Yunanıstanda yeni diaspora təşkilatı yaradılıb

20:02 - 15 Noyabr 2017 - KİVDF

 Yunanıstanda azərbaycanlıların yeni diaspora təşkilatı yaranıb.  Yeni yaradılan "Qala" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti noyabrın 9-da açılış mərasimini və Azərbaycanın Dövlət Bayrağı Gününü qeyd edib. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, mərasimdə Azərbaycanın Yunanıstandakı Səfirliyinin müvəqqəti işlər vəkili Eldar Əliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri İlham Məmmədov, Türkiyənin Salonikdəki Baş konsulluğunun nümayəndələri, cəmiyyətin üzvləri, yunan icması, Salonik şəhərindəki digər diaspor təşkilatlarının sədrləri, turizm firmalarının və dövlət qurumlarının nümayəndələri olmaqla 70-dək şəxs iştirak edib. Tədbirdə cəmiyyətin sədri Rəşid Məmmədov cəmiyyətin yaradılması, gələcək fəaliyyəti və planları haqqında danışıb. Onun sözlərinə görə, Cəmiyyətin məqsədi Yunanıstanda yaşayan azərbaycanlıların hüquqlarının qorunması, azərbaycanlı cəmiyyətin davamlı yaşayışı və inkişafı üçün dəstək göstərilməsi, Azərbaycan dilinin öyrənilməsi, etnik və intellektual dəyərlərin irəliləməsi üçün ön şərtlərin formalaşdırılması, Yunanıstan və Azərbaycan arasında tarixi , etnik və mədəni dəyərlərin sərgilənməsi və mübadiləsi, Yunanıstanda və Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə birlikdə tədbirlərin təşkil edilməsi, Azərbaycan diasporunu təmsil edən oxşar beynəlxalq təşkilatlarla əlaqələr yaradılması və genişləndirilməsi, Turizm sahəsində Yunanıstan-Azərbaycan əlaqələrinin ön şərtlərinin irəli sürülməsi, iki ölkə arasındakı iqtisadi, ticarət və iş sahələrinin hərəkətə keçirilməsidir. Məqsəddən də aydın olur ki, təşkilatın rəhbərliyi ölkəmizin zəngin və qədim mədəni irsinin, tarixinin, turizm potensialının və Qarabağ həqiqətlərinin Yunanıstanda tanıdılması istiqamətində səmərəli fəaliyyət göstərəcər. Bu işlərdə Azərbaycan, rus, ingilis və yunan dillərində yaradılan qala2017.com saytı da önəmli rol oynayacaq.

