“Azərbaycan və Tacikistan xalqlarını dostluq telləri bağlayır”

18:47 - 21 Noyabr 2017 - KİVDF

Tacikistan Azərbaycanın lobbiçilik etdiyi bir çox layihələrə qoşula bilər


 Ötən əsrin 80-ci illərinin sonlarında SSRİ məkanında cərəyan edən hadisələr imperiyanın sərhədləri çərçivəsində demokratik düşüncə tərzinin genişlənməsinə və milli azadlıq hərəkatlarının alovlanmasına stimul yaratmış oldu. Azərbaycanda bu proses daha sürətlə getməyə başladı. Erməni seperatçılarının ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ ərazisində həyata keçirməyə başladığı təxribatlar xalqımızın milli oyanışında, milli özünüdərk hissinin güclənməsində mühüm rol oynadı.
  1990-cı il 20 Yanvar hadisələri Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk edildi. Bu faciə xalqı yumruq kimi birləşdirdi və bütün dünya azərbaycanlılarının gücünü ifadə edirdi. Belə bir mürəkkəb və çətin vəziyyətdə 20 Yanvar qırğını ilə bağlı Moskvada vətəndaş qeyrəti və həqiqi vətənpərvərlikdən doğan cəsarətli bəyanatı ilə Heydər Əliyev dünya azərbaycanlılarını ayağa qaldırdı, xalqın siyasi iradəsini ifadə və bəyan etdi. Dünya azərbaycanlılarının bir millət kimi mütəşəkilliyinə təkan verən bu bəyanat həmvətənlərimizi xalqın taleyi üçün tarixi məsuliyyəti daşımaq qüdrətində olan yeganə siyasi xadim və milli lider ətrafında birləşdirdi.
Xaricdə yaşayan azərbaycanlıəların da ölkəmizə marağı artdı və Azərbaycanda baş verən hadisələrin dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynamağa başladılar. Azərbaycan müstəqillik qazandıqdan sonra  bir çox ölkələrlə əlaqələr qurulmağa və həmin ölkələrdə səfirliklər açılmağa başlanıldı. Bu səfirliklər Azərbaycanın maraqlarını xarici ölkələrdə təmsil etməyə, lobbiçilik etməyə başladı. Azərbaycanın xarici ölkələrdə yaratdığı səfirliklərdən biri də Tacikistanda bu gün uğurla fəaliyyət göstərir. Diplomatik əlaqələrin qurulmasından 25 ildən artıq vaxt keçib. Bu müddət ərzində səfirliyimiz ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyib.. Azərbaycan-Tacikistan diplomatik münasibətlərinin qurulmasının 25 illiyi münasibətilə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun tacikistanlı həmkarı Sirociddin Aslova ünvanladığı məktubda Azərbaycan və Tacikistan xalqları və dövlətləri arasında mövcud tarixi, mədəni bağlılıqların dərin köklərinin olduğunu, onları çoxəsrlik ənənələrə əsaslanan mehriban dostluq, sıx faydalı əməkdaşlıq, qarşılıqlı fəaliyyət telləri bağladığını bildirib. E.Məmmədyarov Tacikistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllini dəstəkləyən mövqeyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Nazir iki ölkə arasında mövcud əməkdaşlıq münasibətlərinin bundan sonra da Azərbaycan və Tacikistan xalqlarının rifahının yüksəlməsinə, regionda əmin-amanlığın və sabitliyin bərqərar olmasına, əlaqələrin dinamik inkişafına xidmət edəcəyinə əminliyini ifadə edib.

