“Avropa ölkələrindən geri qalmışıq”-Deputat

17:45 - 21 Noyabr 2017 - Cəmiyyət

Deputat Elmira Axundova Milli Məclisdə büdcə müzakirələri zamanı ətraf mühitin qorunması ilə bağlı məsələ qaldırlb. Bildirib ki, müxtəlif illərdə dövlətin bu sahədə qərarları, tədbirlər planları mövcuddur, vəziyyət yenə də mürəkkəb olaraq qalır: “Hesab edirəm ki, Nazirlər Kabineti gələn illər üçün mütləq ətraf mühitin qorunması istiqamətində xüsusi dövlət proqramı hazırlamalıdır. Çünki biz bu sahədə bir çox Avropa ölkələrindən geri qalmışıq. Söhbət bütün regionlarda mobil zibil poliqonlarının yaradılmasından, tullantıların yığılması və çeşidlənməsində müasir üsullardan istifadə edilməsindən, Bakıda və rayonlarda yeni qapalı zibil qutularının yerləşdirilməsindən, icra hakimiyyətləri və bələdiyyələrə müasir komunal texnikanın verilməsindən və bu kimi problemlərin həllindən gedir. Bütün respublikada şüşə, plastik butulkalar, kağız-kartonlar qəbul edən məntəqələr açılmalıdır. İndi bu məntəqələr var, lakin çox azdır. Bundan başqa bütün Avropa dövlətlərində, hətta qonşu Rusiyada mağaza və supermarketlər bir çox hallarda ekoloji cəhətdən təhlükəsiz, təkrar emal edilə bilən paket və küloklardan istifadə edirlər. Uzunmüddətli olan plastik paketlər isə bu ölkələrdə pulla satılır. Bizdə də uzun müddət parçalanmayan, insanların sağlamlığı üçün təhlükəli olan plastik paketlər mütləq ödənişli olmalıdır. Ekologiyanın qorunması sahəsində bir çox ictimai birliklər, qurumlar, məsəl üçün Leyla Əliyevanın rəhbərlik etdiyi ”İDEA” təşkilatı müəyyən işlər görməkdədir. Lakin hesab edirəm ki, bu sahəyə dövlət tərəfindən diqqət daha da artırılmalıdır və dünyada gedən müasir tendensiyaları nəzərə alaraq dövlət proqramı səviyyəsinə qaldırılmalıdır. Və bu istiqamətə sadalanan problemlərin həlli üçün müəyyən vəsait ayrılmağı məqsədəuyğun olardı”.

Daha sonra Bakıda sökülən çoxmərtəbəli evlərdən danışan deputat bildirib ki, ona bu barədə sakinlər artıq bir çox şikayətlər göndəriblər: “Söhbət ondan gedir ki, Təbriz, İzmir və digər mərkəzi küşələrdə yerləşən, sakinlərin yaşayışı üçün  heç bir təhlükə yaratmayan evlər sökülür və bu halda ev sahiblərinin mülküyyət hüquqları ciddi şəkildə pozulur. Heç də hamı bu evlərdən köçmək istəmədiyi halda onları çox vaxt mənzillərdən məcburən çıxardaraq evləri sökməyə başlayırlar. Hətta KİV-dən öyrəndik ki, məsələn, Nərimanov rayonunda Mədəniyyət Nazirliyinin himayəsində olan arxitektur binalar sökülür. Halbuki sökmək üçün Bakıda, məsələn, mikrorayonlarda nə qədər istəsəniz tam yararsız hala düşən, öz ömrünü artıq çoxdan başa vuran “xruşşovka” deyilən binalar vardır. Biz hələ görməmişik ki, bu “xruşşovkaların” biri sökülsün. Əvəzində Bakının görməli yerlərində, nisbətən təzə evlər sökülməkdədir. Bilirsiniz, İslam dinimiz mülkiyyəti müqəddəs elan edir. Konstitusiyamızda da mülkiyyət hüququna Azərbaycan dövləti təminat verir. Ona görə də, insanın mülkiyyət hüquqları bütün mənalarda qorunmalı və tanınmalıdır. O cümlədən, əgər biz istəyiriksə həm yerli, həm də xarici sahibkarlar ölkəmizə investisiya qoymaqdan çəkinməsinlər, bu halda mülkiyyətçilərin əmlaklarının əlindən geri alınması prosesi bir mənalı olaraq qadağan edilməlidir”.
Sonra isə Elmira Axundova deputat olduğu Masallı rayonunda öz daxili imkanları hesabına tikilmiş 10-a qədər uşaq bağçası üçün lazımi avadanlıqlar verilməsi və asallı şəhər küçələrinin su-kanalizasiya çəkilişindən sonra asfaltlanması ilə bağlı məsələ qaldırıb.

 

Elməddin

Xəbər xətti