Qeyd edək ki, hazırda Yunanıstanda qeyri-rəsmi məlumata görə 13 min azərbaycanlı yaşayır. Rəsmi məlumata görə, rəsmən qeydiyyatda olan (de-yuri) Azərbaycan vətəndaşlarının sayı 126 nəfərdir. Bu azərbaycanlıların əksəriyyətinin Yunanıstanda mülkləri var. Yunanıstanda ağır iqtisadi böhran azərbaycanlılar üçün daşınmaz əmlak bazarında yeni pəncərə açıb.Iş adamları, sahibkarlar, imkanlı şəxslər bu qədim Avropa ölkəsinə axışaraq mülk almağa üstünlük verirlər.Azərbaycanlıların Türkiyədən sonra daşınmaz əmlak üçün üz tutduğu əsas ünvan Yunanıstandır. Hazırda bu ölkədə daşınmaz əmlakın ucuzlaşması əlverişli fürsət yaradıb və təqribən, 30-40 min dollara 3-4 otaqlı mənzilə sahiblənmək mümkündür.
Məlumatda azərbaycanlıların Rodos adası və digər bölgələrə üstünlük verdiyi qeyd olunur. Füsunkar təbiəti və coğrafiyası olan Yunanıstan düşdüyü ağır maliyyə krizisindən çıxmaq üçün xarici investorlara qapılar açıb. Azərbaycanlılar bu fürsətdən istifadə edirlər. Yunanıstanda yaşayan digər azərbaycanlılar isə əsasən bu ölkyə işlə əlaqədar  gəliblər. Bu işlər isə  kənd təsərrüfatı məhsullarının yığılması ilə əlaqədar olub mövcümi xarakter daşıyır.
Hazırda Yunanıstanda fəaliyyət göstərən digər diaspora təşkilatı Yunanıstan-Azərbaycan Gənclər Mərkəzidir. Mərkəz bu ölkədə bir sıra tədbirlər keçirib və bu tədbirlərdə Yunanıstanın tanınmış siyasətçiləri və iş adamları iştirak edirlər. Belə tədbirlərin birində gənclər və idman nazirinin müavini İntiqam Babayev, Mərkəzin sədri Yuannis Papaqriqori, Mərkəzin idarə heyətinin nümayəndəsi Günel Nəsirova, Yunanıstan-Azərbaycan Ticarət Palatasının rəhbəri Georgi Papadopolo və b. iştirak edirdilər. 
Yuannis Papaqriqori çıxışında Dağlıq  Qarabağ probleminə toxunaraq həmişə Azərbaycanı dəstəklədiklərini bildirib. “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini qəbul edirəm. Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü və suverenliyinə, hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyi bir daha qeyd edirəm. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, ATƏT Minsk qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayaraq bu fəaliyyətə dəstəyimi bildirirəm. Erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar ümumi ənənələrinə istinad edərək, münaqişənin həll olunmaması nəticəsində iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşdığına görə dərin təəssüf hissi keçirirəm. Xalqların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini dəstəkləyirəm”.
Yunanıstanla Azərbaycan arasında mədəniyyət əlaqələrinin inkişafında da diaspora təşkilatlarımız yaxından iştirak edirlər. Yunanıstan paytaxtı Afina şəhərində "Lillian Voudouri” Böyük Musiqi Kitabxanasının "Megaron” konsert zalında Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Strasburq ofisi və Azərbaycanın Yunanıstandakı səfirliyi tərəfindən "Xocalıya Ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində anım konserti təşkil edilib. Tədbirdə Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir iştirakçıları qarşısında çıxış edən Azərbaycanın Yunanıstandakı sabiq fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Xocalı qətliamına hüquqi qiymətin verilməsi məsələsində həmrəylik nümayiş etdirilməsinin vacibliyindən danışıb: "Necə ola bilər ki, 1992-ci ilin fevral ayında Xocalıda törədilmiş qanlı hadisə kimi dəhşətli bir cinayət baş versin, lakin heç vaxt tanınmasın? Cavab sadədir, Ermənistan Azərbaycan xalqına qarşı XX əsr ərzində törətdiyi cinayətlərə görə heç vaxt məsuliyyət daşımayıb. Azərbaycan Xocalı faciəsi haqqında həqiqəti beynəlxalq ictimaiyyətə çatdırmaq, bütün dünyada hökumətlər və parlamentlərin bu soyqırıma siyasi-hüquqi qiymət vermələrinə nail olmağa çalışır. Biz bu cinayəti pisləmək və ona hüquqi qiymətin verilməsi məsələsində həmrəylik nümayiş etdirməliyik. Bu yalnız qətlə yetirilmiş və işgəncələrə məruz qalmış Azərbaycan vətəndaşlarının xatirəsi üçün deyil, həmçinin dünya xalqları üçün çox vacib məsələdir. Bu cür faciələrin təkrarlanmasına yol verilməməlidir. Fürsətdən istifadə edərək mən sizə və sizin vasitənizlə Yunanıstan Respublikasının vətəndaşları və parlament üzvlərini "Xocalıya ədalət!” beynəlxalq kampaniyasından kənarda qalmamağa və onu dəstəkləməyə çağırıram”.
Yüz əlli nəfərdən artıq siyasətçi, ictimai xadim, diplomat və mətbuat nümayəndələrindən ibarət auditoriya qarşısında çıxış edən Yunanıstan-Azərbaycan Gənclər Mərkəzinin prezidenti İoannis Papaqriqoriou və Avropa Azərbaycan Cəmiyyətinin Strasburq ofisinin rəhbəri Eliza Piter bildiriblər ki, bu tədbir müharibənin dəhşətli nəticələrinin ola biləcəyini xatırlamağa yardım edir: "Bu, qisasa çağırış deyil, ədalətə çağırışdır. Anım konserti millətlər arasında sülhə həsr olunmuş qəsidədir. Bu konsert sülh və ədalət ruhundadır”.
"Xocalı 613” simfonik poemasının müəllifi, fransız bəstəkarı Pyer Tilloy isə yaratdığı əsərin yaranma tarixçəsindən bəhs edib: "Son 20 il ərzində Azərbaycana dəfələrlə səfərlər etmişəm. Belə olanda, təbii ki, çoxlu dostlar əldə edirsən. Dostluq yalnız dostunun sevincini deyil, kədərini də bölüşmək deməkdir. Buna görə də hiss etdim ki, Xocalı faciəsi haqqında yazmalıyam. "Xocalı 613” əsəri üzərində çalışanda, sanki bir quş olub 26 fevral 1992-ci ildə həmin faciəli gecədə Xocalı üzərində uçurdum və hər şeyi görürdüm və bunları musiqi vasitəsilə ifadə edirdim”.
Tədbir "Rhein-Quartett” kamera ansamblının qərb və azərbaycanlı bəstəkarlarının əsərlərini ifa etməklə davam edib. Birinci Dünya müharibəsinin qurbanı olmuş bəstəkar Enrike Qranadosun "Orientale” (ispan üslubunda kompozisiya), Əfrasiyab Bədəlbəylinin duyğusal "Azad Bir Quşdum”, Xəyyam Mirzəzadənin həzin "Bərzəni” adlı əsərləri çox ecazkar şəkildə ifa edilib.
Anım gecəsi məşhur fransız bəstəkarı Pyer Tilloyun həmin faciəli gecənin dəhşətlərindən xəbər verən "Xocalı 613” adlı simfonik poemanın ifası ilə yekunlaşıb. Əsərdə skripka, klarnet və simli alətlər kvartetinin əsgər yürüşü, fəryad, pulemyot atəşi və milli musiqinin elementlərindən geniş istifadə edilib.

