Ana səhifə
19 Yanvar 2018

“Erməni yalanları əhəmiyyətli dərəcədə azalıb”

“Bu gün fəaliyyətimizi mədəniyyətimizi, tariximizi, Azərbaycan Respublikasının mövqeyini Amerikaya tanıtmaq istiqamətində qurmuşuq”


Azərbaycanlılar əsasən ABŞ-ın Nyu-York, Vermont, Arizona, Florida, Ohayo, Konnektikut, Nevada, Texas, İllinoys, Kaliforniya kimi ştatlarında yaşayırlar. ABŞ-da azərbaycanlıların 30-a yaxın ictimai birliyi, bir jurnalı və bir televiziya kanalı fəaliyyət göstərir. Bu ictimai birliklərdən biri də Amerika-Azərbaycan Cəmiyyətidir. Cəmiyyətin sədri Tomris Azəridir. Onun rəhbərlik etdiyi Amerika Azərbaycanlıları Cəmiyyəti Azərbaycan həqiqətlərinin Birləşmiş Ştatlar ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayan təşkilatlardan biridir. Tomris Azəri Azərbaycanın Amerika ictimaiyyətinə tanıdılmasına xidmət edən bir sıra layihələrin müəllifi olub. Onun təşəbbüsü ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatların Birləşmiş Ştatların siyasi dairələrinə çatdırılmasına xidmət edən kampaniyalar təşkil edilib. O, Nağı bəy Şeyxzamanlının qızıdır. Tomris Azəri ikinci nəsil amerikalı azəbaycanlıdır. "Qürur duyuram ki, Nuru Paşanın Qafqaz Islam Ordusunun rəhbərliyinə gətirilməsində atam Nağı Şeyxzamanlιnın çox böyük rolu olub".  Tomris Azəri qeyd edib ki, atası Nağı Şeyxzamanlı Ənvər Paşa və qardaşι Nuru Paşa ilə çox yaxın münasibətdə olub: "Əgər atam Nuru Paşanın Qafqaz Islam Ordusunun rəhbərliyinə gətirilməsinə  israr etməsəydi, maraqlıdır, bu gün Bakı  Azərbaycana aid olacaqdımı? Qürur duyuram ki tariximizdə belə şanlı günlər olub. Yaşasın Azərbaycan! Yaşasın şanlı tariximiz,  müstəqilliyimiz və şanlı gələcəyimiz".
Tomris Azəri bildirib ki, rəhbərlik etdiyi cəmiyyət xaricdə yaşayan diaspora təşkilatla əlaqəli fəaliyyət göstərir. “Azərbaycanın xaricdə maraqlarını müdafiə etməliyik. Əslində, atalarımız “güc birlikdədir” deməkdə heç vaxt yanılmayıb. Bu gün fəaliyyətimizi mədəniyyətimizi, tariximizi, Azərbaycan Respublikasının mövqeyini Amerikaya tanıtmaq istiqamətində qurmuşuq. Biz hazırda milli məqsədlərə xidmət edən fəaliyyətimizi güneyli soydaşlarımızla birgə qurmağa çalışırıq. Azərbaycan diasporu nə etməyə çalışırsa bunu birliyə, həmrəyliyə güvənərək edir. Hələ nə qədər soydaşlarımız da var ki, bu birlikdə kifayət qədər təmsil olunmurlar. Təşkilat olaraq əsas vəzifələrimizdən biri də odur ki, milli amallar ətrafında bütün soydaşlarımızın fəaliyyətini hiss etdirək və mütəşəkkil şəkildə haqq səsimizin eşidilməsində israrlı olduğumuzu sübut edək. İmkanlarımızdan səmərəli istifadə edib Azərbaycanın maraqlarını daha geniş şəkildə təmsil edək. Bu istiqamətdə bir sıra layihələr həyata keçirilib. Məsələn, Amerikanın Vaşinqton və Nyu-York kimi böyük şəhərlərində mütəmadi toplantılar keçiririk. Bu toplantılara biz Amerikada yaşayan digər diasporların nümayəndələrini də dəvət edirikş Bildirim ki, amerikalıların bir çoxunun Azərbaycanın ABŞ üçün geostrateji əhəmiyyəti barədə tam təsəvvürü yoxdur. Belə toplantılar vasitəsilə biz Azərbaycanın siyasətini, onun beynəlxalq birlikdəki yerini daha geniş təbliğ edə bilirik. Amerikada “Azərbaycan Mərkəzləri”nin yaradılması istiqamətində fəaliyyətlərimiz müsbət nəticələr verib”.

