Musiqili Teatrda premyera – “Hacı Qara”

14:59 - 8 Noyabr 2017 - Mədəniyyət

Azərbaycan Dövlət Musiqili Teatrında 108-ci mövsümün növbəti premyerası olacaq. Teatrın Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, söhbət dahi Mirzə Fətəli Axundzadənin “Hacı Qara” iki hissəli komediyasından gedir. 
Bu məşhur və klassik əsər əsasında hazırlanan tamaşa bayram günü – 9 noyabr Dövlət Bayrağı Günü tamaşaçılara təqdim olunacaq. Saat 12.00-da nümayiş ediləcək tamaşa meydan üslubunda hazırlanıb. Bir sıra yeniliklərlə zəngin olan  tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti Loğman Kərimovdur. Rəqslərin quruluşu Hüseyn Əliliyə məxsusdur. 
Tamaşada rolları Məhərrəm Qurbanov, Əliməmməd Novruzov, Nicat Əli, Hüseyn Əlili, Gülnarə Əzizova, Əmrah Dadaşov, Elnarə Nağdəliyeva və Ruslan Mürsəlov ifa edirlər.
Azərbaycan Dövlət Musiqili Teatrı dünya azırbaycanlılarını Dövlət Bayrağı Günü münasibətilə təbrik edir, bayram günündə sevimli tamaşaçılarını Mirzə Fətəli Axundzadənin “Hacı Qara” iki hissəli komediyasına baxmağa dəvət edir. 
6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.

 

Xəbər xətti