Nuşirəvan Məhərrəmli: “Bəzi aparıcılarımız ibrət götürməyə başlayıblar”

14:39 - 7 Noyabr 2017 - MEDİA

“Televiziya sahəsində aparılan monitorinqlərə nəzər yetirsək, əvvəlki illərlə müqayisədə qeydə alınan problemlərin sayında azalma müşahidə edirik”.

“Report” xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

O bildirib ki, ən böyük nöqsan milli-mənəvi dəyərlərin qorunmaması məsələsi idi: “Həddindən artıq bayağı verilişlər, hətta bəzən xalqımıza uyğun olmayan filmlərin göstərilməsi, bəzən tok-şoular olurdu ki, orada sosial problemli insanlar üzərində müəyyən şou yaradılırdı və orada həddindən artıq söyüş, təhqir və s, süni qalmaqallar yaradırdılar. Bunlar getdikcə azalır”.

MTRŞ sədri əlavə edib ki, bundan sonra da bu sahədə görüləcək işlər daha da gücləndiriləcək: “Hesab edirəm ki, milli-mənəvi dəyərlərin qorunması elə-belə məsələ deyil. Bu, MTRŞ-nin qarşısında dayanan ən ciddi məsələlərdən biridir. İkinci vacib məsələ ana dili ilə bağlıdır. Bu sahədə addımlıar atılır və kompleks şəklində məsələyə yanaşmaq lazımdır. Təəssüf ki, ana dili ilə bağlı müəyyən problemlər var. Monitorinqlər onu deməyə əsas verir ki, artıq bəzi aparıcılarımız bundan ibrət götürməyə başlayıblar. Hər bir aparıcının dili səlist Azərbaycan dilində olmalıdır. Hər bir televiziyanın rəhbəri işçisindən, xüsusilə də aparıcıdan ilk növbədə bunu tələb etməlidir”.

Xəbər xətti