məktəbdə işə düzəlməyimə kömək etməyə söz verdi. Bu görüşdən sonra mən də qərara gəldim ki, həmin məktəbdə işləməyim və ərizəmi yazdım. Onu da bildirirəm ki, mən həmin məktəbdə müddətsiz müqavilə ilə işləyirdim. 

 

Abşeron Təhsil Şöbəsinin özündən çox razı, heç kimdən çəkinməyən müdiri Məmmədova Nazilə məni işə düzəltməyə söz verdiyinə görə oktyabr ayının əvvəllərində məni Təhsil Şöbəsinə çağırtdırdı. Mən də yüksək həvəslə Təhsil Şöbəsinə yollandım. Nazilə xanımın tapşırığına əsasən kadrlar şöbəsinin məsləhətçisi mənə məlumat verdi ki, səni Qobu 1 saylı tam orta məktəbə direktor müavini vəzifəsinə göndərmək istəyirik. Mən də bunlarla görüşümdə razılıq verdim və Təhsil Şöbəsinin müdiri Nazilə xanıma onun etimadını doğruldacağımı söz verdim. Bu anda mən kadrlar şöbəsinin otağında işə təyin olunmağıma görə müdirin adına ərizə yazdım. Orada da mən məsləhətçiyə əmrimin məktubunun hazır olduğundan sonra fəaliyyətə başlayacağımı söylədim. Amma aparıcı məsləhətçi günü sabahdan işə başlamağımı məsləhət gördü. Mən də onun özü ilə oktyabrın 11-də Qobu 1 saylı tam orta məktəbdə direktor müavini kimi fəaliyyətə başlamaq məqsədilə ora yollandım.

 

Məktəbin direktor əvəzedicisi Nisəxanım müəllimə ilə görüşdüm, o da elə həmin gün işə başlamağımı məsləhət bildi. 

 

Mən də böyük həvəslə elə həmin gündən fəaliyyətə başladım. Məktəbdə yüksək ruh yüksəkliyi yaratdım, kollektivdə isti münasibətlər, bütün işçilər ilə işimi yüksək səviyyədə qurdum. Mənim fikrimcə, hamı mənim bu məktəbdə faəliyyət göstərməyimi ürəkdən istəyirdi. İstər şagird kollektivi, istərsə də kənd camaatı arasında qısa bir neçə gün ərzində lazımi hörmət qazandım. 

 

Məktəbin direktor əvəzi Nisəxanım müəllimə də özünü guya məndən çox razı kimi aparırdı. Sonra isə onun danışıqları əməllərinin tam əksinə oldu. Ən nəhayət, həftənin sonu Təhsil Şöbəsindən zəng gəldi ki, Aqşin müəllim bura gəlsin. Mən də həftənin son günü Təhsil Şöbəsinə gəldim. Müdir yerində olmadı, kadr məsləhətçisi 1-ci gün gəlməyimi məsləhət gördü. Mən də yenə həftənin 1-ci günü məktəbə getdim. Məktəbdə işlərimi qaydasına saldım və daha sonra Təhsil Şöbəsinə getdim. Mən həmin gün Təhsil Şöbəsinin müdiri Nazilə xanımla görüşdüm, mənə söylədi ki, sənin keçmiş iş yoldaşına borcun var. Həmin müəllimin onun yanına gəlib şikayət etdiyini dedi. Mən də işin necə olduğunu dəqiqliyinə qədər müdirə söylədim. Dedim ki, bəli, həmin adama borcum var və onunla razılığa gəlmişəm. İşləyib onun borcunu verəcəyəm.

 

Nazilə xanım isə təkid etdi ki, həmin müəllim gəlsin dilindən yazılı izahatını versin, şikayətinin olmamasını desin.

 

Mən də həmin adamla danışdım. O da etdiyi əmələ görə peşman olduğunu dedi və söylədi ki, gedib izahat da yazaram. Həmin adam dilindən izahat yazıb, aparıb verdi Təhsil Şöbəsinə. 

