İŞİD-ə qoşulan azərbaycanlı qadınların taleyi necə olacaq?

11:32 - 18 Noyabr 2017 - Cəmiyyət

Xəyal Bəşirov: “Azərbaycana qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb olunurlar”
Mehriban Zeynalova: “Həmin qadınlara xüsusi nəzarət edən müəssisələr olmalıdır”


İraq ordusu İŞİD-lə əlaqədə şübhəli bilinən 512 Rusiya və 200 Azərbaycan vətəndaşı olan qadın saxlayıb. Bu barədə iraqlı deputat Vian Dahil özünün “Twitter” səhifəsində yazıb. Deputat bildirib ki, saxlanılan qadınlar həbsxanaya yerləşdirilib. O qadınların harada və nə vaxt saxlanıldığını isə açıqlamayıb.
İraqın Müdafiə Nazirliyindəki mənbə 512 rusiyalı qadının saxlanılması barədə məlumatı  “RİA Novosti”yə təkzib edib:  “Saxlanılanlar var, lakin onlar çox deyil və müxtəlif ölkələrin vətəndaşlarıdır”, - deyə mənbə əlavə edib.
Bəs görəsən, həmin qadınlar Azərbaycana qayıtdıqdan sonra onları hüquqi baxımdan hansı cəzalar gözləyir?
Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən hüquqşünas Xəyal Bəşirov bildirdi ki, terrorçu dəstələrə və cinayətkar birliklərə daxil olmaq və onlara dəstək göstərmək həm İraqın, həm də Azərbaycanın qanunvericiliyinə əsasən, qanuna ziddir və cinayət məsuliyyəti yaradır: “Əgər orada belə bir hadisə baş veribsə, onlar məsuliyyətə cəlb edildikdən sonra ekstradisiya oluna bilərlər. Yəni, orada məhkum olunduqdan və barələrində məhkəmənin hökmü qanuni qüvvəyə mindikdən sonra Azərbaycan vətəndaşı olduqlarına görə ölkəmizə ekstradisiya oluna bilərlər. Amma, eyni qaydada Azərbaycanda da məhkumluğa cəlb edilə bilərlər”. 
Hüquqşünas qeyd etdi ki, orada yəqin ki, hələ onların rolunun nə olduğu barədə araşdırma gedir: “Əgər söhbət həqiqi informasiyadan gedirsə, həqiqətən də, sübuta yetsə ki, İŞİD-ə və digər terror qruplaşmasına qoşulmaq üçün gediblər, onları yerinə yetirdikləri funksiyalara görə müxtəlif cəzalar gözləyir. Bəziləri sadəcə yardım göstərmək üçün, bəziləri də var ki, partlayışlarda iştirak etmək üçün gedirlər. İkinci halda daha ağır cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Ekstradisiya olunduqdan sonra əgər onlar İraqda məsuliyyətə cəlb olunublarsa və cəlb olunduqları maddə ilə cəzaları bizdən yüngüldürsə, orada məhkum olunduqları cəza qalacaq. Əgər bizdə cəza onlardan daha azdırsa, bizim Cinayət Məcəlləsinə uyğun şəkildə həmin qadınların cəzası azaldılacaq”. 
X.Bəşirovun sözlərinə görə, terrorçuluq ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlərə aiddir: “Bu ağır və xüsusilə, ağır cinayətlər kateqoriyasına daxildir. Bizim qanunvericiliyə və Cinayət Məcəlləsinə görə, həmin şəxslər terrorçuluğun dini radikalizm zəminində törədilməsi, yaxud bu hadisənin yenidən təkrarlanması, insan ölümünə səbəb olmaqla partlayıcı maddələrdən istifadə etməklə törədilməsi daha ağırdır. Birinci hissə ilə həmin şəxsləri 10 ildən-14 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. İkinci hissə ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya dini radikalizm zəminində və partlayışların törədilməsi ilə 14 ildən-20 ildək, yaxud ömürlük azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır. Yəni, həmin şəxslər İraqa konkret olaraq terrorçuluq cinayətinə görə gedirlərsə, hətta orada cinayət məsuliyyətinə cəlb edilməsələr belə, əgər bu müəyyən olunarsa, Azərbaycana qayıtdıqdan sonra mütləq cinayət məsuliyyətinə cəlb olunurlar”. 