Cəmiyyətin sədri bildirib ki,  amerikalılara Azərbaycanın uğurları ilə yanaşı, 20 Yanvar, Xocalı qətliamı barədə də məlumatlar verilir, ermənilərin əsl sifətini onlara çatdırırıq.  “Etiraz aksiyaları fəaliyyətimizin bir qolu olaraq qalmaqdadır. BMT-nin iqamətgahı, Ermənistanın diplomatik nümayəndəlikləri qarşısında tariximizin qanlı günlərini anırıq. Məsələn, Xocalı faciəsinin ildönümündə Cəmiyyətimizin üzvləri Vaşinqtonda Ermənistan səfirliyi qarşısında böyük aksiya keçiriblər”.
Tomris Azəri Markar Melkonyanın “Qardaşımın yolu” adlı kitabından sitat gətirərək ASALA terroçusu Monte Melkonyanın dili ilə xocalı cinayətinin etiraf edildiyini bildirib. Cəmiyyətin sədri bildirib ki,  20 Yanvarla bağlı məktub kampaniyaları da aparılıb. “Dəfələrlə dövlət strukturlarına, nüfuzlu ictimai təşkilatlara, mətbuat nümayəndəliklərinə məktublar ünvanlanmaqla bir daha bu günün mahiyyəti, azərbaycanlılar üçün dəyəri barədə həmin qurumlar məlumatlandırılıb. Biz mütəmadi olaraq konqresmenlərlə, senatorlarla, KİV-nümayəndələri ilə görüşlər keçirir və Azərbaycanın qarşılaşdığı haqsızlıqlar barədə məlumat veririk. Artıq Amerika mediasında bu barədə saysız-hesabsız materiallar dərc olunub. Bu, Amerika Azərbaycanlılar Cəmiyyətinin təcrübəsində müşahidə olunan amildir. Biz həmişə milli maraqlarımızı hər şeydən üstün tutmuşuq və yenə də tutacağıq”.
Tomris Azəri bildirib ki, bizim ədalətli mövqeyimizi müdafiə edən xeyli ABŞ vətəndaşı var.  “Onları başımıza gətirilən müsibətlərlə tanış etdikdən sonra dəhşətə gəlirlər. Açıq şəkildə bizi müdafiə edirlər. Biz, demək olar ki, qarşımıza çıxan hər bir amerikalı ziyalıya, jurnalistə, fəal vətəndaşa öz dərdlərimizi izah edirik, istər 20 Yanvar, istər Xocalı soyqırımı, istərsə də işğal olunmuş torpaqlarımızda ermənilər tərəfindən törədilmiş vəhşiliklər barədə məlumatlar ötürürük. Məlumdur ki, 2012-ci ilin mart ayında Nyu-York ştatının Senatı diasporumuzun tarixində ilk dəfə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününü rəsmi şəkildə tanıdı. Bu, Azərbaycanın, diasporumuzun qələbəsi idi. İnanıram ki, gələcəkdə bir sıra ştatlar və ABŞ dövləti də Azərbaycan həqiqətlərini tamamilə tanıyacaqlar. Çünki burada əzilən tərəf, haqsızlığıa məruz qalan tərəf bizik. Bu uğurun özü ABŞ ictimaiyyətinin münasibətinin bir hissəsi idi”.
Tomris Azərinin sözlərinə görə,əvvəllər erməni diasporu öz məqsədlərini daha asan həyata keçirə bilirdi. “Çünki onların ABŞ-da həm sayı, həm də təşkilatlanma səviyyəsi bizdən artıq idi. Onların lobbisi uzun zamandan bəri öz yalanlarını ölkə ictimaiyyətinə sırıyıb.  Əvvəllər bunu rahat həyata keçirə bilsələr də. son zamanlar ciddi maneələrlə qarşılaşırlar. Buna maneə isə Azərbaycan və Türkiyə diasporasıdır. Dünyanın bir sıra ölkələrində olduğu kimi ABŞ-da da diasporamız Azərbaycan Prezidentiİlham Əliyevin “bir millətin iki diasporası ola bilməz”- kəlamını rəhbər tutaraq qan qardaşlarımızla birlikdə fəaliyyətlərini daha da genişləndirirlər. Onların məqsədi Azərbaycan və Türkiyə xalqlarının yüksək milli-mənəvi dəyərləri barədə Amerika ictimaiyyətini məlumatlandırmaq, erməni lobbisinin yalan üzərində qurulmuş təbliğatını darmadağın etmək, xüsusilə  də 20 faiz Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən iğal olunması həqiqətlərini ABŞ ictimaiyyətinə çatdırmaqdır. Sevindirici haldırki, Amerikada bu missiyanı həyata keçirən onlarla Azərbaycan və Türkiyə cəmiyyətləri fəaliyyət göstərir.  Bu gün diasporumuzun və təbii ki, dövlətimizin antiazərbaycan qüvvələrə qarşı göstərdiyi layiqli müqavimətdən sonra erməni yalanları əhəmiyyətli dərəcədə azalıb. ABŞ-ın ictimai-siyasi xadimləri bizi dinləyirlər və bu onların həm də borcudur. Çünki biz onlara səs veririk. Biz vətəndaşlıq borcumuzu layiqincə yerinə yetirməyə çalışırıq. Dünya azərbaycanlılarının birliyinə nail olmağa, sistemli şəkildə, vahid orqanizm kimi fəaliyyət göstərməyə çalışmalıyıq. Yalnız bundan sonra ümummilli hədəflərimizdə hansısa nailiyyətə imza ata bilərik”.
 Qeyd edək ki, Amerika-Azərbaycan Cəmiyyəti 1956-cı ildə Nyu-Cersi ştatında yaşayan soydaşlarımız tərəfindən yaradılıb.

Tarix
20 Noyabr 2017 [18:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