 

Amma bundan sonra da Təhsil Şöbəsinin "Hüquqşünas” müdiri Məmmədova Nazilə Teymur qızı mənim işə qayıtmağıma razılıq vermədi.

 

Nazilə xanım söylədi: "Borcu olan adama mən iş verə bilmərəm, get borclarını ver, sonra gəl işlə təmin edərəm”.

 

Borcu olan, 5 ailə üzvünün yeganə qazanc gətirən müəllimin işdən azad olunması nə dərəcədə doğrudur? 

 

Nazilə xanıma suallarım da var?

 

1. Sizin və yaxınlarınızın heç borcu yoxdur?

 

2. Siz də bir müəllimə kimi özünüzü mənim yerimdə təsəvvür edirsiniz? Bu halda siz nə edərdiz?

 

3. Siz 45 nömrəli tam orta məktəbdə direktor işləyəndə sizdən də Korrupsiya idarəsinə şikayət olunmuşdu. Oradan özünüzü necə düzə çıxartınız və ondan sonra necə oldu ki, yenə də yüksək vəzifəyə gəldiniz?

 

4. Nazilə xanım imkan zəif olan adama borcu olan müəllimə üstdən aşağı baxmağınızın səbəbi nədir?”

 

Xatırladaq ki, Abşeron rayon Təhsil Şöbəsindən məsələ ilə bağlı BakuPost.az-ın sorğusuna cavab olaraq bildirilib ki, A. Həsənov əvvəllər işlədiyi məktəbdə həmkarı Əbdilov Vilayət Mürsəl oğlunun 22000 AZN dəyərində pulunu mənimsəyib: "Aqşin Həsənov Tarqulu oğlu 01.10.2011-ci il tarixindən Masazır kənd 2 nömrəli tam orta məktəbində riyaziyyat müəllimi vəzifəsində çalışıb. 01.02.2017-ci il tarixindən etibarən üzrlü səbəb olmadan dərs ilinin sonunadək tədris prosesini pozaraq dərslərdə iştirak etməyib və bunun səbəbi barədə məktəb rəhbərliyinə şəxsən heç bir məlumat verməyib. Qardaşı Rüfət Həsənov məktəbə gələrək, onun polis tərəfindən axtarışda olduğunu, məktəbə gəlməməsinin səbəbi kimi qarşdaşı A. Həsənovun bir neçə şəxsə qarşı dələduzluq edərək, onların külli miqdarda pulunu mənimsədiyini və bu barədə Abşeron Rayon Polis İdarəsində cinayət işinin açıldığını bildirib. Daha sonra məlum olub ki, A. Həsənov işlədiyi məktəbin müəllimi Əbdilov Vilayət Mürsəl oğlunun 22000 AZN dəyərində pulunu mənimsəyib. Hal-hazırda məsələ üzrə məhkəmə işi davam edir.

 

13.09.2017-ci il tarixində məktəb rəhbərliyi A. Həsənovun ərizəsinə əsasən onu işdən azad edib. Bundan sonra A. Həsənov rayonun Təhsil Şöbəsinə yazılı şəkildə müraciət edərək, 2017-ci ildə keçirilən müəllimlərin işə qəbulu imtahanında 33 bal topladığını və hər hansısa məktəbdə vakansiya olarsa, riyaziyyat müəllimi işləmək istədiyini bildirib. A. Həsənovun diqqətinə çatdırılıb ki, Abşeron rayonu üzrə keçid balı 48-dir və onun işlə təmin olunması ilə bağlı Təhsil Şöbəsi tərəfindən Təhsil Nazirliyinə məktub ünvanlanıb.

 

11.10.2017-ci il tarixində A. Həsənov Qobu qəsəbə 1 nömrəli tam orta məktəbində analıq məzuniyyəti yerinə uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə təyin olunmaq üçün müraciət edib. Lakin onun həmin vəzifəyə təyin edilməsi məqsədəmüvafiq hesab edilməyib”.

 

Xəbər xətti