Belarusda Azərbaycanı daha çox tanıyırlar

18:19 - 6 Noyabr 2017 - KİVDF

Azərbaycan diasporu Azərbaycan gerçəklərini Belarus miqyasında yetərincə və uğurla təbliğ edirlər 

Belarsa azərbaycanlıların ilkin mühacirəti XX əsrin əvvəllərinə təsadüf edir. II dunya muharibəsindən sonra, xüsusilə, 1970-ci illər də soydaşlarımız Belarusa elm, təhsil almaq məqsədilə köçürdülər. Burada daimi məskunlaşan azərbaycanlı mühacirlər Belarusun sosial-iqtisadi həyatında mühum rol oynayıblar. 1991-ci ildən sonrakı dövrdə isə Belarusda Azərbaycan diasporunun formalaşması prosesi başlandı. Hazırda Belarusda 10 minə  yaxın azərbaycanlı yaşayır. Onların məskunlaşdığı əsas şəhərlər Minsk, Tallin, Magilyov və digərləridir. 2002-ci il noyabrın 23-də Minsk şəhərində burada yaşayan azərbaycanlıların konqresi keçirilib. 150-dən çox nümayəndənin iştirak etdiyi konqresdə Belarus Azərbaycan İcmaları Konqresi yaradılıb. Konqresin əsas məqsədi Belarusda pərakəndə halda yaşayan azərbaycanlıları vahid mərkəzdə birləşdirmək, soydaşlarımızın milli-mədəni hüquqlarını qorumaq və onların ölkənin ictimai-siyasi həyatında iştirakını təmin etməkdir. Bu qurum və ölkədə fəaliyyət göstərən digər diaspora təşkilatları burada Azərbaycan dövləti üçün lobbizmin fəaliyyəti həyata keçirir. Onlar müxtəlif ictimai institutlarda assosiasiyalarda, milli icmalarda təşkilatlansa, şübhəsiz ki, bizim ölkənin siyasi və iqtisadi maraqlarının lobbiçiliyində mühüm rol oynaya bilirlər. Onların sayəsində Belarusda Azərbaycanı daha çox tanıyırlar. Azərbaycan diasporunun Azərbaycan gerçəklərini Belarus miqyasında yetərincə və uğurla təbliğ edirlər. Məsələn, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət"  kampaniyası çərçivəsində Belarusda fəaliyyət göstərən diaspora təşkilatlarımızın həyata keçirdiyi tədbirlər 100 ildən bəri dünyaya yalanlar üfürən erməni təbliğatına ciddi şəkildə zərbə vurub. Bu kampaniya çərçivəsində  Belarusda keçirilən Xocalı soyqırımı ilə bağlı həqiqətləri yaymaq məqsədilə etiraz aksiyaları, elmi-praktik konfranslar və digər tədbirlərdə Azərbaycan diaspor təşkilatlarının fəallığı xüsusilə qeyd edilməlidir.
Xocalı faciəsinin mənəvi, siyasi və hüquqi müstəvidə tanınmasına yönələn bu kampaniya uğurla həyata keçirilməkdədir.  Bu və digər xarakterli tədbirin həyata keçirilməsi Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılması baxımından ciddi faktordur.
Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 13 fevral tarixli "Xocalıya ədalət" kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında" Sərəncamı da tarixi əhəmiyyət daşıyır və müvafiq istiqamətdə fəaliyyət göstərməyə böyük dəstəkdir. Bu kampaniya çərçivəsində əldə olunmuş nəticələr onu deməyə əsas verir ki, Azərbaycan diasporasının da dəstəyilə nəinki Belarusda, həm də beynəlxalq miqyasda lobbiçilik daha effektivdir. Artıq dünya ictimaiyyəti Azərbaycan torpaqlarının işğal olunması, Ermənistanın nəinki işğalçı dövlət olması reallığını, hətta qondarma soyqırım pərdəsi altında gizlənərək soyqırım həyata keçirdiyi faktını qəbul edir. "Xocalıya ədalət" kampaniyası çərçivəsində gənclərin rolu onların Azərbaycan diasporunun ən fəal hissəsi olduğunu da ortaya qoydu. Bu gün  Belarusda təhsil alan və yaşayan azərbaycanlı gənclər də dövlətin yaxın dəstəyi və yardımı sayəsində təhsil aldıqları ölkələrdə müxtəlif dərnəklər və ictimai birliklər yaradır.
Bu gün Belarusda həyata keçirilən tədbirlərdən biri də Azərbaycan dilinin təbliği və öyrədilməsidir.  Belarusda  diaspora təşkilatlarımızın səyi nəticəsində Azərbaycan əlifbası və Azərbaycan dili günü geniş miqyasda qeyd olunur. Bu, soydaşlarımızın ana dilini sevmək, yüksək qürur hisslərindən irəli gəlir. Bu, eyni zamanda, onların öz ana dilini dərindən bilmək, həmin dilin bütün sirlərinə, gözəlliklərinə müvəffəq olmaq, onlardan məharətlə, yerli yerində istifadə edə bilmək qabiliyyətindən irəli gəlir. Lobbiçilik fəaliyyəti elm sahəsindəki əməkdaşlıqda da özünü göstərir. Bu gün elmi əməkdaşlıq aktiv şəkildə inkişaf edir. Mütəmadi olaraq Belarus- Azərbaycan işçi qruplarının innovativ layihələrlə bağlı görüşləri təşkil edilir. Bu zaman hər iki ölkənin alimləri Azərbaycan və Belarus arasında elmi inkişafın prespektivləri haqqında müzakirələr aparır, eyni zamanda birgə əməkdaşlıq üçün yeni layihə və istiqamətləri qeyd edirlər. Belarus Respublikasının Azərbaycandakı səfiri Gennadi Axramoviç bldirib ki, son 10 il ərzində iqtisadiyyat, fizika, kimya, genetika, zoologiya sahələrində 31 birgə layihə tamamlanıb. 