Elxan Məmmədov: “İllərdir ki, biz federasiyada belə şeyə yola verməmişik”

15:08 - 16 Noyabr 2017 - Müsahibə

AFFA-nın baş katibi: "Heç kim sifarişlə “filankəsi götür” deyə bilməz"

Ucnoqta.az xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov “Qafqazinfo”ya müsahibə verib. Assosiasiya rəsmisi son günlərdə milli komanda ətrafında baş verənlərdən,  “Kəpəz” klubunun Müşahidə Şurasından və AFFA-nın Mətbuat və İctimaiyyətlə əlaqələr departamentindən uzaqlaşdırılan Mikayıl Nərimanoğludan danışıb:


- U-19 millisinin baş məşqçisi Təbriz Həsənov və U-17 millisinin baş məşqçisi Mirbağır İsayev istefaya göndərildi. Hansı hesabat tələb olundu və niyə yığmadan xaric olundular?
- Yazılı və şifahi hesabat tələb etdik. Bildiyiniz kimi bizim əsas məqsədimiz Elit raunda vəsiqə qazanmaq idi. Nə U-19, nə də U-17 bunu edə bildi. Baş məşqçilər də öncədən hədəflərimizi və məqsədlərimizi bilirdilər. Təəssüf ki, qoyulan tapşırığın öhdəsindən gələ bilmədilər.  Yəni onların yığmalara təyinatı reallaşanda hər şey deyilmişdi. 


- Mirbağır İsayev yerli məşqçilərə uzunmüddətli şans verilməməsindən şikayətlənib...
- Xarici məşqçilər deyəndə kimi nəzərdə tutduğunu bilmirəm. Nikolay Adam bizdə əvvəllər işləyib. İki mərhələ U-17 komandasının çalışdırıcısı oldu. İlk ildə -2009-da Elit raunda vəsiqə qazanmışdı. Bernard Lippertə gəlincə, o da U-19 komandası ilə Elit raundda çıxış etmişdi. Hazırda idman direktoru kimi fəaliyyətini davam etdirir. Təbriz Həsənov milli komandalarda 4 ilə yaxındır ki, çalışır. Bir il öncə Bakıda U-17 AÇ-nin final mərhələsində yığmanın başında olub. 4 xal qazanıb və növbəti mərhələyə vəsiqə əldə etməmişdi.  Həmin yaş qrupu ilə işini davam etdirib U-19 komandasına gəldi. Amma Elit raundda iştirak etmək hüququ qazana bilmədi. İkitərəfli razılıqla müqaviləyə xitam verildi. Mirbağır İsayev isə əvvəllər də bizimlə işləyib. İki il yarım bundan öncə U-17 də baş məşqçi idi və həmin vaxt Elit raunda vəsiqə qazandı. Ora da uduzsa da, komandadan getməsini istəmirdik, amma özü ayrıldı. Bu dəfə isə özü də məqsəd qoymuşdu qarşısına və deyirdi ki, Elit raundda çıxış edəcək. Özü gəldi danışdıq və ikitərəfli müqaviləyə xitam verdik. Dediyi sözlər isə əsassızdır. 


- U-21 millisindən ayrılan Samir Ələkbərovun müsahibəsi şok yaratdı. Xüsusən, Aslan Kərimovla Cahangir Həsənzadənin köməkçi təyin olunmasından sonra onun işinə qarışması haqqında dediklərini necə qarşıladınız?
- Samir Ələkbərovu biz 3 oyunluq milli komandaya gətirmişdik. Yaşar Vahabzadənin uğursuzluğundan sonra onu təyin etdik. Samir müəllimdən biz xahiş etdik ki, baş məşqçi vəzifəsini 3 oyunluq yerinə yetirsin. Məqsədimiz komandanın baş məşqçisini 2018-ci ildən təyin etmək idi. O da bunu bilirdi. Ona görə də Samir müəllimin istefa məsələsini müzakirəyə etmək düzgün deyil. Onsuz da o gedəcəkdi.  Həmin müsahibədəki digər qeydlərə də baxdım. Onunla bu gün görüşəcəyik. Mənə də maraqlıdır. 


