Biznes inkubator startapların dəstəklənməsi üçün mühüm platformadır

14:30 - 14 Noyabr 2017 - İQTİSADİYYAT

Noyabrın 14-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Biznes inkubatorların və sahibkar düşüncə tərzinin inkişaf etdirilməsi, startap layihələrinin dəstəklənməsi” mövzusunda bir sıra dövlət orqanlarının və ali təhsil müəssisələrinin, texnoparkların, ölkədə fəaliyyət göstərən biznes inkubatorların və onların rezidentlərinin, ekspertlərin iştirakı ilə tədbir keçirilib.
Nazirliyin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasətin prioritet istiqaməti kimi sahibkarlığın inkişafı üçün həyata keçirilən davamlı islahatlar, həmçinin bu tədbirlər çərçivəsində biznes inkubatorların yaradılması və inkişaf etdirilməsi, startap layihələrinin dəstəklənməsi və ümumilikdə, sahibkar düşüncə tərzinin formalaşdırılması istiqamətində görülən işləri diqqətə çatdırıb. Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta sahibkarlıq üzrə Strateji Yol Xəritəsi”nin Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı görülmüş və görüləcək işlər haqqında məlumat verib.  
İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin rəhbəri Akif Fərruxov Nazirliyin Quba-Xaçmaz və Aran Regional mərkəzlərində yaradılmış biznes inkubatorların fəaliyyəti, təşəbbüskar gənclərin iştirakı ilə həyata keçirilən tədbirlər və yeni imkanlardan danışıb.
Avropa Komissiyasının Azərbaycan Respublikasında “Regionların inkişafına dəstək Qrant Proqramı” ilə bağlı həyata keçirilən layihənin ekspertləri “Sahibkarlığın inkişafı proqramları - biznes inkubatorlar: imkanlar, problemlər və vəzifələr” mövzusunda təqdimatla çıxış edib, biznes inkubatorların inkişafı, bu sahədə beynəlxalq təcrübə, Azərbaycanda bu sahədə aparılmış təhlillərin nəticələri barədə məlumat verib.
Tədbirdə İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf şöbəsinin müdiri Hüseyn Hüseynov nazirlik tərəfindən keçirilən İnnovasiya Müsabiqəsi, Nazirliyin Sahibkarlığa Kömək Milli Fondunun şöbə müdiri Samir Hümbətov startap layihələrinin dəstəklənməsi ilə bağlı təbdir iştirakçılarını məlumatlandırıblar.
 Tədbir çərçivəsində ölkədə fəaliyyət göstərən biznes inkubatorların idarəedicilərinin, rezidentlərinin, ölkədə fəaliyyət göstərən startapların fikirləri dinlənilib, müzakirələr aparılıb və biznes inkubatorların fəaliyyətinin əlaqələndirilməsi üçün İqtisadiyyat Nazirliyində bu sahə üzrə peşəkar mütəxəssislərin və fəal inkubator idarəedicilərinin də təmsil olunduğu Komissiyanın yaradılması qərara alınıb. 

 

Xəbər xətti