2016-2017-ci illər ərzində yeni birgə elmi işlər həyata keçirilib. “İqtisadiyyat sektorunda innovativ və praktiki işlətmələr yaratmaq üçün effektiv mexanizmlər yaradılıb. Elmi dairələrin birgə fəaliyyəti üçün yeni maraqlı istiqamətlər üzrə böyük potensial var: işıqdiodlu texnika, enerjiyə qənaət edən texnologiyalar, suyun təmizlənməsi, biotibb və farmakologiya, aqrar sənaye kompleksi üçün texnologiyalar, nüvə texnologiyası, lazer-optik və optik-elektron texnologiyalar. Bio- və nanotexnologiyalar, informasiya texnologiyaları və digər layihələr daha çox maraq cəlb edir.
Belarus ali məktəbləri Azərbaycanın təhsil sərgilərində beynəlxalq əsasda daimi olaraq iştirak edir. Azərbaycanın orta məktəblərinin yuxarı siniflərində təhsil alanlarla tematik görüşlər təşkil edilir ki, bununla da onlar bizim ölkəmizdə təhsil almağın üstünlükləri haqqında tam məlumat əldə edə bilirlər. Nəticədə Belarusda təhsil alan azərbaycanlı tələbələrin sayı 2008-ci ildəki 15 nəfərdən bu günədək 523 nəfərədək artıb. Azərbaycanlı tələbələrin daha çox tibb, informasiya-kommunikasiya texnologiyaları, inşaat və arxitektura, kənd təsərrüfatı sahələrində təhsil almalarına Azərbaycanda daha çox tələbat vardır”.
Bu gün lobbiçilik fəaliyyətinin nəticəsidir ki, Belarusda Azərbaycan Ticarət Evi fəaliyyət göstərir. Belarus Respublikasının paytaxtı Minsk şəhərində ümumi sahəsi 529 m² olan Azərbaycan Ticarət Evi "Made in Azerbaijan" brendinin Belarus bazarında daha çox tanıdılması, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsi sahəsində fəaliyyət göstərir. Ticarət Evində daimi fəaliyyət göstərən sərgidə 25-dən çox Azərbaycan şirkətinin istehsal etdiyi müxtəlif növ məhsullar (şərab və konyak, meyvə şirələri, kompotlar, mineral sular, tərəvəz, mürəbbələr, turşular, konservlər, bitki yağları, çay, xalça, tekstil, ipək və kosmetika malları, elektrik avadanlıqları, plastik məmulatlar və s.) nümayiş olunur.
Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev  ticarət evinin açılışında deyib ki, Azərbaycan-Belarus əlaqələrinin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulub, uğurla inkişaf eir və əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsindədir.”Dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri, ölkə rəhbərlərinin şəxsi dostluq münasibətləri əlaqələrin genişlənməsinə böyük impuls verir. Ölkələrimiz arasında birgə investisiya layihələri uğurla icra olunur. Belə layihələrdən biri də Belarusda Azərbaycan Ticarət Evinin yaradılmasıdır”
Nazir Şahin Mustafayev qeyd edib ki, qısa müddətdə bu istiqamətdə işlər sürətlə aparılıb, hər iki ölkənin sahibkarlarının iştirakı ilə biznes forum, işgüzar görüşlər keçirilib. Minskdə 2016-cı ilin dekabrında keçirilmiş biznes forumda 33 anlaşma memorandumu və 2 müqavilə imzalanıb. Bu sənədlər Azərbaycan məhsulu olan tütün, pambıq, xalça, çay, meyvə-tərəvəz və onlardan emal edilmiş məhsulların, spirtli içkilərin (şərab, konyak və s.) Belarusa ixracını, həmçinin bu ölkədən Azərbaycana bir sıra məhsulların idxalını nəzərdə tutur. Bu müqavilələrin icrasına başlanıb. Şahin Mustafayev Minskin gözəl guşələrindən birində Azərbaycan Ticarət Evinin açılmasının iqtisadi əlaqələrin, investisiya əməkdaşlığının genişləndirilməsinə, ticarətin şaxələndirilməsinə töhfə verəcəyini vurğulayıb, göstərilən dəstəyə görə Belarus hökumətinə minnətdarlıq edib.
Belarusun Xarici İşlər naziri Vladimir Makey isə bildirib ki, ölkələrimiz arasında əməkdaşlığın inkişafında, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi əhəmiyyətlidir. Belarusun Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir., qarşılıqlı əlaqələr bundan sonra da genişlənəcəkn Belarus Xarici işlər naziri Azərbaycan Ticarət Evinin fəaliyyətə başlamasının iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm addım olduğunu bildirib.
Azərbaycanın Belarus Respublikasındakı səfiri Lətif Qəndilov vurğulayıb ki, Azərbaycan artıq "Made in Azerbaijan" brendi ilə dünya bazarlarına çıxır. Belarusda açılan Azərbaycan Ticarət Evi buna bir misaldır. Səfir bildirib ki, Azərbaycan məhsulları Belarusda yaxşı tanınınr və Azərbaycan Ticarət Evinin açılması Azərbaycan məhsullarının heç bir vasitəçi olmadan Belarusa birbaşa ixracı üçün gözəl imkan yaradır.

(ardı var)

Xəbər xətti