- Onunla nəyi müzakirə edəcəksiniz? Məsələn, müsahibəsində komandaya sifarişlə futbolçular göndərmək istəyənlərin olduğunu bildirib...
- Mənə də maraqlıdır ki, Samir Ələkbərova kim futbolçu sifariş verib. Düzdür, sonradan qeyd edib ki, son sözü özü deyib. Amma yenə də qaranlıq məqamdır. Tapşırıq vermək deyil məsləhət etmək olar. Mən düşünürəm ki, Samir müəllim AFFA Məşqçilər Komitəsini nəzərdə tutub. Amma onlar baş məşqçiyə yalnız məsləhət verə bilər. Heç kim sifarişlə “filankəsi götür” deyə bilməz.  Bu normal haldır ki, Məşqçilər Komitəsi məsləhət versin. Digər klubların baş məşqçiləri də bunu edə bilər. Fikrimcə, bu qeyri-adi proses deyil. Amma heç kim sifariş verə bilməz. AFFA-da belə şeylər mümkün deyil. İllərdir ki, biz federasiyada belə şeyə yola verməmişik. Amma onun həmkarları Samir Ələkbərova tövsiyələr verib. Əgər doğrudan, sifarişlər olubsa, həmin insanlar kimdirsə, cəzalandırılacaq. Hər şeydən xəbərimiz var. Almaniya və Kosovo ilə oyunlardan öncə Samir müəllimlə görüşdüm və o, mənə heç bir irad bildirmədi. 


- Bəs, Aslan Kərimov və Cahangir Həsənzadə haqqında hansı tədbir görüləcək? Və ya futbolçular baş məşqçiyə qulaq asmadıqlarına görə cəzalandırılacaqmı?
- Bu məsələləri araşdırmalıyıq. Onunla çox şeydən danışacağıq. İndidən nəsə deyə bilmərəm. Araşdırmadan sonra qərar qəbul edəcəm. Birincisi, baş məşqçi komandada lider olub intizam qaydalarını tətbiq etməlidir. Köməkçi məşqçilər də öz yerlərini bilməlidirlər. Aslan müəllimlə Cahangir müəllim AFFA-nın əməkdaşlarıdır. Onlar məşqçilik kurslarında iştirak ediblər və futbolu yaxşı bilirlər, təcrübələri var. Samir Ələkbərov baş məşqçi gələndə onunla məsləhətləşib iki nəfəri ona köməkçi təyin etdik. Özü də razılaşdı. Məcbur getmədilər. Əgər 3 məşqçi arasında problem varsa, bu əvvəlcə onların şəxsi problemidir. Onlar bu məsələni normal həll etməli idilər. Sonra futbolçular haqqında danışmaq olar. Məşqçilər ailə kimi olmalıdır ki, komanda da yaxşı olsun.  Sonra futbolçulardan nəsə tələb edə bilərlər. Samir müəllimin orda baş məşqçi olduğu müddətdə bizə müəyyən məlumatlar gəlirdi. Amma qarışmaq istəmirdik.  Bundan Qurban Qurbanovun da xəbəri var idi. Razılaşdıq ki, izləyək görək nə olur? İnsandırlar ola bilər ki, problem sonradan yoluna qoyulsun.  Həm də təyinat 3 oyunluq idi. İndi bundan sonra düşünəcəyik ki, kimi təyin edək. Onu da deyim ki, hər şey qaydasında olubsa, futbolçular intizamsızlıq edibsə, həmin oyunçular cəzalandırılacaq. 


