“Əslində bu, möhtəşəm Qarabağ Forumudur”

19:36 - 22 Noyabr 2017 - KİVDF

Forum dünyaya, dost -düşmənlərimizə və Azərbaycanın Avropadakı, digər ölkələrdəki gücü olan diasporamıza ciddi mesajdır


Noyabrın 20-də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Belçika Krallığının Brüssel şəhərində öz işinə başlayan  "Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunda beynəlxalq forum keçirilir. 
Beynəlxalq və Avropa məsələlələri üzrə İrlandiya İnstitutunun nümayəndəsi, Ukraynada rezident əlaqələndiricisi, səfir Fransis Martin OꞌDonelin moderatorluğu ilə keçən panel iclasında çıxış edən Ukraynanın sabiq prezidenti Viktor Yuşenko xalqların müqəddəratını təyinetmə hüququna və separatazim məsələsinə toxunaraq qeyd edib ki,  bu gün xüsusilə də Şərqi Avropada baş verən münaqişələr həll olunmamış olaraq qalır. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmadığını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Sabiq prezident separatizmə səbəb olan təcavüzkarlara qarşı qəti addımların atılmasının zəruriliyini bildirib. O, qeyd edib ki, öz müqəddərəratını təyinetmə hüququ separatizmlə nəticələnməməli, ərazi bütövlüyü prinsipi ilə ziddiyyət təşkil etməməlidir. Bu gün Avropada mövcud olan 7 münaqişədən 6-sının Qərbİ Avropada  baş qaldırdığını vurğulayan Viktor Yuşenko  bildirib ki, biz təhlükəsizliklə əlaqədar suallara cavab verə bilmiriksə, heç bir suala cavab verə bilməyəcəyik.
Bosniya və Herseqovinanın keçmiş Baş naziri Hasan Muratoviç separatizmin dünya ölkələrinə vurduğu ziyan barədə danışıb. O bildirib ki, separatizm təkcə baş verdiyi ərazilərdə yox, eyni zamanda, oraya gələn insanların həyatında da öz dərin izlərini qoyur. Problem qlobal miqyasda həllini tapmadıqca bundan milyonlarla insan əziyyət çəkəcək və tarix bu itkili səhifələrlə zəngin olacaq.


İsrailin sabiq prezidenti Dalia İtzik Forumun təşkilatçılarına öz təşəkkürünü bildirib. Sabiq prezident vurğulayıb ki, separatizm dünyada çox böyük problemlər ortaya çıxarmaqdadır. O, separatizmin qarşısını almaq üçün effektiv həll yollarının tapılmasının vacib olduğunu diqqətə çatdırıb. 
Moldovanın sabiq Baş naziri Dumitru Braghis isə çıxışında öz ölkəsinin təcrübəsi barədə məlumat verib. Dövlətlərin ərazi bütövlüyünü bölünməzliyi prinsipinin vacib olduğunu vurğulayan sabiq baş nazir qeyd edib ki, Moldova da bir çox Şərqi Avropa ölkələrinin keçdiyi çətin tarixi mərhələlərdən keçməli oldub.  
ATƏT-in İnsan Hüquqları və Demokratiya Komitəsinin sabiq sədri Jesús López-Medel çıxışında separatizmin doğurduğu problemlər haqqında fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırırb. O, dünyada baş verən mürəkkəb siyasi proseslər haqqında danışıb, Kataloniya bölgəsi ilə bağlı yaranmış problemlərin həll ediləcəyinə inandığını ifadə edib. 
İsrail Knessetinin üzvü Robert İlatov Avropada separatizmin genişlənməsi məsələsinə toxunaraq, ikili standartların bu problemin həllinə maneə yaradan əsas amillərdən biri olduğunu diqqətə çatdırırb. O, bir çox mürəkkəb problemlərin normal danışıqlar və sülh yolu ilə həll edilməsinin mümkün olduğunu bildirib. 

