Şahin Mustafayev Braziliyanın ölkəmizdəki səfiri ilə görüşüb

13:19 - 14 Noyabr 2017 - İQTİSADİYYAT

Noyabrın 13-də İqtisadiyyat naziri Şahin Mustafayev Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Santyaqo Luis Bento Fernandes Alkasarla görüşüb.

İqdisadiyyat Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Braziliya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, iqtisadi-ticarət əlaqələrinin də bu səviyyəyə qaldırılmasının vacibliyini vurğulayıb. Qeyd edilib ki, ölkələrimiz arasında ticarət və investisiya əməkdaşlığı sahəsində imzalanmış anlaşma memorandumları, 2017-ci ildə yaradılmış Azərbaycan Respublikası Hökuməti və Braziliya Federativ Respublikası Hökuməti arasında Ticarət və İnvestisiyalar üzrə Birgə İşçi Qrupu iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətlidir. Nazir Şahin Mustafayev kənd təsərrüfatı, turizm, idman və s. sahələrdə əməkdaşlıq imkanlarını, sahibkarlar arasında əlaqələrin qurulmasının əhəmiyyətini, Braziliyanın Şimal-Cənub nəqliyyat dəhlizinin istifadə imkanlarını diqqətə çatdırıb. 
Braziliya Azərbaycandakı səfiri Santyaqo Luis Bento Fernandes Alkasar Azərbaycanın Braziliya üçün Şərq və Qərb arasında yerləşən strateji ölkə olduğunu qeyd edərək,  Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsini yüksək qiymətləndirib, layihənin nəqliyyat əlaqələrinin genişləndirilməsindəki əhəmiyyətini vurğulayıb. Səfir Santyaqo Luis Bento Fernandes Alkasar iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb.
Görüşdə ölkəmizə səfəri gözlənilən Braziliyanın xarici əlaqələr naziri Aloyzio Nunesin səfər zamanı iqtisadiyyat naziri Şahin Mustafayevlə Azərbaycan-Braziliya ticarət-iqtisadi əlaqələrinin genişləndirilməsi perspektivlərini müzakirə etmək istəyini diqqətə çatdırılıb və müzakirə olunacaq məsələlərə dair fikir mübadiləsi aparılıb. 

Xəbər xətti