Suraxanıda fermaya basqın edən şəxslər saxlanılıb

16:28 - 8 Noyabr 2017 - HADİSƏ

Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 30-cu Polis Bölməsi (PB) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində ötən ildən bağlı qalan quldurluq cinayətinin üstü açılıb. Belə ki, 28 dekabr 2016-cı il tarixində iki nəfər naməlum şəxs Dədə Qorqud qəsəbəsində yerləşən fermalardan birinin yaşayış sahəsinə basqın edərək oranın sahibi Hafis Həsənovun həyat və sağlamlığına zor tətbiq etməklə, yəni silah qismində istifadə olunan dəmir parçası ilə ona  xəsarət yetirərək ondan pul tələb edib.

Bu yolla həmin şəxslər zərərçəkənin 1400 manatını, eləcə də ona məxsus iki ədəd ov tüfəngini götürərək qaçıblar. Hadisədən sonra zərərçəkən H.Həsənov baş verən cinayət barədə hüququ-mühafizə orqanlarına məlumat verib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq hadisənin Beyləqan rayon sakini Elməddin Abbasov və Zaqatala rayon sakini Vasif Məmmədəliyev tərəfindən törədildiyi müəyyən edilib və həmin şəxslər saxlanılaraq istintaqa təqdim olunub.
Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxslərin fermadan quldurluq yolu ilə əldə etdikləri ov tüfənglərini basdıraraq gizlətdikləri yer də müəyyən edilib. Ov tüfəngləri basdırıldıqları yerdən çıxarılaraq maddi sübut kimi götürülüb.
Araşdırma zamanı E.Abbasov və V.Məmmədəliyevin Zaqatala rayonunda da oğurluq cinayətləri etdikləri məlum olub. Qeyd edilən faktla bağlı Suraxanı RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Polis əməkdaşları quldurluq etməkdə şübhəli bilinən bu şəxslərin başqa cinayətlərdə iştirak etdiklərini də istisna etmirlər. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Suraxanı RPİ müraciət edə bilərlər.


Xəbər xətti