Psixoloq Elnur Rüstəmov bildirdi ki, ümumiyyətlə, bu çox həssas bir mövzudur: “Onların birbaşa olaraq Azərbaycan cəmiyyətinə adaptasiyası ümumən götürəndə, tövsiyə edilmir. Çünki onlar bu prosesləri yaşamış insanlardır. Ona görə də, həmin qadınlar reabilitasiya olunmalı və mütləq bu dövrü keçməlidirlər. Çünki orada olduqları müddətdə müəyyən psixoloji sartsıntılar keçirirlər. Eyni zamanda, ora gedənə qədər olduqları mühitdə psixoloji təzyiqlər və təsirlərə məruz qalırlar. İnsan birdən-birə kefindən harasa gedib, orada müharibədə iştirak etməz, belə bir şey yoxdur. Yəni, görünən budur ki, onları müəyyən təbliğat və təşkilat içərisində aparılıbsa, bu insan bütün doğmalarını, yaxınlarını və ailəsini qoyub ora çıxıb gedib. Ona görə də, həmin şəxslərin cəmiyyətə birbaşa inteqrasiya olunması bir az doğru olmaz. İnanmıram ki, əlaqədar qurumlar da, həmin qadınları oradan gətirib, birbaşa cəmiyyətə buraxsın. Onlarla mütləq reabilitasiya işi aparılmalı, cəmiyyətə adaptasiyaya hazır olduqdan sonra cəmiyyətə inteqrasiya olunmalıdır. Və şübhəsiz ki, onlar müəyyən qədər kontrolda olmalıdır ki, zaman-zaman sosial-psixoloji dəstək alsınlar”. 
“Təmiz Dünya” Qadınlara yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirdi ki, elə adamların psixoloji reabilitasiyası mütləq şəkildə lazımdır: “Amma bu xüsusi ixtisaslaşmış müəssisə olmalıdır. Biz zorakılığa məruz qalmış qadınlarla, digər bir qurum isə uşaqlarla işləyir. Hər adama o qadınları etibar etmək mümkün deyil və bu düzgün olmaz. Orada çox ciddi şəkildə beyinyuma əməliyyatı gedir. Təsir altında qalırlar və onlarda kifayət qədər aqressiya və nifrət hissi formalaşır. Bu fenomeni aradan qaldırmaqdan ötrü uzunmüddətli reabilitasiya aparmaq və mütəxəssis nəzarəti altında onlarla işləmək lazımdır. Həmin qadınları mən sığınacağa götürə bilərəm, amma sabah sığınacaq daxilində çox ciddi problemlər yarada bilər. Ona görə də, gözüyumulu iş görmək, qərar vermək olmaz. Bəzi təşkilatlar olur ki, bu barədə təşəbbüs qaldırır. Lakin mən o məsuliyyəti anladığım üçün hesab edirəm ki, onlara xüsusi nəzarət edən müəssisələr olmalıdır, ciddi şəkildə psixiatr və psixoloqlarla işləməlidirlər. Çünki bu qısa müddətə aradan qaldırılan bir problem deyil. Uzun müddətdə həm qadınlarla, həm də uşaqları ilə işləmək lazımdır”. 
Bu arada məlum olub ki, İraq və Suriyadakı Azərbaycan vətəndaşları ölkəyə qaytarılacaq
"Iraq və Suriyadakı Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması üçün Dövlət Proqramı hazırlanır".Bunu Dini Qurumlarla  İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı deyib. S. Salahlı bildirib ki, bu, qlobal və böyük məsələdir, həllini hər hansı dövlət qurumu ayrılıqda üzərinə götürə bilməz: "Artıq bu istiqamətdə ilk addım atılıb, bir uşaq İraqdan Azərbaycana qaytarılıb. Amma bu proseslərin dövlətlərarası müstəvidə ciddi araşdırılması, məsələlərin izahına ehtiyac var və bu problemləri həll etmək lazımdır. Məsələn, dünya şöhrətli alim Lütfi Zadənin rəsmi vəsiyyəti olmasına baxmayaraq, Azərbaycana gətirilməsi neçə gün çəkdi? Yəni kiminsə başqa ölkədən Azərbaycana gətirilməsi çox ciddi və çətin məsələdir. Hər bir fərdə bağlı ciddi araşdırma aparılmalı və müvafiq razılaşmalar əldə edildikdən sonra addım atılmalıdır. Bu istiqamətdə Azərbaycan Dövlət Proqramı hazırlayıb və bu istiqamətdə də işlər aparılır. Vətəndaşlarımız İraqa, Suriyaya hansı yolla aparılıblar, necə aldadılıblar, bütün bunlar da öyrəniləcək. Hələlik biz vətəndaşlarımızın ölkəmizə gətirilməsi üçün dövlət olaraq çox ciddi səy göstəririk ".


Könül Əhmədova

Xəbər xətti