 Sirociddin Aslov Elmar Məmmədyarova ünvanladığı məktubda isə Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə təbriklərini çatdırıb, müstəqillik dövründə Azərbaycanın sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrdə inamla irəlilədiyini bildirib. S.Aslov məktubda Azərbaycanla diplomatik münasibətlərin 25 illiyi ilə əlaqədar cari ilin əhəmiyyətindən söz açaraq, bu müddət ərzində Azərbaycan və Tacikistan arasında bərabərlik və əməkdaşlıq prinsipləri üzərində ikitərəfli sıx əlaqələrin qurulmasına nail olunduğunu diqqətə çatdırıb. Nazir Tacikistan və Azərbaycan arasında əlaqələrin bütün sahələrdə gələcək inkişafına, bu əlaqələrin iki dost xalqın maraqları çərçivəsində möhkəmlənəcəyinə əminliyini ifadə edib.
İki tərəfin əməkdaşlığında iqtisadi əlaqələr də yüksək səviyyədədir. Bakıda Azərbaycan-Tacikistan Ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyasının IV iclası bu əlaqələrin çox  yüksək səviyyədə olduğunu ortaya qoyub. Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev iki ölkə arasında tarixi və mədəni yaxınlığı qeyd edib, siyasi, iqtisadi və mədəni əlaqələrin uğurla inkişaf etdiyini bildirib, Azərbaycan-Tacikistan əməkdaşlığının genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin mühüm əhəmiyyətini vurğulayıb. Azərbaycan və Tacikistan arasında müxtəlif sahələrdə əməkdaşlıq üzrə 45 sənəd imzalanıb. "Bu gün IV iclası keçirilən Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrinin genişləndirilməsində önəmli rol oynayır. Son illər iki ölkə arasında ticarət əlaqələrinin genişlənməsi müşahidə edilir. 2016-ci ildə Azərbaycanla Tacikistan arasında ticarət dövriyyəsi 91% artıb", - deyən nazir iqtisadi-ticarət əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu da vurğulayıb.
Ş.Mustafayev Azərbaycanın tranzit imkanlarının daha da genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib, ölkənin Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafında, tikintisi bu il tamamlanan Bakı-Tbilisi-Qars dəmiryolu layihəsində fəal iştirak etdiyini bildirib. İclasda tranzit potensialından səmərəli istifadə edilməsi, tariflərin optimallaşdırılması sahəsində Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən görülən işlər barədə məlumat verilib və Tacikistanın bu imkanlardan yararlana biləcəyi qeyd edilib.  Bu onu göstərir ki, 
 
Azərbaycan tərəfi bu layihələrdə lobbiçilik edir. Tacikistanın Azərbaycanın ilk telekommunikasiya peykindən imkanlarından istifadə etdiyi qeyd olunub və topoqrafik, həmçinin torpaqların kadastr xəritələrinin hazırlanmasında, ekoloji monitorinqlərin aparılmasında Azərbaycan peykindən istifadə edilməsi məsələsinə baxıldığı bildirilib.
Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Nematulla Hikmətullazadə isə Tacikistan iqtisadiyyatının mövcud vəziyyəti barədə məlumat verərək, iki ölkə arasında əlaqələrin inkişaf etdiyini, müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb. Qonaq Azərbaycanın etibarlı tərəfdaş olduğunu vurğulayaraq, ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin genişlənməsində marağını ifadə edib.
Komissiyanın iclasında əməkdaşlığın genişləndirilməsi üçün müxtəlif sahələrdə, o cümlədən Azərbaycandan Tacikistana kənd təsərrüfatı və sənaye məhsullarının ixracına, qarşılıqlı maraq doğuran sahələrdə investisiya fəaliyyətinin genişləndirilməsinə, birgə müəssisələrin yaradılması imkanlarına, nəqliyyat əlaqələrinin artırılmasına, Tacikistanda və Azərbaycanda həyata keçirilən layihələrdə hər iki ölkənin şirkətlərinin iştirakına, kənd təsərrüfatı sahəsində təcrübə mübadiləsinə, hər iki ölkədə iş adamlarının iştirakı ilə birgə sərgi, forum, konfrans və digər tədbirlərin keçirilməsinə, Düşənbə-Bakı birbaşa aviareysinin bərpasına dair müzakirələr aparılıb.
Azərbaycana səfər çərçivəsində Tacikistan nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ilə də tanış olub. Qonaqlara Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkədə müxtəlif təyinatlı sənaye parklarının yaradılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı bilgi verilib.
Qeyd edilib ki, qısa müddətdə Cənubi Qafqazda unikal müasir texnopark yaradılıb. Artıq 13 zavod və 25-dən artıq istehsal sahəsi işə salınıb. Qısa bir zamanda layihə əsasında daha bir neçə müəssisə də istifadayə veriləcək.
 
Fəaliyyət göstərən zavodlar, istehsal prosesi ilə yaxından tanış olan nümayəndə heyəti STP-nin Kabel zavodunun istehsal etdiyi ifrat yüksək gərginlikli kabellərə xüsusi maraq göstərib.
Tacikistanlı nazir müəssisənin iş prosesini maraqla izlədiklərini və Sumqayıt Texnologiyalar Parkının onlarda xoş təəssürat yaratdığını, gələcəkdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasının vacib olduğunu bildirib.

 

Xəbər xətti