Forumun işində iştirak edən “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu deyib ki, Forumun statusu beynəlxalq statusdadır: “Əslində bu, möhtəşəm Qarabağ Forumudur. Avropanın paytaxtı sayılan Brüsseldə belə bir tədbir düzənləmək, oraya dünyanın hər yerindən nümayəndə toplamaq və bir çox tanınmış simaları bu Forumda iştirakçı etmək Azərbaycanın böyük uğurudur. Ən müxtəlif ölkələrdən gələn diaspor fəallarımız bu Forumdan böyük ruh və kurs alacaqlar, buna əminəm. Azərbaycan Prezident Administrasiyasının şöbə müdüri, prezident İlham Əliyevin köməkçisi Əli Həsənovun, Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimovun, digər dövlət yetkililərinin qatıldıqları və rəhbərlik etdikləri Forum dünyaya, dost -düşmənlərimizə və Azərbaycanın Avropadakı, digər ölkələrdəki gücü olan diasporamıza ciddi mesajdır. Forum Brüsselin tam qəlbində, “Marriott” hoteldə keçirilir. Mən müşahidə etdim ki, Forumun təhlükəsizliyi Brüssel tərəfindən yüksək səviyyədə təmin edilib. Bakıda belə səhnələrə alışmamışıq, lakin Brüsseldə bizim otelin çevrəsini silahlı əsgərlərin qoruması olduqca maraqlı görünürdü”.
Panel iclasında sonunda "Anti-Separatizm Hərəkatı" Beynəlxalq İctimai Təşkilatı Təşəbbüs Qrupunun Bəyanatı qəbul edilib. Bəyanatda bildirilib ki,  mədəniyyətlərarası dialoqun son dərəcə mühüm aktuallıq kəsb etdiyi müasir dövrdə “millətlərin özmüqəddəratını təyinetmə hüququ”nu əsas istinad mənbəyi kimi qəbul edərək baş qaldıran separat hərəkatlar nəinki əhatə etdiyi regionlarda, eyni zamanda bütün dünyada dövlətlərin ərazi bütövlüyünü şübhə altına alır, xalqların birgəyaşayışına inamı sarsıdır, sülhü, sabitliyi, təhlükəsizliyi ciddi şəkildə təhdid edən qlobal problemə çevrilir. 


Beynəlxalq Forumun bu bəyannaməyə  imza atan iştirakçıları separatist hərəkatların doğurduğu münaqişə ocaqlarının dünyada sülhə, təhlükəsizliyə, sabitliyə, bəşəriyyətin gələcəyinə ciddi təhdid yaratdığını və bu təhdidlərin qarşısının alınması istiqamətində yeni mexanizmlərin müəyyənləşdirilməsinin vacibliyini təsdiqləyiblər.
Sənəddə göstərilir ki, forum çərçivəsində müxtəlif ölkələrin nümayəndələri, o cümlədən sabiq dövlət və hökumət başçıları, parlament üzvləri, ekspertlər, siyasi və ictimai xadimlərin iştirakı ilə aparılmış müzakirələr, irəli sürülmüş ideya və təkliflər əsasında qlobal sülhün və təhlükəsizliyin təmin olunmasına töhfə vermək məqsədilə  "Anti-Separatizm Hərəkatı" Beynəlxalq İctimai Təşkilatının Təşəbbüs Qrupunun yaradılması təşəbbüsünü dəstəkləyiblər. Bəyanatda vurğulanır ki, Hərəkatın yaradılması təşəbbüsü dünyanın müxtəlif regionlarında separatizm hərəkatları nəticəsində meydana çıxan, yüzminlərlə insanın qətlinə, qaçqın və köçkünə çevrilməsinə səbəb olan münaqişələrin qlobal sülhə təhdid olduğunu, bəşəriyyətin gələcəyi üçün ciddi təhlükəyə çevrildiyini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq ideyasına əsaslanır.
Anti-Separatizm Hərəkatı" Beynəlxalq İctimai Təşkilatı bütün dövlətlərin, xalqların, millətlərin, etnik yaxud dini azlıqların hüquqlarına hörmətlə yanaşacaq, qəti şəkildə heç bir dövlətin, xalqın, millətin, dini, etnik yaxud digər azlıqların əleyhinə fəaliyyət göstərməyəcək, mədəniyyətlərarası dialoq, millətlərin birgəyaşayışı, sülh, sabitlik və təhlükəsizlik ümumbəşəri ideyaların təbliğinə xidmət edəcəkdir.


Forum çərçivəsində həmçinin Anti-Separatizm Hərəkatı" Beynəlxalq İctimai Təşkilatının Təsis Konfransının 2018-ci ilin birinci yarısında hərəkatın yaradılması ideyasını dətəkləyən ölkələrdən birində keçirilməsini məqsədəuyğun hesab edilib. 
Sonda isə dünya liderlərinə, beynəlxalq ictimaiyyətə, siyasi partiyalara, ekspertlərə, ictimai təşkilatlara, kütləvi informasiya vasitələrinə müraciət edərək məramı yalnız sülh, birgəyaşayış, milllətlərarası etimad, mədəniyyətlərarası dialoqa töhfə vermək olan "Anti-Separatizm Hərəkatı"nı dəstəkləməyə çağırıblar.  
Qeyd edək ki, Forumun işində Azərbaycan Respublikasının Dövlət rəsmiləri, Milli Məclisin deputatları, Avropa Parlamentinin habelə Avropa ölkələri parlamentlərinin üzvləri, həmçinin separatizmdən əziyyət çəkən bir sıra ölkələrin deputatları, siyasətçiləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olan bir sıra ölkələrin sabiq prezidentləri, ictimai-siyasi xadimləri həmçinin, Avropadakı Azərbaycan diaspor təşkilatlarının  rəhbərləri, elm xadimləri və KİV nümayəndələrindən ibarət 200 nəfərə yaxın nümayəndə iştirak edir.
  

Xəbər xətti