Elmar Məmmədyarovun həmsədrlərlə görüşü başa çatıb

14:41 - 16 Noyabr 2017 - SİYASƏT

Azərbaycan tərəfi aparılmış müzakirələrdən razıdır

Xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Moskvada keçirdiyi görüş başa çatıb. Bu barədə Ucnoqta.az-a XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib: "Görüş konstruktiv və substantiv xarakter daşıyıb və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar masasında olan bütün təkliflər üzrə konkret müzakirələr aparılıb. Azərbaycan tərəfi aparılmış müzakirələrdən razıdır".

H. Hacıyev qeyd edib ki, görüş əsnasında 7-8 dekabr tarixlərində Vyanada keçiriləcək ATƏT-in xarici işlər nazirlərinin toplantısı çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi təklif olunub. "Azərbaycan tərəfi bu təklifə öz razılığını bildirdi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli və regionda davamlı sülhün və sabitliyin təmin olunması üçün Azərbaycan Respublikası substantiv, məntiqi və konkret danışıqları daim dəstəkləyir."  

Xəbər xətti