.
Yunanıstan Prezidenti Prokopis Pavlopulos Afinada səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyətini qəbul edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Tehsil-press.az-a verilən məlumata görə, qəbulda Mərkəzin İdarə Heyətinin üzvü, Dövlət Komitəsinin sədri Nazim İbrahimovu, Mərkəzin üzvü, Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü Elsa Papadimitrio və Mərkəzin Baş katibi Rövşən Muradov iştirak edib.
Qəbulda bir sıra beynəlxalq və regional məsələlərlə yanaşı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti və 2017-ci ilin martında keçiriləcək V Qlobal Bakı Forumu ilə əlaqədar geniş fikir mübadiləsi aparılb. Prezident Prokopis Pavlopulosa Mərkəzin fəaliyyəti, həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, təşkilat Azərbaycan mədəniyyətinin, tarixinin, elmi-ədəbi irsinin dünyaya çatdırılmasında, həmçinin beynəlxalq səviyyədə mədəniyyətlərarası və millətlərarası dialoqun inkişafında böyük rol oynayır. İdarə Heyətində dünyanın tanınmış siyasi xadimləri və şəxsiyyətlərinin təmsil olunduğu Mərkəz bu liderləri bir araya gətirməklə, onların diqqət və fəaliyyətini Azərbaycanın mədəni həyatına yönəldib. Onlar Azərbaycan mədəniyyəti, dini və milli tolerantlığı, zəngin və qədim dövlətçilik, birgəyaşayış və humanizm ənənələri ilə bağlı faktları bütün dünyaya çatdırır. Bundan başqa, təşkilatın dünyanın tanınmış siyasətçiləri və nüfuzlu ekspertlərinin beynəlxalq aləmdə baş verən hadisələri müzakirə edərək həll yollarını tapması baxımından da böyük imkanlar yaratdığı diqqətə çatdırılıb. Bu mənada Mərkəzin təşkilatçılığı əsasında hər il yüzlərlə siyasətçi, dövlət xadimi və elm adamının iştirakı ilə baş tutan Qlobal Bakı Forumun, həmçinin müxtəlif ölkələrdə keçirilən Mərkəzin Ali səviyyəli toplantılarının mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Görüşdə həmçinin 2017-ci ilin noyabr ayında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü və YUNESKO-nun xoşməramlı səfiri Marianna Vardinoyannisin himayəsi ilə Yunanıstanda Mərkəzin Ali Səviyyəli toplantısının keçirilməsi müzakirə edilib. Xatırladaq ki, 2014-cü ildə də M.Vardinoyannisin himayəsi ilə bu ölkədə Mərkəzin Ali Səviyyəli toplantısı keçirilib.
Yunanıstan Prezidenti P.Pavlopulos Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) fəaliyyətini təqdir edərək əməkdaşlığımızın vacibliyini vurğulayıb. Görüşdə Prokopis Pavlopulos 2017-ci ilin martında keçiriləcək V Qlobal Bakı Forumuna dəvət olunub.

Xəbər xətti