AMEA-da Kərim Kərimovun anadan olmasının 100 illiyi qeyd olunub

14:35 - 16 Noyabr 2017 - Cəmiyyət

Görkəmli alimin xatirəsinə həsr olunan “Yüksəliş” sənədli filmi nümayiş olunub

Bu il görkəmli alim və hərbi xadim, kosmik proqramların gerçəkləşdirilməsinin fəal iştirakçısı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət və Lenin mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, general-leytenant Kərim Kərimovun anadan olmasının 100 ili tamam olur.

AMEA-dan Ucnoqta.az-a verilən məlumata görə, noyabrın 16-da AMEA-da alimin yubileyinə həsr olunan tədbir keçirilib. Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə giriş sözü ilə çıxış edərək bildirib ki, Kərim Kərimovun 100 illik yubileyinin keçirilməsi Prezident İlham Əliyevin 30 yanvar 2017-ci il tarixli Sərəncamının icrasından irəli gəlir. Akademik A.Əlizadə Kərim Kərimovun kosmik aparatların yaradılması, kosmonavtikanın inkişaf etdirilməsi sahəsində müstəsna xidmətlərindən danışıb. AMEA rəhbəri qeyd edib ki, Kərim Kərimov hərbi xadim olmaqla yanaşı, həm də elmi fəaliyyətlə də məşğul olub, kosmik fəzanın tədqiqi işinə mühüm töhfələr verib.

Sonra çıxış edən “Azərkosmos”ASC-nin İdarə Heyətinin sədri Rəşad Nəbiyev əfsanəvi şəxsiyyət Kərim Kərimovun araşdırmaları sayəsində əldə olunan elmi-texniki nəticələrin kosmik sənayedə tətbiqindən danışıb. R.Nəbiyev ASC-nin hazırkı fəaliyyəti, təqdim etdiyi peyk xidmətləri və perspektiv planları barədə də məlumat verib.

Tədbirdə iştirak edən rusiyalı kosmonavt Oleq Kotov “Rusiyanın pilotlaşdırılmış kosmonavtikasının inkişafı üçün perspektiv proqram” mövzusunda təqdimatla çıxış edib. O.Kotov pilotlaşdırılmış kosmik aparatların köməyi ilə kosmik məkanın tədqiqi və öyrənilməsi sahəsində Rusiya təcrübəsindən danışıb.

Yubiley mərasimində görkəmli fizik, keçmiş SSRİ Elmlər Akademiyasının həqiqi üzvü Roald Saqdeyev Kərim Kərimovun rəhbəri olduğu kosmik layihələrdən, sovet kosmanavtikasının, raket qurğularının yaradılması və inkişaf etdirilməsində xidmətlərindən söz açıb, onunla bağlı xatirələrini bölüşüb.

Tədbirdə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktorunun I müavini, texnika üzrə elmlər doktoru Tofiq Süleymanov Kərim Kərimovun  həyat və fəaliyyətindən,  alimin raket texnologiyaları yaradan konstruktor büroları və zavodlarında çalışarkən göstərdiyi yüksək təşkilatçılıqdan və elmi ixtiralarından danışıb.

Sonda görkəmli alimin xatirəsinə həsr olunan “Yüksəliş” sənədli filmi nümayiş olunub.


Xəbər xətti