Komanda-qərargah hərb oyunlarının növbəti mərhələsi Hərbi Dəniz Qüvvələrində keçirilib

14:38 - 18 Noyabr 2017 - Xəbər

Silahlı Qüvvələr miqyasında davam edən komanda-qərargah hərb oyunlarının növbəti mərhələsi Hərbi Dəniz Qüvvələrində keçirilib. Müdafiə Nazirliyinin rəhbər heyəti komanda idarəetmə məntəqəsindən dəniz poliqonunda təlim tapşırıqlarını yerinə yetirən qüvvə və vasitələrin manevrlərini, eləcə də döyüş atışlarını izləyib. Ucnoqta.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ssenariyə əsasən Azərbaycanın Xəzər dənizindəki ərazi sularında olan enerji infrastrukturlarının mühafizəsi üzrə Hərbi Dəniz Qüvvələrinin gəmi qrupunun əməliyyatlarının planlaşdırılması, aviasiyanın dəstəyi ilə şərti düşmənin terror-diversiya qrupunun zərərsizləşdirilməsi və onların müvəqqəti bazasının məhv edilməsi üzrə döyüş atışlı təlim tapşırıqları yerinə yetirilib. Xüsusi təyinatlıların şəxsi heyəti, döyüş gəmiləri, katerlər və helikopterlərin cəlb olunması ilə keçirilən təlimlərdə şərti düşmənin hədəfləri məhv edilərək qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub. Müdafiə naziri general-polkovnik Zakir Həsənov  bölmələrin döyüş qabiliyyətini, praktiki fəaliyyətini və mənəvi-psixoloji hazırlığının səviyyəsini yüksək qiymətləndirib.

Xəbər xətti