- Bir az da”Kəpəz”dəki məsələlərdən danışaq. Araşdırmalar nə yerdədir?
- Mikayıl Nərimanoğlu ilə bağlı bütün məlumatları vermişik. Onun yerinə təyinat da reallaşıb. Yeni struktur qurulur. Mikayıl müəllim ilə heç bir əmək münasibətimiz yoxdur. O, AFFA-dan kənarlaşdırılıb. Auditlərin rəyinə görə hərəkət edirik.Auditlər də bütün hesabatları təqdim edib.  “Kəpəz”də yeni təyinat reallaşacaq. 


- "Kəpəz"in mühasibi Mənsurə Məmmədova Mikayıl Nərimanoğlu məsələsi ilə bağlı yeyinti olduğundan danışmışdı...
- Həmin mühasib bizimlə əlaqə saxlayaraq bildirdi ki, mətbuata belə sözlər deməyib. Biz özümüz “Kəpəz”ə audit göndərmişdik. O əmri mən imzalamışdım. Bu kluba vəsait AFFA-dan gedir və biz onu yoxlamaqda tam haqlıyıq. Digər klublarda da bunu etməyə başlamışıq. 


- Sənəddə adı olmayan işçilər və ya sənəddə adı olub özü olmayan işçilər məsələsi tam aydınlaşdı?
- Əlbəttə. İnsanın adı gedir amma özü yoxdur – belə şeyə rast gəlmədik. Bir nəfərlə bağlı şübhəli məsələ var idi və sonradan aydınlaşdı ki, həmin adam klubdadır. 


- Mikayıl Nərimanoğlu bildirib ki, maliyyə nöqsanlarına yol veməyib, ancaq sənəd məsələlərində problemlər olub...
- Sənədləşdirmədə çoxsaylı boşluqlar var idi. Onun üçün də vaxt var idi. Maliyyə pozuntuları haqqında mən nəsə deyə bilmərəm. Çünki bu işi peşəkarlar görür. 


- Audit yoxlamaları bitib, yoxsa davam edəcək?
- Bitib. Onlar müstəqil auditlərdir. İşlərini çox yaxşı görürlər. İlk yoxlamada çatışmayan sənədlər var idi. Onlara əsaslanaraq qərarlar qəbul etdik. Bununla bağlı Müşahidə Şurasının sədrinə məlumat verdik. Sonra isə daha ətraflı yoxlama getdi və hər şey təsdiqləndi. Hər bir təşkilatda gərək sənədləşməyə ciddi yanaşma olsun. İstəyirdik ki, bizim adımızın olduğu yerdə şəffaflıq olsun. Biz məhz belə şəffaf yanaşmanın qurbanı olduq. 


- Şahin Diniyevin maaş məsələsi daha çox müzakirə olundu. Yazılırdı ki, 10500 manat maaş yazılıb, amma özü 7000 min manat alıb...
- Bizim tərəfimizdən müqavilədə yazılan məbləğ həmin adamın hesabına köçürülüb. Heç bir pozuntu ola bilməz. Ödənilən bütün məbləğlərdən xəbərimiz var. Rəsmi olaraq köçürülüb. “Kəpəz”lə Şahin Diniyev arasında müqavilədə nə var idisə, hamısnı göndərmişik. Biz əvvəlcədən demişdik ki, maaşlar nağd şəkildə deyil köçürmə ilə olsun. 


- Diniyev özü bildirib ki, o, 7000 manat alır. Amma mühasib deyib ki, 10500 maaş ödəyib onun üçün...
- Belə bir şey varsa, getsin polisə müraciət etsin. Müqaviləsi varsa, pul köçürülürsə, biz nə deyə bilərik? Bir də deyirəm ki, yoxlamaları mən aparmamışam. Auditlər deyib bu barədə. 


- Mikayıl Nərimanoğlu hüquqi çərçivədə cəzalanacaqmı?
- Yox, bu məsələ artıq klubun işidir, hər hansı qərarı “Kəpəz” verə bilər. Biz AFFA-dan göndərməklə onu cəzalandırdıq. 

Xəbər xətti